“Mən bu gün həbs olunmuş üzvümüz Elgiz Qəhrəmanın məhkəməsinə getmişdim. Apellyasiya Məhkəməsinin qarşısında bir neçə mülki geyimli şəxs məni Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət etdi. Sonra maşına otuzdurdular. Bu zaman vəkilim Nemət Kərimlinin mənimlə getməsinə imkan vermədilər”.
Bu sözləri Meydan TV-yə açıqlamasında NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər deyib. O, avqustun 18-də saxlanılıb və bir neçə saat sonra azadlığa buraxılıb. Turqut Qəmbərin sözlərinə görə, BŞBPİ-də ona əsasən Elgiz Qəhrəmanla bağlı suallar verilib: “Suallar əsasən Elgiz Qəhrəmanla bağlı idi. Niyə mənim və NİDA-nın Elgizi müdafiə etdiyimizə dair suallar verildi. Onun niyə hakimiyyəti tənqid etdiyinə, çağırışlar etdiyinə dair suallar verdilər. Bununla bağlı məndən izahat da alındı. Məni konkret olaraq həbslə təhdid etdilər. Dedilər ki, indiki fəaliyyətimi davam etdirsəm, həbs edəcəklər. Düzü hansı çağırışdan söhbət getdiyi mənə də aydın deyildi. Təxmin edirəm ki, bu dəvət mənim və NİDA-nın siyasi fəaliyyəti ilə bağlı idi”.
Turqut Qəmbər deyib ki, ona psixoloji və fiziki basqılar olub: “Digər polis bölmələrində, həbsxanalarda şəxslərin başlarına gətirilən işgəncələri düşünəndə bu barədə heç danışmaq istəmirəm. Mən burdayam və Azərbaycanın gələcəyi üçün bacardığımı bundan sonra da etməyə çalışacam. Öz fəaliyyətimi davam etdirmək fikrindəyəm”.