Manatın nominal ucuzlaşmasından iqtisadiyyatımız onsuz da itirib
Mərkəzi Bankın ən son statistikasına görə, son 1 il 3 ayda – 2 devalvasiya nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40 faizdən çox ucuzlaşıb.
Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymətini əks etdirir. Bir az da sadə dillə desək, real valyuta məzənnəsi bir-birilə ticarət aparan ölkələrin valyutasının ala biləcəyi əmtəə səbətinin dəyərini əks etdirir.
İki müxtəlif zaman və ssenari əsasında real valyuta məzənnəsinin mahiyyətini və milli iqtisadiyyatın inkişafına təsirini nəzərdən keçirək.
Birinci ssenari. Təsəvvür edək ki, 100 maldan ibarət əmtəə səbətinin dəyəri Azərbaycanda 2015-ci ilin yanvarında 1000 manat – o zamankı məzənnə ilə 1270 dollar idi. Həmin vaxt Azərbaycanın ticarət tərəfdaşı olan ölkədə, məsələn, Gürcüstanda 2015-ci ilin yanvarında həmin 100 əmtəədən ibarət səbətin dəyəri 2530 lari və ya 1150 dollar idi. Bu halda manat və larinin real mübadilə məzənnəsi 1.1-ə bərabər idi. Yəni üçüncü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxal etməli olsa idi, Gürcüstanı seçəcəkdi. Çünki eyni pula 10% çox gürcü malı ala biləcəkdi. Ümumiyyətlə, real mübadilə məzənnəsi 1-dən yüksək olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olmur.
İkinci ssenari. Təsəvvür edək ki, iki devalvasiyadan sonra manatın 2 dəfə dəyər itirməsi və həmin dövrdə inflyasiyanın 13 faiz təşkil etməsi nəticəsində həmin əmtəə səbətinin dəyəri 1400 manat – yeni məzənnə ilə 900 dollar təşkil edir. Gürcü larisinin 10 faiz ucuzlaşması və dövr ərzində baş verən 5 faizlik inflyasiya nəticəsində həmin məhsulun dəyəri 2650 lari və yeni məzənnə ilə 1100 dollar təşkil edir. Bu halda manat və larinin real mübadilə məzənnəsi 0.82-ə bərabərdi. Yəni üçüncü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxral etməli olsa idi, Azərbaycanı seçəcək. Çünki eyni pula 18 faiz çox Azərbaycan malı ala biləcək. Real mübadilə məzənnəsi 1-dən aşağı olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olur.
Bu praktik məlumatlardan sonra real vəziyyətə baxaq: 2016-cı ilin 1-ci rübündə Azərbaycanın qeyri neft ixracı 45 faizədək azalıb. Manatın real məzənnəsinin az qala 45 faiz ucuzlaşdığı şəraitdə ixrac gəlirləri də 45 faiz azalırsa, burda 2 səbəb versiyası mümkündür: ya bu ölkədə məzənnə siyasəti ilə real sektor arasında bütün əlaqə kanalları qapanıb və hökumət iqtisadi siyasəti əlaqələndirmək imkanlarını tam itirib. Ya da inhisarçı qiymətlər, sahibkarlıq fəaliyyətinə bürokratik müdaxilələr sayəsində məhsulların qiyməti o qədər yüksək olub ki, hətta 45 faizlik real məzənnə ucuzlaşması belə yerli məhsulları başqa ölkələrin məhsullarından cəlbedici etmir.
Azərbaycanda hansı səbəbin həlledici olduğunu araşdırmaq çox mühümdü. Məsələn, 1-ci rübdə bitki və heyvan mənşəli yağların ixracı 11 dəfə azalıb. Bunun üçün ticarət tərəfdaşı olan bir sıra ölkələrdə bu məhsulların daxili qiymətlərinin dinamikasını müqayisə etmək çox vacibdi.
Manatın nominal ucuzlaşmasından iqtisadiyyatımız onsuz da itirib – yüksək qiymətlər və beynəlxalq dəyər ölçüsü ilə milli sərvətin dəyərsizləşməsi səbəbindən.
Amma heç olmazsa manatın real ucuzlaşmasından qazana biləcəklərimizi gərək qazanaq – yeni bazarlar qazanmaq və daha çox ixrac etmək hesabına.
İki devalvasiyadan sonra ən kobud hesablamalarla ilkin itkilərimiz 15-20 milyard dollardan az deyil – söhbət dollar kreditləri, manat əmanətləri, valyuta ilə borclar, istehlak mallarının bahalaşması hesabına iqtisadiyyatın subyektlərinin itirdiklərindən gedir.
Potensial olaraq qazana biləcəklərimizdən isə hələlik hesaba gələn və gözə dəyən heç nə yoxdu ortada…
http://rovsanaghayev.blogspot.co.uk/2016/05/ucuz-manat-niy-ixrac-stimullasdrmr.html