Ukrayna açıqladı: müharibədə 9 minə yaxın ukraynalı həlak olub

Ukrayna. Foto: Meydan TV

Valeri Zalujnı: “Bizim övladlarımızın heç bir günahı yoxdur”

“Rusiya ilə müharibədə artıq 9 minə yaxın ukraynalı həlak olub”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı avqustun 22-də “Müdafiəçilər Roll Call” forumunda deyib.

Ancaq Valeri Zalujnı konkret hansı dövrdən danışdığını (2014-cü il və ya 2022-ci il 24 fevraldan sonra) dəqiqləşdirməyib.

“Müharibədə nəinki hərbi qulluqçular, hətta azyaşlı uşaqlar da həlak olurlar. Bizim övladlarımızın heç bir günahı yoxdur, onların yeganə “günahı” yalnız burada doğulmalarıdır. Onlar, həqiqətən, nə baş verdiyini anlamırlar. Lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var. Çünki onların ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər”, – deyə Zalujni söyləyib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaUkrayna açıqladı: müharibədə 9 minə yaxın ukraynalı həlak olub