Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçiriləcək
AFFA 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsi ilə bağlı məlumat yayıb. Qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, bu çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq və turnir ərzində oynanılacaq 31 qarşılaşma Bakı şəhərində yerləşən Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Çempionatın rəsmi püşkatma mərasiminin 8 aprel 2016-cı il tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək. Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1.000.000 avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.
“Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci il təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldo, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir.
2015-ci ildə U-17 Avropa çempionatı Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.
2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir” – məlumatda qeyd olunur.