Yevgen Qlibovitski: ”Ukraynalılar öz tarixlərindən nəticə çıxarır”
Maydana qədər və Maydandan sonrakı Ukrayna Azərbaycan oxucusu üçün həssas məsələdir. İnsan haqları, söz azadlığı, korrupsiya ilə bağlı bütün xəbərlər, yazılar «Siz Bakıda Maydan təşkil eləmək istəyirsiniz!» kimi ittiham, az qala ifşa şəklində deyilən ifadə ilə üzləşir.
Maydana aparan uzun yoldan, bu prosesin səbəblərindən, nəticələrindən təfərrüatlı xəbəri olmayan oxucu isə bunu yaşadığı ölkə, cəmiyyət üçün təhükə kimi qəbul edə bilər.
Ukraynanı Maydana aparan hansı proseslər idi? Bu proses cəmiyyətə nə verdi? Maydan hadisələrindən sonra nələr, hansə dəyişikliklər baş verdi? Ukrayna mediası bu radikal dəyişikliklərə qədər, Maydan vaxtı və sonra hadisələrə necə təsir etdi, özünü necə apardı?
Meydan TV-nin suallarına ukraynalı jurnalist, media üzrə ekspert Yevgen Qlibovitski cavab verir.
–
Yevgen, necə hesab edirsiniz, media ölkədəki müsbət dəyişikliklərə nə dərəcədə təsir edir? Ümumiyyətlə, medianın belə bir missiyası olmalıdırmı?
– Ukraynada media böyük dəyişikliklərin tərkib hissəsi idi. Hakimiyyət cəmiyyət üçün gündəlik xəbər yaymaq monopoliyasından əl çəkdi. Media şərti olaraq iki cəbhəyə bölündü: kütləvi olan və nüfuzlu media. Birincilər – hakimiyyət, yaxud oliqarxlara məxsus ənənəvi KİV-lər, ikincilərsə, əsasən ya start-up-lardan, yaxud sosial şəbəkələrdən yığılmışlar idi. Onların kiçik, ancaq mürəkkəb auditoriyası vardı. Orta təbəqə ayağa qalxdıqca (qürur və tənqid hissini qoruyub saxlayanlar), ünsiyyət və müzakirə üçün yeni tələblər yaranırdı. Buna görə də yeni medianın yaranması cəmiyyət də aşağıdan yuxarıya doğru subyektivliyin artmasının təbii göstəricisi idi.
–
Hansı media orta təbəqəyə bu müzakirə imkanlarını yaratdı?
– “Yuxarılara” yox, auditoriyaya qulluq edən edən media. Bu, hromadske.tv, hromadske radio, tvoemisto.tv, İctimai Yayım, “Yeni vaxt” jurnalı və başqaları idi.
–
Yuxarıda oturanlara məxsus birinci media ilə ikincinin gücü nə dərəcədə bərabərdir?
– Bərabər deyil. Ancaq onların bərabərsizliyi fərqlidir. Yeni media, məsələn, bir Facebook paylaşımı gündəmə bütün ənənəvi medianın eyni səslənən fikrindən daha çox təsirli edə bilər. Ancaq auditoriyanın genişliyi, çatımlılığı, həmçinin elektoral nüfuzu baxımından ənənəvi media yeni mediadan müqayisəolunmaz dərəcədə güclüdür. Yəni seçkilər sarıdan baxanda, gündəmi yeni media müəyyənləşdirsə də, cəmiyyətin mövqeyini ənənəvi media müəyyənləşdirir.
–
Demək olarmı ki, əgər müstəqil media olmasaydı Maydan hərəkatı uzana bilərdi?
– Maydana qədər Ukraynada müstəqil KİV yox idi, ancaq plüralizm vardı. Hətta oliqarxlardan asılı medianın da fərqli redaksiya istiqamətləri vardı. Məsələn, “1+1” Yanukoviçi hətta hakimiyyətdə olanda da tənqid edirdi. Ukraynada müzakirə mədəniyyəti məqsədinə çatdı – sosial şəbəkələr getdikcə şəxsi müzakirə müstəvisindən çıxıb KİV-ləri əvəz edirdi. Nəticədə Facebook müəyyən müddətdə ukraynalıların ictimai xəbərləşmə analoquna çevrildi – ölkə üçün vacib olan bütün diskussiyalar orada gedirdi. Maydan zamanı artıq bir neçə media layihəsi işinə başladı. Bu layihələrin işi bloqosferdən daha dərin və müstəqil olması ilə seçilirdi.
–
Media “oliqarxlığı” haqqında fikirləriniz çox maraqlıdır. Necə hesab edirsiniz, jurnalist “yuxarıda” oturan oliqarxa məxsus mediada işləyib müstəqil qala bilər? O öz prinsiplərini saxlayıb, işlədiyi KİV-in yürütdüyü siyasətə məsul olmaya bilərmi?
