Ukraynaya dəstək verən gürcülər öz hakimiyyətlərinə qarşı çıxdı

Tiflis, 25 fevral. Mənbə: Twitter

Aksiyaçılar Baş nazirə xitabən “Get, get” şüarları səsləndirib

Gürcüstanda Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün planlaşdırılan nümayişlər hakimiyyətin Rusiyanın işğalına reaksiya verməməsi səbəbindən qəti şəkildə hökumət əleyhinə çevrilib.

Gürcüstanın paytaxtı Tbilisidə hökumət binasının qarşısında minlərlə insan aksiyaya çıxıb. Onlar Baş naziri İrakli Qaribaşvilinin Ukrayna məsələsində tutduğu mövqeyə görə onun istefasını tələb edir.

Aksiyaçılar Baş nazirə xitabən “Get, get” şüarları səsləndirib. Bundan əlavə istefaya çağırışları Ukraynaya dəstək şüarları ilə növbələşir.

Baş nazir İrakli Qaribaşvili fevralın 25-də səhər saatlarında ölkəsinin Ukraynada hərbi əməliyyatların başlamasından sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə-iqtisadi sanksiyalara qoşulmayacağını bəyan edib. O, Ukrayna xalqına dəstəyini ifadə etmək üçün Kiyevə uçacağını da istisna edib.

Vahid Milli Hərəkat, Lelo, Girçi – Daha Azadlıq, İşçi Partiyası və Avropa Gürcüstanı kimi müxalifət partiyaları da daxil olmaqla hökumət tənqidçiləri hökuməti Ukraynaya dəstəkdə daha güclü mövqe tutmamaqda qınayıblar.

Cümə günü “Gürcü Arzusu”nun deputatları Ukraynadakı vəziyyəti müzakirə etmək üçün prezidentin çağırdığı parlamentin növbədənkənar iclasını boykot ediblər və bu, kvorumun olmamasına gətirib çıxarıb.

“Gürcü Arzusu” millət vəkilləri müxalifətin tələbi ilə keçirilən iclasın “sadəcə şou üçün” olacağını bildiriblər.
Baş nazir İrakli Qaribaşvili 1921-ci ildə Sovet Ordusu tərəfindən öldürülən gürcü əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən, Gürcüstanın Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağına söz verdikdən sonra qəzəb daha da artdı.

Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dünya ölkələri bu ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib, o cümlədən Rusiya bankları, yüksək rütbəli hökumət və hərbi məmurlar, iri dövlət şirkətləri və tanınmış oliqarxlara.

Həmçinin cümə günü deputat Xatia Dekanoidze gürcülərə Qaribaşvilinin Rusiyaya sanksiya tətbiq etməmək vədi ilə razılaşmadıqlarını göstərmək üçün onlayn petisiyaya başlayıb.

Ana səhifəDünyaUkraynaya dəstək verən gürcülər öz hakimiyyətlərinə qarşı çıxdı