“Uşağımın boğazından kəsib pulla su alıram”

“Bilmirəm ki, Abşeron rayonu Bakıya, yoxsa ABŞ-a baxır”

Abşeron rayonu Məhəmmədli kənd sakinləri susuzluqdan əziyyət çəkirlər. Kəndə qrafiklə – 3 gündən bir verilən su da gecikmələrlə özünü çatdırır.

“Su 3 gündən bir verilir. Bilirik ki, sabah su veriləcək. Harasa getmək lazımdırsa da, evdə qalmağa məcbursan. Su gələcək, çənimi doldurub ehtiyacımı ödəməliyəm. Uşaq məktəbə, kişi işə gedirsə, bir gün su olmayanda məcbursan ki, qonşudan gedib istəyəsən. Belə ötüşdürürük. Bir də var ki, güclü gələ, vurub dolduraq, istifadə edək. Hamımız qənaət edirik ki, 3 gün ötüşsün. Su olmasa, həyat yoxdur”- Məhəmmədli kənd sakini Xəyalə Yusubova deyir.

Məhəmmədli camaatı üçün suyu qənaətlə istifadə etmək vərdiş halı alıb. Su ehtiyatları  3 gündən daha tez bitərsə, ya susuz qalacaqlar, ya da əlavə ödənişlə su almalı olacaqlar.

“Elə bil ki, bu çəni 10 manata doldururlar. Evimdə su olmayanda boğazımdan kəsməyə məcbur oluram. Uşağımın geyimindən, yeməyindən kəsirəm, suya pul verirəm”- Zivər Əliyeva danışır.

“Suyu 3 gündən bir verirlər. Guya deyirlər ki, 7 saat veririk, amma heç 3-4 saat da vermirlər”.

“Bizə su gəlməsi üçün nə etməliyik? Təklifləri nədir? “Azərsu” işçilərinə də demişəm ki, sizin hər hansı təklifiniz varsa, bildirin. Bəlkə biz şəxsi vəsaitimiz hesabına haradansa su çəkib gətirək ki, bu bəladan canımız qurtarsın? Bir yerə qonaq getmək olmur ki, bu gün su gələn gün olacaq. Bu gün də su gəlmədi. Zəng edirsən ki, qardaş, niyə su gəlmədi. Hə, partlayıb, xətlərdə problem var. Vallah bu, yaşayış deyil”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, sözügedən ərazidə mərkəzləşdirilmiş su sistemi yoxdur. Buna görə də kəndlərə su qrafiklə verilir. Gələcək illərdə su anbarlarının tikilməsi planlaşdırılır. 

“Biz sularımızı motorla işlədirik. Gündəlik axar suyumuz olmadığı üçün məcburuq ki, motorla vuraq”.

“2019-2023-cü il Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramında Abşeron rayonunda qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi göstərilib.

Ana səhifəVideo“Uşağımın boğazından kəsib pulla su alıram”