Universitetlərdə əyani tədris: BDU-da izdiham yaşandı

“18 yaşı tamam olmayan tələbələr dərsə gəlməmişdən əvvəl koronavirus testi verməli və cavabları universitet rəhbərliyinə təqdim etməlidirlər”

Source: Specify Source


Günel Orucova: "Vaksin pasportu fərdi qaydada yenidən yoxlanılır"

Sentyabrın 29-da Bakı Dövlət Universiteti (BDU) qarşısında izdiham yaşanıb.

Foto və videolar sosial şəbəkələrdə yayılıb.

İzdihamın səbəbi COVID-19 pasportunun yoxlanmasına görə olduğu bildirilir.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Meydan TV-yə bildirib ki, izdihama universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlməsi səbəb olub: “Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki, mümkün deyil. Amma universitetin ərazisində hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yenidən yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.

18 yaşı tamam olmayan birinci kurs tələbələrinə gəlincə, Günel Orucəliyeva bildirib ki, onlardan koronavirus testinin cavabları istənilib: “18 yaşı tamam olmayan tələbələr dərsə gəlməmişdən əvvəl koronavirus testi verməli və cavabları universitet rəhbərliyinə təqdim etməlidirlər. Bu gün həmin tələbələri bu qayda əsasında dərslərə buraxdıq”.

Nazirlər Kabinetinin yeni qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşdan yuxarı hər kəs COVID-19 sertifikatı təqdim etməlidir.

Vaksinə əks göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.

Sentyabrın 29-da Azərbaycanda bütün ali məktəblərdə əyani tədris bərpa olunub.

Ana səhifəSosialUniversitetlərdə əyani tədris: BDU-da izdiham yaşandı