Qanun layihəsi Prezident Administrasiyasına təqdim edilib
Oktyabrın 20-də Ukraynada bir qrup deputat və fəal Prezident Administrasiyasına Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı qanun layihəsi təqdim edib.
Məlumatı “Ukrainskaya pravda” saytı yazıb. Bu təşəbbüsü “Özünə kömək” fraksiyasından deputat Egor Sobolev və heç bir fraksiyanın üzvü olmayanYuriy Levçenko irəli sürüblər.
Oktyabrın 17-dən Ali Radanın qarşısında etiraz aksiyası keçirilir.
Aksiyanı Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” Partiyası, habelə “Batkivşina”, “İctimai mövqee”və digər siyasi partiyalar təşkil edib.
Azadlıq Radiosu yazır ki, hazırda Prezident Administrasiyasının qarşısına 500-dək adam toplaşıb və fəallar sənədi təqdim etdikdən sonra yenidən Ali Radanın qarşısındakı cadır düşərgəsinə dönüblər.
Ali Rada bir gün əvvəl parlamentə seçki qaydalarının dəyişdirilməsi ilə bağlı 3 qanun layihəsindən heç birini qəbul etməyib.
Aksiyaçılar deputat toxunulmazlığının ləğvini, antikorrupsiya məhkəməsi yaradılmasını və seçki qanununun dəyişdirilməsini tələb edirlər.
Parlament bundan əvvəl Konstitusiya Məhkəməsinə deputat toxunulmazılığının ləğvi ilə bağlı iki qanun layihəsi göndərib.
Onlardan birini prezident Petro Poroşenko, digərini isə deputatlaq qrupu hazırlayıb.
Saakaşvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.
2016-cı ildə Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.
Gürcüstan hökuməti isə Saakaşvilinin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.
Saakaşvili ittihamları rədd edir.