Cəmil Həsənli: “Həbsxanalardakı siyasi məhbuslar cəmiyyətdə müdafiələrinin olduğunu hiss etməlidir”
İllərdir Azərbaycanda siyasi məhbus siyahısı mübahisə mövzusuna çevrilib. Bu mübahisə beynəlxalq təşkilatların da məsələyə birmənalı reaksiya verməsinə əngəl yaradır. Ancaq son iki həftədə baş verən hadisələr, yəni vahid siyahının hazırlanması, nəticə olaraq Leyla Yunus və digərlərinin müdafiə komitəsinin yaradılması mübahisələrə son qoyulduğu qənaətini yaratmış oldu. Komitənin həmsədri Cəmil Həsənli ilə söhbətimizdə mövcud durum və qurumun gələcək fəaliyyəti barədə cavab almağa cəhd etdik…
–
Cəmil müəllim, Müdafiə Komitəsinin yığıncağında müdafiədən hücum taktikasına keçəcəyinizi bildirmisiniz. Hücum taktikası nədən ibarətdir?
– Kiçik bir aydınlıq gətirim ki, mən komitənin sədri yox, həmsədriyəm. Toplantıda qərara gəldik ki, tanınmış hüquqşünas, professor Vidadi Mirkamal da həmsədr olsun. Çünki həbs olunanlar çoxdur, dairə genişdir. Ona görə Vidadi Mirkamal kimi təcrübəli, bundan əvvəl də hüquq müdafiəsi ilə məşğul olmuş bir adamın komitədə rəhbərlik səviyyəsində təmsil olunması lazım idi. Sualınıza gəldikdə, birdən-birə bu qədər vicdanlı, cəmiyyətin inkişafına fayda verən adamların həbsi bir qədər gözlənilməz oldu. Bu gözlənilməzlik həm də Azərbaycan cəmiyyətinə meydan oxumaqla bağlıydı. Məqsəd danışan ağızları bağlamaq, etiraz edənləri susdurmaq, ölü mühit yaratmaq idi. Bir sözlə, etiraz səslərini tamamilə boğmaq taktikası götürülmüşdü, amma bu, baş vermədi. Əlbəttə, məsələni bir müstəviyə yönəltmək olmaz ki, insanları siyasi proseslərdən, fəallıqdan təcrid etmək əsas məqsəd idi. Bu gedişatlarda hər həbsin öz missiyası vardı. Bilirsiniz ki, ölkə başçısı Strastburqda çıxışı zamanı Azərbaycanda siyasi məhbus olmadığını demişdi. Ancaq bütün hüquq-mühafizə orqanları və Vergilər Nazirliyinin məramı Azərbaycanda siyasi məhbus olmadığını sübut etmək idi. Gördünüzmü, məramları alınmadı. Mən xüsusən Leyla Yunusla Rəsul Cəfərova minnətdaram ki, mövqelərini bir-birinə yaxınlaşdırıb, razılaşdırılmış siyasi məhbus siyahısını ortalığa qoydular.
–
O zaman demək olarmı ki, uzun illərdir mübahisəyə çevrilən siyasi məhbus siyahısı söhbətlərinə son qoyuldu?
– Əlbəttə. Söhbət kimlərin siyahını razılaşdırmasından gedir. İstər Azərbaycanın daxilində, istərsə də xaricində etimad göstərilən, inanılan hüquq müdafiəçiləri tərəfindən siyahı razılaşdırıldı. Bəli, bir sıra çətin məqamlar var idi, Leyla Yunusun siyahısı daha böyük idi, ömürlüklər də siyahıya daxil idi, müəyyən adamlar var idi, cəzalarının bir hisssəsini evdə çəkənlər vardı ki, onlar artıq həbsxanada deyildilər. Ona görə biz də Leyla xanımdan güzəştlərə getməsini xahiş etdik. Sağ olsun, bizi eşitdi və 97 nəfərlik siyahı razılaşdırıldı. 98-ci siyası məhbus isə Leyla xanımız özü oldu. 99-cu Rəsul Cəfərov, 100-cü İntiqam Əliyev və nəhayət, Arif Yunus da siyahıya daxil edildi. Sonradan isə müsavatçı Fərəc Kərimi, qardaşı Sirac Kərimli və partiyanın Tərtər rayon təşkilatının rəhbəri Xaqani bəy, AXCP üzvü Murad Ədilov həbs olundu. Bu insanların adı artıq siyahıdadır.
–
Sizcə, bu həbslərin dalğası sürətlənəcək və məhbusların dairəsi genişlənəcəkmi?
– Bu dairə genişlənə bilər, amma aparılan siyasət problemi həll edəcəkmi? Əmin deyiləm ki, həbslərin artması problemi həll edəcək.
–
Mən yenə də Müdafiə Komitəsinin taktikasına qayıtmanızı istərdim, hücum taktikası nədir?
