Ucar sakini: Gecələr evdə yatmağa qorxuruq

İcra Hakimiyyəti: “Bizim onlara ev tikmək üçün büdcəmiz yoxdur”

Source: meydan.tv


''Mən başqaları kimi imkansızlığı bəhanə edib, uşaqlarımı təhsildən də yayındırmıram''

“Evimiz qəzalıdır. Sonuncu zəlzələdən sonra daha da bərbad hala düşüb. Bu gün-sabah uçacaq deyib, gecələr yatmağa da qorxuruq”.

Ucar rayonunun Məlikballı kəndinin sakini Ramilə Namazova belə deyir. O, 1948-ci ildə tikilən bu evin onlara yoldaşının babasından qaldığını söyləyir. Uçub-tökülən evi təmir etmək üçün ailənin maddi imkanı yoxdur:

“Çox yerə müraciət etdim ki, evimiz qəzalıdır, kömək edin. Hətta Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə ərizələr yazdım. Bütün cavablar baxılması üçün göndərilir Ucar Rayon İcra Hakimiyyətinə. Onlar da baxmırlar. Deyirlər, elə qurum yoxdur ki, sizə kömək etsin”.


“İcranın nümayəndəsi baxdı, dedi, bəli, qəzalıdır, təhlükəlidir”

Ramilə Namazova deyir ki, bu qədər məktublara cavab gəlir. Ancaq bir çağırıb deyən yoxdur ki, dərdiniz nədir, siz niyə şikayət edir, ərizə yazırsız:

image00006.jpeg
Namazovların qəzalı evi

“İcra Hakimiyyətindən bir nəfər nümayəndə gəlmişdi. Evə baxdı, dedi, bəli, qəzalıdır, pis vəziyyətdədir. Burada yaşamaq təhlükəlidir. Sonra da çıxıb getdi. O gündən onlardan başqa xəbər almamışıq”.


“Divarlar nəmlənir, qurumur, altı çökür”

R.Namazova deyir ki, yağış yağanda evinin içinə su dolur. Divarlar nəmlənir, qurumur, altı çökür:

“Biz artıq gecələri evdə yatmaqdan da qorxuruq ki, tavan aşıb töküləcək uşaqlarımın başına. 4 uşaq böyüdürəm, çətindir. İmkansız adamıq. İndiki zəmanədə təsərrüfatla da məşğul olmaq çətindir. Şərait yoxdur, toxum, gübrə almağa imkan olmur. Bir-iki şey əkirik, o da bir neçə ayı güclə görür. Ailədə 6 nəfərik. Qızlarımın dördü də məktəblidir. Onları güc-bəla ilə oxuduruq. Əksər hallarda çox şeylərini çatdıra da bilmirik”.


“Sonuncu zəlzələdə evi daha da bərbad hala salıb”

Ramilə Namazova deyir ki, dünənədək ünvanlı sosial yardım alırmışlar. Bu da onların aztəminatlı ailə olduğunu bir daha sübut edir. Odur ki, ailənin evini yenidən tikmək bir yana, sadə təmir etmək imkanları belə yoxdur:

image00004.jpeg
qəzalı ev

“Otaqlarda çatlar var. Bəzi yerlər, ümumiyyətlə, aralanıb. Həmin aralı hissələri sıvamağa belə imkanımız yoxdur, qaldı, gələn nümayəndə dedi ki, ev tamamilə qəzalıdır və yenidən tikilməlidir. Biz evi nə ilə yenidən tikək? Bu gündən sabaha ümidi olmayan insanlarıq. Mən çox şey istəmirəm, nolar, aztəminatlı, sonuncu zəlzələdə evi daha da bərbad hala düşmüş ailə kimi bizə kömək etsinlər. Mən başqaları kimi imkansızlığı bəhanə edib, uşaqlarımı təhsildən də yayındırmıram. Ac qalıram, amma onları məktəbə göndərirəm ki, ölkəmizə yararlı övlad oldunlar. Nolar, dövlət də bizi azacıq düşünsün, uşaqlarıma isti bir ev, normal şərait qurmağımıza kömək etsin”.


