Rusiyalı milyarderin klubu Bakıda sevinən tərəfdir
UEFA Avropa Liqasının final oyunu ötən günü Bakıda baş tutub.
Olimpiya Stadionunda İngiltərənin iki klubu “Arsenal” və “Çelsi” üz-üzə gəliblər.
Birinci hissədə hesab açılmasa da, ikinci hissədə komandalar ümumilikdə 5 qol vurublar və oyun rusiyalı milyarder Roman Abramoviçin sahibi olduğu “Çelsi” klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İkinci hissənin ilk 20 dəqiqəsində Olivye Jiru, Pedro Rodriqes və Eden Azarın “Arsenal”ın torunu silkələyib.
Ardınca “Arsenal”ın oyunçusu Aleks İobi bir cavab topu vursa da, Olivye Jirunun ötürməsindən sonra Eden Azar hesabı 4:1 edib.
Kuboku qaliblərə UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.
Final oyunu bir neçə qalmaqalla yadda qalıb. “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan ona verilən təhlükəsizlik təminatına baxmayaraq Bakıya gəlməkdən imtina edib ki, bu da futbol ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Bir hissə erməni futbolçunu, bir hissə rəsmi Bakını tənqid edib.
Bundan başqa Avropada yaşayan futbol azarkeşləri Bakıya yolun uzun olması, Avropanın bir çox şəhərlərindən Bakıya birbaşa aviareyslərin olmaması, yola çəkdikləri xərcin çox olmasını əsas gətirərək, UEFA-nın qərarını tənqid ediblər.
İstənilən halda Azərbaycan gələcəkdə belə yarışların ona verilməsini istəyirsə, səslənən obyektiv tənqidlərdən nəticə çıxarmalıdır.