Lənkəran sakini: “Heç bilmirəm, sosial yardımın vaxtı bitəndə neyləyəcəyik”
Anar Rəfiyev 7 nəfərlik ailəsi ilə Lənkəranın Girdəni kəndində kirayədə yaşayır. O, doğma yerlərdə ev tikməyə çalışıb, amma işi başa çatdırmağa imkanı çatmayıb.
“Hamam-tualet üçün qonşuya gedirik”
Anar Rəfiyev danışır ki, uzun illərdir evsizdir. Xeyli müddət Bakıda qalıb, kirayədə yaşayıblar. Paytaxtda iş tapsa da, çox çətin dolanırlarmış. Sonra Şamaxıya həyat yoldaşının valideynlərinin evinə üz tutub:
“Orada da sıxılırdım, utanırdım. Qayınananın evində nə qədər qalmaq olar?! Qərara gəldim ki, doğulduğum kəndə qayıdım. Kirayə qala-qala ev tikmək istədim. İndi öhdəsindən gələ bilmirəm”.
İndi ailə Girdənidəki köhnə binaların birində kirayədə yaşayır. Bina çox yararsız vəziyyətdədir.
“Çox köhnədi. Yay abrının üstünü örtür. Havalar soyuyanda yağan yağış evin içində olur. Damdakı bütün şiferlər qırıqdı. Payız gələn kimi suyun içində olacağıq”, – Girdəni sakini danışır.
Ailənin yaşadığı otaqlar sanki heç vaxt təmir görməyib. Tavandakı ləkələr Anar Rəfiyevin evin damması ilə bağlı dediklərini təsdiqləyir: “Evi tikmişik, yarımçıq qalıb. Davam elətdirməyə imkan olmadı. Buradakı vəziyyətdən də danışmağa dəyməz. Su yoxdu. Həyətdə quyu qazılıb, ordan vedrə ilə daşıyırıq. Hamam-tualet üçün qonşuya gedirik”.
“Evi tikmək üçün faizə pul götürmüşdüm”
Ailə Girdənidə tikməyə başladığı evi cəmi 12 daş qaldıra bilib. Anar Rəfiyevin dediyinə görə, ev tikmək üçün faizə pul götürübmüş, indi yaşıllaşdırma idarəsindən aldığı 240 manat məvacibin hamısı borca gedir.
“Təkcə sosial yardımın ümidinə qalmışıq. Bu pulla həm kirayə haqqı ödəyirik, həm kommunal xərclər, həm də yaşamağa çalışırıq. İnanın, konkret dolanmaq mümkün deyil. Heç bilmirəm, sosial yardımın vaxtı bitəndə neyləyəcəyik”, – kənd sakini qayğılı danışır.
Anar bəyin həyat yoldaşı Gülnarə Rəfiyeva bir müddət əvvəl sosial şəbəkələrdə insanlardan kömək istəmək qərarına gəlib. Dediyinə görə, indiyə qədər heç kim reaksiya verməyib: “İnternetdə baxırıq, bilirik ki, camaatın vəziyyəti yaxşı deyil. Heç kimi qınamaq olmur”.
Anar Rəfiyev iki dəfə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini bildirir. Daha çox evin tikilməsi üçün yardım istəyib: “İcra Hakimiyyətinə yönəldilmişdi. Ordan da dedilər ki, bizim hələ imkanımız yoxdu”.
“Mən də, həyat yoldaşım da çox ac qalırıq”
Rəfiyevlər ailəsində beş uşaq böyüyür. Böyüyünün 8, kiçiyinin 1 yaşı var. Ana, ata həm də uşaqları qidalandırmaq qayğısı çəkir.
“Evə ət almağa imkanım olmur. Hərdən toyuq ala bilirəm. İndi yaydı, yumurta, pomidor alıb, birtəhər keçinirik. Mən də, həyat yoldaşım da çox ac qalırıq. Lap soğan-çörək də yeyirik. Bircə dərd uşaqların ac qalmamasıdır. Sağ olsunlar, qonşular da kömək eləyir. Əslində, hamı çətinlik içindədi. Bizim vəziyyətin ağırlığını görüb öz dərdləri də yaddan çıxır”, – Anar Rəfiyev deyir.
Anar Rəfiyev necə əziyyət çəkmələrindən çox danışır. Bir əhvalata təsirlənməmək olmur: “Üçüncü uşaq bağça yaşındadı. Amma xəstədi, tutması olur. Bir dəfə qızdırmadan yanırdı, Girdənidən Lənkərana qucağımda piyada apardım onu. Lənkəranda həkim resept yazdı, aptekə girdim, dərmanlara pulum çatmadı. Uşağa bir az hava dəydi, özünə gəldi. Həmin yolu piyada geri qayıtdıq…”