Ukrayna ordusu Limanı mühasirəyə alıb

Ukrayna, Donetsk. Foto: Reuters

Denis Puşilin: “Ukaynalılar əraziyə ciddi qüvvələr gətirib”

Ukrayna Silahlı Qüvvələri (AFU) Liman şəhərini mühasirəyə alıb.

Bunu “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin “Telegram” kanalında yazıb.

Eyni zamanda, Puşilin əlavə edib ki, Svatovodan gələn yol Rusiya və “respublika” qoşunlarının nəzarətində qalır:

“Ancaq həmin yol vaxtaşırı atəşə tutulur. Uşaqlarımız döyüşür, ehtiyatlarımızı artırırıq, sağ qalmalıyıq, amma ukaynalılar da əraziyə ciddi qüvvələr gətirib. Çox xoşagəlməz xəbərdir, lakin biz vəziyyətə ayıq baxmalı və səhvlərimizdən nəticə çıxarmalıyıq”.

Ukrayna Silahlı Qüvvələri də Limanın cənub-şərqində yerləşən Donetsk bölgəsindəki Yampola daxil olduğunu təsdiqləyib.

Liman şəhəri Donetsk vilayətinin şimalında yerləşən mühüm dəmir yolu qovşağı hesab olunur.

Şəhərdə Rusiyanın 20-ci ordusunun bölmələri, BARS xüsusi təyinatlı dəstəsi və “LNR” qüvvələrinin mühasirədə qaldığı artıq təsdiqlənib.

Sentyabrın 29-da “DXR” Limandakı gərgin vəziyyət barədə məlumat yaymışdı.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkələri Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaUkrayna ordusu Limanı mühasirəyə alıb