Ukraynada valideynləri həlak olan 3 uşaq Azərbaycana gətirilib

Xarkov. Foto: Meydan TV

XİN: “Uşaqlara hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək”

Valideynləri Ukraynanın Xarkov şəhərində həlak olan 3 yetkinlik yaşına çatmayan azərbaycanlı uşaq mayın 4-də Rusiyadan Azərbaycana təxliyə edilib.

Bu baradə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, uşaqların valideynləri Xarkovda həlak olan Azərbaycan vətəndaşı Emin Mahmudov və Ukrayna vətəndaşı Lyudmila Mahmudovadır:

“Valideynləri həlak olduqdan sonra 2007-ci il təvəllüdlü Renata Mahmudova, 2010-cu il təvəllüdlü David Mahmudov və 2017-ci il təvəllüdlü Dayana Mahmudova Rusiya ərazisinə keçiriliblər”.

“Uşaqların Azərbaycana repatriasiya edilməsi üçün dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib. Daha sonra hər iki ölkə səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib”, – deyə nazirlik vurğulayıb.

Foto: XİN

Azərbaycan hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcəyi və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işinin davam etdiriləcəyi qeyd olunub.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəSiyasətUkraynada valideynləri həlak olan 3 uşaq Azərbaycana gətirilib