– Komitənin elə bir qeyri-adi taktikası yoxdur. Taktika ondan ibarətdir ki, çox sadə, açıq şəkildə bu adamlar günahı olmadan, siyasi mülahizələrlə və saxta ittihamlarla həbs olunublar. Və bu insanlar cəmiyyətin ən sevilən, seçilən nümayəndələridir. Hətta siyasi məhbus siyahısına daxil olanların böyük hissəsi Azərbaycan cəmiyyətinin mənəvi yükünü çəkənlərdir. İntiqam Əliyev, İlqar Məmmədov, Tale Bağırzadə, xüsusən Leyla xanım. Leyla Yunusun həbsi Azərbaycan cəmiyyətinə və azərbaycanlıların düşüncə tərzinə tamamilə yad hadisədir. Bu məmləkətdə hüquq anlayışı mövcud olandan bəri həbs kişilərin boyuna biçilmiş cəzadır. Bir qayda olaraq qadınlara bu cəza üsulu tətbiq edilməyib. Bəli, Gözəl xanımı, Kəmalə Bənənyarlını həbs ediblər, amma onlar qısamüddətli həbslərdir və məhdud dövrü əhatə edir. Amma Leyla xanımla bağlı məsələ fərqlidir.
–
Demək olarmı ki, 90-cı illərin
“
dövlətə xəyanət
”
ittihamı yenidən aktuallaşır?
– “Dövlətə xəyanət” ittihamı avtoritar rejimlərin əsas hüquq anlayışıdır. Məsələn, 30-cu illərin ittihamlarına baxsaq, onların böyük hissəsi dövlətə xəyanət ittihamı idi. Həmin maddə Stalin rejiminin mahiyyətindən irəli gələn maddəydi. 90-cı illərin əvvəllərində cəmiyyətin müəyyən hissəsini proseslərdən ayırmaqdan ötrü qurama işlər hazırlayırdılar: filan körpünün altında silah tapılıb, filan yeri partlatmaq istəyirdilər… Bunların hamısı Stalin dövründə NKVD-in quraşdırdığı primitiv üsullar idi. Bu gün Vətənin mənəvi gücünü öz üzərinə çəkən Leyla Yunus kimi xanımı vətənə, dövlətə xəyanətdə ittiham etməyin heç bir hüquqi əsası yoxdur.
–
Cəmil müəllim, müəyyən dövrlərə qiymətləndirmə, adlanmalar olur, məsələn, 30-cu illər repressiya, 70-80-ci illər durğunluq, YAP-çılar isə 1 illik AXC hakimiyyətini səriştəsizlik və anarxkiya dövrü hesab edirlər. Tarixçi, ziyalı və keçmiş prezidentliyə namizəd kimi indiki dövrü necə adlandırardınız?
– Yaşadığımız dövrün prosesləri hələ davam edir. Əlbəttə, bu gedişatın qiymətini vermək lazımdır. Xatırlayırsınızsa, sizinlə 3 il əvvəl müsahibəmizdə Azərbaycanın Şimali Koreya modelinə doğru getdiyini proqnozlaşdırmışdım. Düzdür, bu gün həmin modelin Azərbaycanda oturuşduğunu tam təsdiq edə bilmərik. Ancaq Azərbaycan addım-addım Şimali Koreya modelinə doğru gedir.
–
Və Avropa Şurasının üzvü olan Azərbaycan..?
– Bəli. İlham Əliyev son həbsləri həyata keçirməklə dünyaya və beynəlxalq aləmə özünün diktator olduğunu təsdiq etmək istəyini göstərir.
–
Amma diktatorluq böyük bir personadır…
– Düzdür, sizinlə razıyam, diktatorluq böyük missiyadır və hər missiya müsbət olmur. Amma Azərbaycan diktatura üçün kiçik ölkədir. Azərbaycanda klassik diktatura modelini qurmaq həddindən artıq çətindir. Çünki yerləşdiyimiz coğrafi ərazimiz, keçdiyimiz tarixi yol, azərbaycanlıların düşüncə tərzi baxımından diktatura rejimini qurmaq qeyri-mümkündür. Sadəcə son həbslər diktaturaya cəhddir. Mən hətta belə deyərdim: Azərbaycan bugün yumşaq diktatura dövrün yaşayır, yəni avtoritarizmdən diktaturaya yumşaq bir keçid edir.
–
Bəs sonrakı mərhələni yaşayacaqmı?
– Onu zaman göstərər. Amma indiki repressiyalar uzun sürə bilməz.
–
Yenidən Müdafiə Komitəsinin işinə qayıdaq, adətən, siyasi məhbuslar məsələsi ilə partiyalar məşğul olmamalıdır, onlar hakimiyyətə gəlmək uğrunda mübartizə aparmalıdır. Amma Azərbaycanda fərqlidir, partiyalar siyasi məhbuslar məsələsini müzakirə edib komitələr yaradır. Bu mənada təmsil olunduğunuz komitədə yalnız partiyalar olacaq, yoxsa ictimai xadimlər, ziyalılar da quruma qoşulacaq?
