AFFA seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyib
Sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilən konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib.
Komanda.az
saytının məlumatına görə, seçkidə Azərbaycan da daxil olmaqla, UEFA-nın üzvü olan 55 futbol federasiyası səs verib. Prezidentliyə iki nəfər – Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) iddia edib. Seçkinin nəticəsinə əsasən, Çeferin UEFA-nın yeni prezidenti seçilib.
Sloveniyalı futbol funksionerinə UEFA-nın 55 üzvündən 42-si səs verib. Digər namizəd – Mixael van Praaq isə 13 səs toplaya bilib.
AFFA seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyib.
UEFA prezidenti vəzifəsinə seçkinin keçirildiyi konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Qurumun əvvəlki prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün futboldan uzaqlaşdırılıb.