“Səhərəcən evi dolanıram ki, birdən nəsə olar”

Ailə övladlarının yeməyini, geyimini güclə çatdırır. Deyir, qış aylarında hətta kommunal xidmət haqlarını ödəməkdə də çətinlikləri olur. Yenə də hallarından narazı deyillər, birtəhər dolana bildiklərini söyləyirlər. Bircə problemləri qəzalı evləridir. Onların bu evdən başqa heç nələri yoxdur:

image00007.jpeg
qəzalı ev

“İnanın, o qədər çətindir ki, odun sobası yandırırıq. Qazı çox işlətmirik ki, ödəmək çətindir. İşığı da çatdıra bilmirik. Biz bu çətinliklərə dözürük, bunları birtəhər yola vermək olur. Amma qəzalı evi təmir edəcək gücə malik deyilik. Evin hər yeri dəlmə-deşikdir. Külək əsir, evin içindədir, yağış yağır, evə damır. O gün kiçik qızım gəlib ki, ana, yorğanım sudur. Baxıram ki, yuxarıdan damıb. Yatağının yerini dəyişmişəm. Yağış yağanda biz yatmırıq. Səhərəcən evi dolanıram ki, birdən nəsə olar”, – R. Namazova belə söyləyir.


“Bu qədər kasıbçılıq, zülmlə övladlarımızın hamısına təhsil verməyə çalışırıq”

Evləri 2 otaq, bir eyvandan ibarətdir. Otaqlarından birinin tamamilə qəzalı olduğunu deyirlər. Həmin otağın qapısını bağlayıblar, istifadə etmirlər. Gələcəkdə bütün otaqların bu hala düşəcəyindən qorxduqlarını söyləyən ailə, belə olacağı təqdirdə nə edəcəklərini bilmədiklərini deyirlər:

image00014.jpeg
evin içi

“Böyük qızım 11-c sinifdə oxuyur. Ağdaşda tibb kursu var, ora göndəririk. İkinci isə universitetə hazırlaşır. Əlaçı olduğundan məktəb müəllimləri təmənnasız hazırlaşdırırlar, sağ olsunlar. Hamısı oxumaq istəyir, özü də əlaçıdırlar. Kaş imkan ola, oxudaq. Sonuncu qızım isə 4-cü sinfdə oxuyur, o da əlaçıdır. Biz bu qədər kasıbçılıq, zülmlə hamısına təhsil verməyə çalışırıq. Cəmiyyətə yararlı övlad yetişdiririk. Buna çətinliklə də olsa, gücümüz çatır. Amma gücümüzün çatmadığı şeylər də var. Nə olar, buna da dövlətimiz dəstək versin”.


“Dedim heç olmasa borc verin, aybaay qaytaraq, vermədilər”

Ramilə Namazova deyir ki, evləri 2007-ci ildə olan zəlzələdən sonra daha da pis hala düşüb. Bu zaman evdə böyük çatlar əmələ gəlib, otağın biri tamamilə uçub:

“Onda evin yarısı dağıldı. Birtəhər, gücümüz çatdığı qədər düzəltdik. Zamanla yenə yavaş-yavaş tökülüb, gedir. Hara da yazırıq, cavab icraya gəlir. Daha bezmişik. Onlar da birmənalı şəkildə kömək etmək istəmirlər. Dedim, heç olmasa borc verin, aybaay qaytaraq. Onu da etmədilər”.

image00015.jpeg
evin qapısı


İcra Hakimiyyəti: “Bizim onlara ev tikmək üçün büdcəmiz yoxdur”

Ucar Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, onların vətəndaşlara aid fərdi, qəzalı evləri təmir etmək üçün büdcələri yoxdur:

“Harada görülüb ki, dövlət vətəndaşa ev tikib verməlidir. Deyirlər, zəlzələdə olub, bəs bugünədək niyə səslərini çıxarmırdılar? Adətən zəlzələdə uçan, dağılan evləri rayonun Fövqəladə Hallar Komissiyası qeydə alır və həmin şəxslərə köməklik göstərilir. Vaxtında müraciət etmək lazımdır. İndi bizim onlara ev tikmək üçün büdcəmiz yoxdur”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığımız sorğuya cavab almaq mümkün olmayıb.

Son illər dövlət Şamaxı, Zaqatala, İsmayıllı, Balakən və s. bölgələrdə baş verən zəlzələlərdən sonra əhaliyə dəyən zərəri kompensasiya edib. Evi uçan və ya qəzalı hala düşən yüzlərlə sakinə yeni evlər tikilib və ya qəzalı hala düşən evləri təmir olunub.

image00016.jpeg
evin zirzəmisi
image00013.jpeg
odun peçi
image00001.jpeg
Ramilə Namazova
Ana səhifəBölgəUcar sakini: Gecələr evdə yatmağa qorxuruq