“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesabatını açıqladı
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) 2014-cü il, yanvar-aprel (14 aprelədək) aylarında təhlükəsizlik və müdafiə sektorunun itkilərinin 28 nəfər təşkil etdiyi barədə məlumat yayıb.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli bildirib ki, ötən müddətdə 35 nəfər yaralanıb və ya xəsarət alıb: “Müvafiq dövrdə dünyalarını dəyişənlərin 6-sı döyüş (erməni gülləsi), 3-ü mina partlaşıyı, 19-u isə qeyri-döyüş itkiləridir. 3 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır”.
Yaralılara və xəsarət alanlara gəlincə, mərkəz rəhbəri dedi ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) – 3-ü intihara cəhddən, 4-ü erməni gülləsindən, 8 nəfər mina partlayışından, 6-sı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 32 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.
Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
O, üç mülki vətəndaşın erməni tərəfinin gülləsindən yaralandığını, həm də iki Ermənistan mülki vətəndaşının Azərbaycan tərəfə əsir düşdüyünü söyləyib. Bu müddətdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi təklif edir ki, Silahlı Qüvvələrdə kompleks tədbirlər görülmədən bu qeyri-döyüş itkilərini dayandırmaq mümkün olmayacaq: “Əsgər ölümlərinin qarşısını almaq üçün aşağıdakı ciddi tədbirlər görülməlidir: əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Əsgər ölümlərində cinayəti olan şəxslərlə bağlı məlumatlar cəmiyyətə açıq olmalıdır. Bu istiqamətdə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi şəffaf işləməlidir. Bugünkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur. Ona görə də cinayətdə rolu olanlar layiq olduqları cəzaları almalıdırlar ki, digərlərinə də dərs olsun, cəmiyyətə daim informasiya verilməlidir; Hərbi hissələrdə insan hüquqularının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treyninqlərə cəlb edilməsi vacibdir. Bu istiqamətdə istər NATO ölkələrinin təcrübəsindən xüsusi olaraq istifadə etmək olar. Büdcə vəsaitlərinə qənaət etmək üçün online təlimlərin, kursların keçirilməsi praktikasına başlamaq lazımdır”.
Hesabatda daha sonra deyilir: “Hərbi qulluqçuların sosial rifahı gücləndirilməlidir ki, onlar kobud desək “bir-birlərinin əlinə baxmasınlar”. Xüsusilə də zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır. Bu gün arxa cəbhədə leytenant rütbəli zabitlər təxminən 450 manat məvacib alırlar. Hesab edirik ki, bu məvacib minimum 1000 manatdan başlamalıdır; Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmalıdır. Çağırış sistemi tədricən müqaviləli sistemlə əvəzlənməlidir. Eyni zamanda xeyli hərbi vəzifələrə mülki şəxslərin təyin olunması prosesi genişləndirilməlidir; Ümumilikdə, ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyasını qəbul etməlidir ki, hərbi qulluqçular onları gözləyən gələcəyin nədən ibarət olduğunu aydın görə bilsinlər. Hazırkı məqamda hərbi qulluqçular arasında bu peşəyə qarşı inamsızlıq hissi hakimdir. Bu inamsızlığı aradan qaldırmaq lazımdır”.
“Düşünürük ki, bu kimi tədbirlərin həyata keçirilməsi bir müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq və bu zaman qeyri-döyüş itkilərinin sayı azalacaq. Əks halda itkilərin sayı daha da artacaq”, – deyə C.Sümərinli bildirir.