– Əvvəla, komitə yalnız partiyalardan ibarət deyil. Əgər Leyla Yunus və digər siyasi məhbusların Müdafiə Komitəsinin yalnız partiyalardan ibarət bir qurum olması barədə fikir varsa, doğru deyil. Komitədə tanınmış yazıçılar Çingiz Hüseynov, Rüstəm İbrahimbəyov var, onlar heç bir partiyanın üzvü deyil. O cümlədən, din xadimləri, gənclərin nümayəndələri var. Ikinci, məqsədimiz heç də ölkənin siyasi çevrəsini komitədə birləşdirmək deyil.
–
Yəni komitə partiyaların nüfuz müharibəsinə çevrilməyəcək də…?
– Qətiyyən, ümumiyyətlə, bizim elə problemimiz yoxdur. Komitə siyasi məhbuslar üzərində monopoliya qurmaq fikirdən uzaqdır. Kimlər hesab edirlər ki, komitə daxilində bu işi davam etdirsinlər, bu, daha əlverişli olar. Yaxud kimsə komitədən kənarda bu işi davam etdirməyi vacib sayır, buna da normal yanaşırıq. Yəni adamlar bacardıqları imkanlardan istifadə edib, bu insanların müdafiə prosesinə yardım göstərə bilirlərsə, bunu təqdir edirik. Bilirsən, insanların düşdüyü durumdan heç bir halda siyasi məqsədlər üçün istifadə etmək olmaz.
–
Bəs komitə payız aylarında aksiyalar və başqa tədbirlər keçirəcəkmi?
– Şübhəsiz. Həbslərin baş verdiyi iyul-avqust ayları Azərbaycan və və bütün dünyada istirahət dövrüdür. Ona görə də adamlar azdır. Bununla bərabər, bir sıra diplomatik korpusların nümayəndələri ilə görüşmüşük, beynəlxalq təşkilatlarla yazışmalar aparmışıq. Beynəlxalq hüquq təşkilatlarının necə haray qaldırdığını görürsünüz, hətta Leyla xanımla bağlı Nobel mükafatçısı qadınların bəyanatı yayıldı. Bu, çox mühüm göstəricidir. Mən İntiqam Əliyevin həbsi ilə bağlı bir detalı vurğulamaq istərdim: bu hadisə təsadüfi və yalnız siyasi məhbus siyahısına dəstək verməklə əlaqəli deyil. İntiqam Əliyevin həbsinin arxasında başqa məqamlar da dayanır. Bu, 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlərdir. Təsəvvür edin ki, göndərilən 76 şikayətdən 51-i kommunikasiya üçün qəbul olunub, artıq son mərhələdir. Hakimiyyət bu şikayətlərin 99 faizinin qəbul olunacağını çox yaxşı bilir, yəni məhkəmə iddiaları təmin edəcək. Beləliklə, ayrı-ayrı ərizə verənlərlə görüşür və onlara hüquqlarının pozulduğunu bildirir, amma kompensasiya ödəyirlər, bir şərtlə, ərizələrini geri götürsünlər.
–
Deməli, şirnikləndirirlər?
Bəli, belə demək olar. Hətta o adamlardan mənimlə məsləhət edənlər də var. Hələ bu məsələni tam açıqlamaq istəmirəm. Mən əmin deyiləm ki, 51 nəfərin böyük hissəsi hökumətin şərtlərini qəbul edəcək. Təsəvvür edin ki, söhbətə çağrılan adamlara 7 min 500 manat kompensasiya təklif edirlər, təki ərizələrini geri götürsünlər. Hakimiyyət bu adamların böyük hissəsinin ərizəsini geri götürəcəyinə arxayın deyil. Ona görə bu işlərin böyük hissəsinin vəkili İntiqam Əliyevi həbs etməklə kommunikasiyanı dayandırırlar. Bildinizmi, İntiqam Əliyevin həbsinin arxasında nələr dayanır?! O ki qaldı Müdafiə Komitəsinə, biz Azərbaycan Konstitutsiyasının, qanunlarının və qoşulduğumuz bütün beynəlxalq konvensiyaların çərçivəsində bütün imkanlardan istifadə edəcəyik. Mən özümün istirahət üçün planlaşdırdığım bir sıra şeylərdən imtina etməli oldum. Düzdür, biz gedib həbsxananı yarıb kimisə azad etmirik və belə bir imkanımız da yoxdur. Amma həbsxanalardakı siyasi məhbusları da dəstəksiz qoymaq olmaz. Onlar cəmiyyətdə müdafiələrinin olduğunu hiss etməlidirlər. Ona görə də biz indiki dövrə uyğun olan işləri görürük, bundan sonrakı mərhələdə də həmin işləri davam etdirəcəyik. Hətta repressiyanın hansı səviyyəsinə yüksəlməsindən asılı olmayaraq. Mən bir daha əminliklə deyirəm, üç nəfər də qalsa, bu iş davam etdiriləcək.