“Ukraynanın bütövlüyü müzakirə və ya kompromis mövzusu ola bilməz”
Ukrayna Xarici İşlər Nazirliyi Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “Krımın BMT mandatına verilməsi” təşəbbüsünə sərt reaksiya verib.
Nazirlik bəyan edib ki, Krımın ərazi statusu və Ukraynanın bütövlüyü müzakirə və ya kompromis mövzusu ola bilməz.
“Krım Ukraynadır və Avropa təhlükəsizlik arxitekturasının ağırlıq mərkəzidir. Onun tam bərpası yalnız Ukraynanın bütün ərazisinin, o cümlədən Ukrayna yarımadasının tam işğalından azad edilməsindən sonra mümkündür”, – Ukrayna Xarici İşlər Nazirliyinin sentyabrın 19-da axşam dərc olunan şərhində deyilir.
Sentyabrın 18-də Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirilən konfransda deyib ki, yarımada həm Moskva, həm də Kiyev üçün mühüm əhəmiyyət kəsb edir, ona görə də tərəflər sülh şərtlərini müzakirə etməyə başlasalar, Krımın demilitarizasiyası olmadan razılığa gələ bilməyəcəklər:
“Ona görə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım BMT mandatına verilə bilər. Biz Krımın qanuni sakinlərinin kim olduğunu və buna bənzər məsələləri yoxladıqdan sonra ədalətli referendum hazırlamaq missiyası ilə onu BMT mandatı altına qoya bilərik. Və biz bunu 20 il təxirə sala bilərik”.
İlhaq edilmiş Krımın parlamentinin rəhbəri Vladimir Konstantinov da öz növbəsində Polşanın BMT mandatı altında “orada məsuliyyətli, vicdanlı hökumət qurulmayana qədər” təhvil verilməsinə təşəbbüs göstərməyi təklif edib.
Ancaq Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, bütün səylər Ukraynanın və beynəlxalq hüququn maraqları hesabına bu və ya digər şəkildə Kremlin iştahını təmin etməməyə yönəldilməlidir.
2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq edilib. Ukrayna bu ərazilərə Rusiyanın işğalı altında olan Krım Muxtar Respublikası və Sevastopolun xüsusi statuslu şəhəri kimi baxır.
Beynəlxalq ictimaiyyət ilhaqı tanımır və Krımı Ukrayna ərazisi hesab edir.
Müharibənin xronikası
2022-cil ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.