Nazim Məmmədov: ”Neftin qiyməti aşağı olduğundan dövlət xərclərə nəzarət etməyə üstünlük verir”
2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27 mlrd. 2,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə(DSK) istinadən yaydığı məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 38,5%-i sənayedə, 11,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,1%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,3%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-i təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 809,7 manata bərabər olub.
İqtisadçı, sabiq deputat Nazim Məmmədov tikinti sektorundakı durğunluğu insanların real gəlirlərinin azalmasında görür.
N.Məmmədov Meydan TV-yə bildirdi ki, qeyri-neft sektoru olan tikinti sektorundakı canlanma əsas etibarilə xarici ölkələrdə yaşayan azərbaycanlıların mənzil almsı ilə bağlı idi: “Eyni zamanda, dövlət büdcəsi hesabına dövlət investisiyalarından qoyulan yatırım hesabına tikinti sektoru inkişaf edirdi. Ötən ildən isə dövlətin əsaslı vəsait qoyduğu investisiyalar azalıb, həmçinin Rusiya və Ukraynada baş verən devalvasiyalar nəticəsində azərbaycanlı əmək miqrantlarının gəlirləri də kifayət qədər azalıb. Nəticədə, bir çox tikinti şirkətlərinin layihələri yarımçıq qalıb”.
N.Məmmədov qeyd etdi ki, neftin qiyməti aşağı olduğundan dövlət xərclərə nəzarət etməyə üstünlük verir: “Prezidentin bir neçə dəfə bəzi qurumların səmərəsiz xərclərdən uzaq durması barədə verdiyi tapşırıqları nəzərə aldıqda mənzərə aydın olur”.