Ucuz tapılar, təki oxuyun!

İdman zallarının dolu, kitab dükanlarının boş olduğu ölkədə

Source:


Bildiyimiz kimi TV lər indiki zəmanənin ən yaxşı təbligat vasitəsidir. Kanallarımızın indiki vəziyyəti hamıya məlumdur. O yaranı qaşımaq fikrim yoxdur. Amma əksəriyyətin TV-lərlə qidalandığını nəzərə alsaq, ədəbi təbliğatın kütləyə ancaq müsbət təsiri olacağını düşünə bilərik. Bu programlar çox baxımlı olmayacaq. Bəllidir. Amma bir yerdən başlamaq lazımdır.

Təhsil verilməyən və ya təhsil almayan gənclik silahın özünə çevrilməsi deməkdir. Təhsil bir xalqın inkişaf etməsi, gələcəyinin parlaq olması üçün ən önəmli silahdır. Təəssüflər olsun ki, biz hələ bunu anlamırıq və ya anlamaq istəmirik. Kitabları təblig etmək lazımdır efirlərdə. Tanınmamış da olsa, bir yazarı efirə dəvət edib, onunla ədəbiyyat haqda geniş müzakirələr aparılmalıdır. Bayağı söhbətlərə qarnı tox, ədəbi mövzulara ac bir gənclik yetişib axı ölkədə.

Şəhərdə kitab dükanları azdır. Beş il əvvəl daha da az idi, amma yavaş-yavaş da olsa, kitab dükanlarının və satışlarının sayının artdıgının şahidi oluruq. Amma bu hər şey demək deyil. Azərbaycanın Bakıdan ibarət olmadığını anlamaq lazımdır. Çox uzağa getməyək, gürcü xalqı bizdən nə qədər irəlidədir.

100 il öncə necə fikirləşirdiksə, indi də o cür. Oxumağa əvvəl Qoriyə gedən gənclər indi Qərbə axışır. Bir-iki əsr öncəki insanlarımızdan tək fərqimiz texnologiyanın inkişafıdır. Əlimizdə “ağıllı telefon”ların olması nəyi dəyişdirir, fikirlər o dövr ilə yaşayandan sonra.

Bir ölkədə ki, kitab dükanı baglanır, o ölkənin gələcəyi sual altındadır. Bakıdan başqa Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə iki-üç kitab dükanı ola, ya olmaya. Bəzi rayonlarda bir kitab dükanı belə yoxdu. Qısacası, Bakıdan uzaqlaşdıqca, vəziyyət daha da kritikləşir. Elə kəndlər var ki, kitabxanası bir kənarda qalsın, heç məktəbi normal deyil. Bu mövzuda çox yazıb, canınızı sıxmayım. Hansı mövzuya toxunursan, ora qan ağlayır.

Rus dilinə tərcümə olunmuş dünya klassikləri bizdən uzaq gəzməyə başlayır. Ölkədə rus dilini bilməyən bir nəsil yetişir. Başı bəlalı bu gənc nəsil yaxşı ki, vaxtında türk dilini öyrənərək, əksər kitabların türk dilində tərcümə olmasından faydalanır və dünya ədəbiyyatı ilə yaxından tanış ola bilir. Son illərdə Türkiyədən idxal olunan kitab sayında kəskin artım var. Nə deyirik ki, təki sona qədər belə davam etsin.

Oxumaq ailədən başlayır, deyirlər. Bu qayda bizdə keçmir deyəsən. Neçə valideyn özünü əziyyətə verib övladına kitab aşılayıb uşaqlıqdan?Neçə valideyin övladına beş oyuncaq alanda, bir dənə də kitab almaq yadına düşüb? Harda balaca oğlan uşağı görürsən, əlində tapanca və ya hansı balaca uşaqlardan soruşursan, getdiyi yer idman, cüdo, güləş vəs.

Bizdə sağlamlıq və özünü müdafiə anlayışı fərqli anlaşılıb, görünür. Bəs incəsənət, mədəniyət? Bunlar yaddan çıxıb . Elə bil, döyüşçü yetişdirilir evlərdə. Vurmaq, sökmək-dağıtmaqla ölkə hansı iqdisadi yüksəlişə nail ola bilər? İdman zallarının dolu, kitab dükanlarının boş olduğu cəmiyyətdə yaşamaq özü bir problemdir.

Kitab qiymətinin bahalığından şikayətlənir əksəriyyət. Fikirləşəndə, hardasa düşünmək olar bu problemin olduğunu. Amma alıcıların tam haqlı olduqlarını demək çətindi. Həmin bu bəyənmədiyimiz qonşu ölkə ƏDV-ni ləğv edərək, qiymət bahalığı problemini kökündən həll etmiş olub. Kitab qiymətinin yüksək olmasının əsas səbəbi budur məncə.

ƏDV ləğv olunsa, qiymət enməsinin şahidi olub, bu ittihamlardan əl çəkdik bəlkə. Bizdə ləğv olunmaq bir kənara qalsın, bir-iki ay öncə idxal olunan kitablara əlavə vergi qoyulacağı xəbəri çıxdı. 50, 70, 90% endirimlərdən danışmağa ehtiyac yoxdu məncə. Bu arada endirimlər heç də yalan deyil. Kütləyə qoşulub endirimdə qoyulmuş kitabların yoxluğundan şikayətlənmək əvəzinə, özünüzə əziyyət verib, endirim olan dükanlardan maraqlanın. Əgər həqiqətən də oxumaq istəyirsinizsə. Sadəcə endirimin başlandığı ilk günlərdən bu haqda maraqlanmaq lazımdı.

Onu da qeyd edək ki, vərəqlərin keyfiyyətsizliyindən gileyənən eynəkli gənclərin sayı artır.Bunu da nəşriyyatın insafına buraxaq. Qaralmış vərəqlərin gün üzünə çıxması arzusu ilə…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəUcuz tapılar, təki oxuyun!