“İqtisadi komanda təşəbbüskar deyil, statik və özünüqoruma instinkti ilə davranır”
Dövlət Statistika Komitəsinin (DSK) ən son açıqladığı məlumatdan aydın olur ki, son bir ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) cəmi 0,5 faiz artıb.
2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə istehsal olunan 100,9 milyard manatlıq ÜDM əvvəlki illə müqayisədə cəmi 0,5 faiz çoxdur.
Bu rəqəmdən aydın olur ki, əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.

İqtisadçı Natiq Cəfərli bildirir ki, hökumətin yeni iqtisadi komandasına müəyyən ümidlər var idi, lakin bu ümidlər özünü doğrultmadı. Azərbaycan iqtisadi aktivlik göstəricilərinə görə, kəskin geridə qalıb:
“ÜDM artımı cəmi 0,5 faiz olub ki, bu da artım deyil, əslində, resessiyanın müjdəsidir”.
Natiq Cəfərli deyir ki, iqtisadi komanda təşəbbüskar deyil, statik və özünüqoruma instinkti ilə davranır. İqtisadiyyat Nazirliyi isə iqtisadiyyatda baş verənlərə aydınlıq gətirmək yerinə, qəliz terminlərlə, dünyadakı trend mövzulara istinad edir, iqtisadiyyatda baş verən geriləməni ört-basdır etməyə çalışır:
“Gürcüstanda ÜDM bu il 6,8, Qazaxıstanda 4,7, Özbəkistanda 5,8, Moldovada 2 faizdən bir az çox artıb. Ermənistanı qeyd etmədim, çünki o ölkədə iqtisadi artım orqanik və dayanıqlı deyil, bu da Rusiyanın sanksiyalardan yan keçməsinə dəstək verdiyinə görədir. Bizdə isə ÜDM cəmi 0,5 faiz artıb. Vaxt var idi hökumət ÜDM artımını “analoqu olmayan artım” kimi təqdim edirdi. İndi vəziyyət dəyişib, çünki həm neft hasilatı düşür, həm də iqtisadi aktivliyin azalması müşahidə olunur. Bu, tək idarəetmənin fəsadları deyil, həm də iqtisadi komandanın günahıdır”.

İqtisadçının sözlərinə görə, hökumətin vergi-gömrük siyasəti doğru deyil, iqtisadi azadlıqlar təşviq edilmir, məhkəmə hakimiyyəti müstəqil və çevik deyil, özəl sektoru boğmaq yox, kömək etmək lazımdır. Amma yanaşmaları tərsinədir – kiçik, mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV məsələsində güzəşt etmək, ərzaq və dərmanların pərakəndə satışında ƏDV-ni azaltmaq istəmirlər:
“Bir sözlə, iqtisadiyyat həyacan təbili çalır, məmləkətin isə getdikcə artan xərcləri var, təkcə, işğaldan azad olunan torpaqların bərpasına yaxın 5-6 ildə 60 milyard manat əlavə vəsait lazımdır. Bu vəsaiti tək büdcə hesabına qarşılamaq mümkün deyil, özəl təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır. Bunun üçün isə biznes-dostu hökumətə ehtiyac var. Bizim hökumət isə özəl sektoru yolmaq üçün yeni yollar icad etməyə çalışır”.
DSK-nın məlumatından o da aydın olur ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.
2024-cü ilin proqnozlaşdırılan 34.173 milyard manatlıq dövlət büdcəsi gəlirlərinin 19.567 milyardı və ya 57,3 faizi dövlət sektorunun ödəmələri hesabınadır.
İqtisadçı Rövşən Ağayev deyir ki, rəsmi məlumatlarda ÜDM-nin formalaşmasında dövlət sektorunun payı 14 faizdən az göstərilir. Onun sözlərinə görə, büdcənin dövlət sektorundan asılılığı neft-qaz gəlirlərində olduğundan daha kritikdir.