Ürək döyündürən Kiyev qızları

Onun sözləri mənə şillə kimi dəydi

Source:

Keçən həftə nişanlımla şəhərə çıxmışdıq. Birdən mənə etiraz etdi: “Məndən çox ətrafdakılara baxırsan”. Gördüm bir az inciyib də. Həqiqətən, ətrafdakılara bir az görməmiş kimi baxırdım. Nişanlımın xətrinə dəymək istəməzdim, amma düz bir aydan çox idi ki, mərkəzə getmirdim. Düzünü desəm, getməyə imkanım yox idi. Ağlaşma qurmuram, sadəcə, olanı deyirəm.

Hər yerdə dediyimi burda da deyim, “səxavətli” hökümətimiz əlilliyimə görə mənə ayda 127 manat pul verir. Ölkəmizdə əlil arabasından istifadə edənlər ictimai nəqliyyatdan istifadə edə bilmirlər. İnfrastruktur buna imkan vermir. Təkcə London taksilərində pandus olduğundan, onunla kifayətlənməli oluruq. Mən hər dəfə yaşadığım Əhmədli qəsəbəsindən şəhərin mərkəzinə gedib-gəlmək üçün 20-25 manat ödəməli oluram.

Başınızı ağrıtdım, bilirəm, qüsuruma baxmayın. Bunlar, sadəcə, detallar idi. Qayıdaq o baxışıma. Qəza keçirməmişdən əvvəl çox aktiv həyat tərzi keçirdiyim üçün, demək olar ki, günümün çox hissəsini həyətdə, məşq zallarında, stadionlarda, kinoteatrlarda – bir sözlə, insanların sıx olduğu məkanlarda keçirərdim. Əlil arabasına oturandan sonra yuxarıda sadaladığım yerlərə ildə bir dəfə güclə gedirəm.

Günümün çoxu evdə keçdiyi üçün bacım, nişanlım və valideynlərimdən başqa çox az adam görürəm. Arada qohum-əqrəbadan, dost-tanışdan kimsə gələndə çox sevinirəm. Hərdən anama deyirəm, əlil arabamı  mətbəxdəki pəncərənin yanına qoysun, həyətə baxım… Pəncərədən küçədə gəzişən adamlara baxmaq çox gözəldir. Bunu adətən payız və qış aylarında edirəm. Yayda ara-bərə məhləyə düşə bilirəm. Məhəlləmizdəki insanları görmək məni çox sevindirir. Hətta insanlar mənə rəhm dolu gözlərlə baxsalar belə, onları görəndə xoşbəxt oluram. Bu hissləri mənim kimi əlilliyi olanlar yaxşı başa düşər. Onların çoxunun həyətə çıxmaq imkanı yoxdur.

Buna görəd də, əlimə düşən hər fürsətdən, sözün yaxşı mənasında, yararlanıram. Əsas devizlərimdən biri, hər zaman özümü inkişaf etdirmək və bol məlumat yığmaqdır. Keçən ay Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və “British Council” tərəfindən dəstəklənən “Bərabər və Məsuliyyətli Cəmiyyət üçün inklüziv qərarlar” (IDEAS) layihəsi çərçivəsində Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Bizim üçün, bizsiz heç nə” təlimçilər üçün treninqində iştirak etdim.

Layihənin əsas məqsədi əlilliyi olan insanların cəmiyyətdə bərabər hüquqlu şəxslər kimi formalaşması üçün inkluziv qərarların verilməsinə nail olmaq idi.

Treninqdəki iştirakım mənə çox şey qazandırdı. Çoxlu insanlarla tanış oldum, yeni məlumatlar əldə etdim, televizorda gördüyüm və internetdə oxuduğum şeyləri realda gördüm. Sağ olsunlar, qrupumuzda iştirak edən həmyerlilərimiz mənə çox yaxşı dəstək oldular.

Koordinatorumuz Səbinə xanım bir dəfə məni qəşəngcə danladı. Dedi ki, bədbin olma, elə olsan, insanlar səninlə münasibətdən çəkinəcəklər. Çalış, şikayət etməkdən uzaq olasan. Onun əvəzinə özün nəsə etməyə çalış. Çünki şikayət insanlara mənfi aura ötürür. Sənə qarşılaşdığın əngəllərə görə kömək etmək istəyənləri rədd etmə. Dediklərində böyük həqiqət vardı. Həmin sözlər mənə şillə kimi dəydi. Bəlkə də, mən bunları özümdə görmürdüm. Nə yaxşı ki, Səbinə xanım xatırlatdı. Özümə söz verdim ki, daha çox gülümsəyəcəm və gülümsədəcəm. Necə deyərlər, qaranlığı qınamaqdansa, özün bir işıq yandır.

Treninqdə iştirakçıların həm rus, həm də ingilis dilində çıxış etmək hüququ var idi. Diqqətimi cəlb eləyən məqam Gürcüstan komandasının  ən çox ingilis dilində danışmağı idi. Bəli, bu gün Gürcüstan Rusiyadan ayrılıb, Avropaya və NATO-ya inteqrasiyaya başlayıb.

İndi, bəlkə də, daha yaxşı anlaya bilərsiniz ki, Kiyevdə bir həftə ərzində necə sevincli olmuşam. İştirakçılar hərəsi sanki ayrı-ayrı dünya idilər. Hərəsi öz sahəsi üzrə peşəkar idi. Hər birindən nəsə öyrənməyə çalışırdım.

Bir az Kiyev haqqında da yazım. İki ay qabaq Krımda olduğum üçün,  oranın Rusiya tərəfindən işğalına üzülmüşdüm. Yarımada maddi və mənəvi cəhətdən sarsılmışdı. Rusiya-Ukrayna münaqişəsində cəsur ukraynalıları dəstəkləyirəm. Ona görə bu münaqişə başlayandan hadisələrin mənbəyi və kulminasiyası kimi yadda qalan Kiyevdəki “Maydan”ı görmək istəyirdim. Çox şükür, gördüm. İnsanların üzündən qürur və xoşbəxtlik oxunurdu. Maydanda gəzərkən isə, əsl azadlıq və mübarizlik aurasını hiss edirdim. Kiyevdə insanların 80-85 faizi bu gün əlinə silah alıb, düşmənə qarşı döyüşməyə hazırdır. Bu milli ruhu onlarda oyadan və stimullaşdıran yerli televiziya kanallarıdır. Onların kanallarını izləyərkən Azərbaycanın milli kanallarının nə gündə olduğunu yadıma salıb utandım. Müharibə şəhərində olan ölkə bax belə döyüş əzmində olar.

Qayıdanda Bakıda nişanlıma  təəssüratlarımı danışanda dedim, nə yaxşı, Kiyevə yayda getməmişəm, yoxsa ürək ağrısı tapardım. Nişanlım elə bildi, müharibəni nəzərdə tuturam. Ona başa saldım ki, mən Kiyevdə eybəcər qız görmədim. Bir çoxu havanın soyuq olmasına baxmayaraq, dəblə və açıq geyinirdilər. Onlara baxanda ürəyim tez-tez döyünürdü. Nişanlım dedi:

– Yaya qədər pul yığıb səni Kiyevə göndərəcəm. Orda ürək xəstəliyi tapıb gələrsən…

Ana səhifəMənim FikrimcəÜrək döyündürən Kiyev qızları