– Bu, yalnız istisna hallarda mümkündür. Hər şey tərəflər arasındakı oyunun şərtlərindən asılıdır. Ukraynada 1990-2000-ci illərdə hərtərəfli loyallıq tələblərindən sonra KİV sahibkarları anlamağa başladılar ki, bu gedişlə peşəkar və yaradıcı mühiti də öldürməkdədirlər. Narıncı inqilabdan sonra oyun qaydaları dəyişdi, bütün kənar məsələlərlə bağlı azadlıq və etiraz qəbuledilən oldu, əsas məsələyə qarşı isə loyallıq tələb olunurdu. Yaxşı jurnalistlərin çoxu bu zaman publisistikaya, sənədli araşdırmaya üz tutdu, xəbərlərdən uzaqlaşdı, böyük kanallar isə bununla razılaşmalı oldular. Lakin zamanla bəlli oldu ki, belə “qızıl qəfəslər” də jurnalist peşəkarlığına öldürücü təsir edir.
Bir çox jurnalist, ümumiyyətlə. bu sahədən getdi, 1981-ci ildə Polşada hərbi rejim tətbiq olunanda ordakı jurnalistlərin etdiyi kimi başqa işlərlə məşğul olmağa başladılar. Yalan danışmamaq, yarımdoğru xəbər yaymamaq üçün bəziləri biznes fəaliyyətinə, bəziləri müəllimlik eləməyə başladılar. Maydan hərəkatı zamanı isə bir çox belə təmiz qalmış jurnalist öz işlərinə geri döndü. Bu, özündə nadir etibar nümunələrini daşıyan vacib dalğa idi.
– Yevgen, zəhmət olmasa deyin, Maydandan sonra mediadan başqa nələr dəyişdi? Adətən biz dəyişikliklərdən sonra xeyli illərlə üzə çıxmamış, saxlanılmış hansısa istiqamətlərin partlayışını müşahidə edirik. Mədəniyyətdə, ədəbiyyatda, əxlaqda hansısa dəyişikliklər oldumu?
–
Ukraynaya kənardan baxanda adama elə gəlir ki, dəyişikliklər Maydanın nəticəsi idi. İçəridən isə görünür ki, əksinə, Maydan cəmiyyətdəki dəyişikliklərin nəticəsi idi. SSRİ-nin son illərində Ukrayna ölkənin Avropa istiqamətində baş verənlərdən kənarda qalmışdı. Brejnevin vaxtından respublikanı dəmir biləkli Vladimir Şerbiçskiy idarə edirdi. O, yenidənqurma siyasətinə tamamilə zidd siyasət yürüdürdü. Faktiki olaraq 1991-ci ildə Ukraynada yenidənqurma başa çatmadı, çünki müstəqillik demokratik qüvvələrin iştirakı ilə kommunist funksionerlər tərəfindən elan olunmuşdu. Onlar Boris Yeltsinin Rusiyaya gətirdiyi dəyişikliklərdən qorxub özlərinə “yeni köhnə sovet ölkəsi” qurmuşdular. 90-cı illərdə Ukraynada əsas qərarlar “qırmızı direktorlar” tərəfindən qəbul olunurdu. Sonra onlara yeni oliqarxlar da qoşuldular. Onlar hamısı Sovet dəyərlərinin daşıyıcıları idilər. Onlar azad yox, sərhədsiz insanlar idilər. Bu, varlılar yox, “pullu yoxsullar” idi. İdarəedici qrupun israfçılığı sovetin zamanında yığdıqlarının və 1998-2008-ci illər iqtisadi artımı hesabına görünməz olmuşdu (Viktor Yuşenkonun hakimiyyəti reformları da bura daxildir). 2008-ci ilin maliyyə böhranına qədər şəhərlərin öz “kreativ sinfi” əmələ gəlmişdi. Bu adamlar ierarxik vertikala daxil olmasalar da, iqtisadi cəhətdən fəal şəxslər idilər. 2009-cu ilin böhran zərbəsi onlarçün iki səbəbdən soyuq duş təsiri göstərdi. Əvvəla, onlar əvvəllər görmədikləri bir seçim qarşısında qalmışdılar: həyat tərzini saxlamaq, yoxsa gəlir səviyyəsini? Bu, bir çoxunu maddi imkanlara məhdudiyyət kimi baxmağa məcbur etdi. İkincisi, 2010-cu il Yanukoviçin qələbəsi ilə, çoxu başa düşdü ki, institusional mühit: qanunlar, qaydalar, hokümət – insana qarşı çevrilib. Getdikcə vəziyyət pisləşirdi deyə, çoxu anlamağa başladı ki, istər-istəməz öz hüquqlarını qorumalı olacaq, yoxsa sabah hansısa fövqəladə vəziyyətin badına gedə bilərlər.
–
Yəni Maydan üçün artıq zəmin vardı…
– Nəticədə 2011-ci ildən vətəndaş cəmiyyətinin partlayışını müşahidə edirik. Baxmayaraq ki, Yanukoviçin vaxtında donorlar Ukrayna ilə elə də maraqlanmırdılar. Maydandan əvvəl Ukrayna vətəndaş cəmiyyəti hər zamankından daha güclü idi və öz hüquqlarını qorumağa hazır idi. Əsas gözləntilər növbəti prezident seçkilərinə demokratiyanın qorunması istiqamətində idi. Lakin AB ilə assosiasiya müqaviləsi bağlamamaqla Yanukoviç yeni etiraz dalğasının səbəbkarı oldu. Onun komandası Maydandakı dinc etirazı iki dəfə zorla qovmağa çalışaraq, bu etirazı gücləndirdi. O zaman adama elə gəlirdi ki, hakimiyyət Maydanı zor tətbiq etməyə provokasiya edir – bu cəhdlər noyabr, dekabr, yanvar ayları boyu davam etdi – ilk Maydançı öldürülənə qədər sağ sektorun radikalları əllərinə partlayıcı şüşələri götürmürdülər.
–
Maydandan sonra ölkədə korrupsiya sahəsində hansı dəyişiklikləri görürsünüz? O, azalıb, yoxsa yeni hökumət də əldən təmiz çıxmadı?
– Korrupsiya azaldı, ancaq onun haqqında söhbətlər çoxalıb – bunlar əlaqəlidirlər. Bir tərəfdən ukraynalılar pul verib məsuliyyətdən yayınmağa öyrəşmişdilər, digər tərəfdən korrupsiyaya qarşı mübarizənin nəticə verməsini istəyirsənsə, bunu yuxarıdan başlamaq lazımdır. Çünki orada korrupsiya cəmiyyəti talan etməyə və cəzasız qalmağa imkan verir.
Həm vətəndaş cəmiyyəti, həm Qərb dövlətləri hökumətə və parlamentə maksimum təzyiq etdilər ki, real antikorrupsiya strukturları fəaliyyətə başlasınlar – yeni yaradılmış antikorrupsiya bürosu və xüsusi prokurorlar. İndi siyasətçilər və məmurlar yalnız malik olduqlarının yox, həm də istifadə etdiklərinin deklarasiyasını təqdim etməlidirlər. Dövlət hesabına satınalmaların islahatı keçirildi. Bundan əvvəl bu yolla milyonlar silinirdi. Əsas da dövlətin energetik kompaniyası – NAK Ukraynanın Neft-Qaz Şirkətində islahatlar aparıldı. Bu şirkət əvvəllər onu idarə edənlərin fantastik dərəcədə varlanmasına səbəb olurdu.
Yeni hakimiyyət də korrupsiyalaşmış sayılır. Ona görə ki, Ukraynada müxalifətin də həmişə “piroqdan” payı olub. Ancaq indi bu məsələyə bir neçə dəfə daha sərt nəzarət var.
Faktiki olaraq bu dəqiqə yeni antikorrupsiya qaydalarının möhkəmlənməsi uğrunda dava gedir. Bir tərəfdə öz statusunu qoruyub saxlamağa çalışan hökumət durur, digər tərəfdə vətəndaş cəmiyyəti və AB, Qərb ölkələri “korseti”. Sonuncular vizasız rejimi və digər imkanları hökumətin antikorrupsiya fəaliyyəti ilə əlaqələndirirlər.
– Necə düşünürsünüz, Ukraynada yeni Maydan gözlənilirmi? Əgər gözlənilirsə, nə zaman?
– Ölkədə hər şey yaxşı olanda Maydana ehtiyac olmur. Maydan o zaman təkrarlanan hadisəyə çevriləcək ki, islahatlar dayandırılacaq. Onlarsa hələ davam edir – istədiyimiz sürətlə olmasa da.
Digər tərəfdən, “üçüncü Maydan” haqqında söhbətlər rusiyapərəst qüvvələrin tipik ritorikasıdır. Maydan hərəkatının əsas hərəkətverici qüvvəsi olan vətəndaş cəmiyyətinin başı indi ölkədəki islahatlara qarışıb. Siyasi vəziyyət siyasi qüvvələrin açıq rəqabətinə imkan verir. Bu dəqiqə Maydanın – əgər bu, Maydan adı altında Kremlin çevrilişi deyilsə – heç bir mənası yoxdur. Əgər belə bir cəhd olsa, onu aşkarlamaq çətin olmayacaq. Buna görə də yeni “Maydan” şansı yüksək deyil. Ukraynalılar öz tarixlərindən nəticə çıxarırlar.