Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verdi

”Bundan sonra baş nazirliyə Ərdoğanın liderliyini qəbul edən şəxsin namizədliyini irəli sürəcəklər”

Source:
Əhməd Davudoğlu
Əhməd Davudoğlu


”Bundan sonra baş nazirliyə Ərdoğanın liderliyini qəbul edən şəxsin namizədliyini irəli sürəcəklər”

Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında istefa verdiyini bəyan edib.

O, heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb: “Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə haqqınızı halal edin”.

“25 illik elm adamı olaraq, əziz millətimizə xidmət etdiyimə görə qürur duyuram. Məncə, indi perspektivimizi bölüşmək zamanı gəlib”, – deyən Əhməd Davudoğlu siyasi fəaliyyətini üç mərhələyə bölərək, başçılıq etdiyi partiya və hökumətdəki fəaliyyətindən danışıb.

Davudoğlu partiya daxilində şəxsi baxımdan heç bir problemi olmadığını vurğulayıb: “Məndən soruşurlar ki, niyə siz fövqəladə qurultayda sədrliyə namizədliyinizi vermirsiniz? Bu, bir peşmanlıq deyil. Niyə bu qərarı aldım? Mənim prinsiplərim var. Heç bir zaman vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: “Yoldan öncə yol yoldaşı”. Ancaq bunu görə bilmədim. Hamımızın bir hesabat verməsi lazım idi. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim. Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir. Millət vəkili olaraq, demokratikləşmə yolunda mübarizəmi davam etdirəcəyəm”.

Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında 1 saat 40 dəqiqəlik görüş keçirilib.

Baş nazirin istefasını Meydan TV-yə şərh verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Əhməd Davudoğlu ona görə istefa verir ki, AKP hökuməti çökməsin” deyə bildirib: “Özü də bunu qeyd edir. Məntiqlə parlament seçkilərində qələbə qazanıblar, müxalifət liderlərinin istefa verməsi lazım gələrkən, baş nazir istefa verir”.

Elxan Şahinoğlunun qənaətincə, Davudoğlunun istefası prezident Ərdoğanın harizmasıyla bağlıdır. Ərdoğan prezident olsa da, partiyasını özü idarə etmək istəyir, bu isə Davudoğlunu razı salmırdı. Çünki partiyanın sədri Davudoğludur. Qarşıdurma da bundan yarandı. Düzdür, parlament seçkiləri öncəsi də oxşar qarşıdurma yaranmışdı. O zaman Davudoğlu istəyirdi ki, partiya siyahısında millət vəkilliyinə MİT başqanı Hakan Fidan da olsun. Bunu bilən kimi prezident Ərdoğan media qarşısında dedi ki, o, əleyhinədir. Artıq o zamandan partiyanın idarəedilməsində bu iki şəxs arasında qarşıdurmanın cücərtiləri vardı. Başqa bir məqam, Davudoğlu 2 il baş nazir olsa da, Ərdoğan qədər nə harizmatik, nə də inandırıcılıq qabiliyyətinin yüksək olmadığı görünürdü. Hesab etmirəm ki, daxili və xarici siyasətdə də ciddi uğurları oldu. Əksinə, onun “qonşularla sıfır problemi” konsepsiyası uğur qazanmadı. Nəhayət, professor, nəzəri biliklərə malik olmaq siyasətdə uğur qazanmağa əsas vermir. Ərdoğanın heç akademik bilikləri olmasa da, partiyasını seçkidən seçkiyə qələbəyə apardı”.

Mərkəz rəhbəri düşünür ki, bundan sonra baş nazirliyə Ərdoğanın liderliyini qəbul edən şəxsin namizədliyini irəli sürəcəklər. Əks halda, həmin namizədi də Davidoğlunun taleyi gözləyə bilər. Məsələnin başqa tərəfi odur ki, prezident konstitusiya dəyişikliklərinə gedir. Parlamentdə alınmasa da, təkliflərini referenduma çıxarıb, cümhurbaşqanı səlahiyyətlərini artıracaq. Bundan sonra baş nazir istər-istəməz arxa plana keçəcək.

O, baş nazirliyə namizədlər sırasında Qurtulmuş və Bin Əli Yıldırımın adının çəkildiyini dedi: “Qurtulmuş hazırcavab və ağıllı siyasətçi olsa da, partiyaya sonradan gəldiyindən onun namizədliyinin gerçəkləşəcəyi problemdir. Bir daha deyirəm, elə bir şəxs olmalıdır ki, Ərdoğanın liderliyini qəbul etsin. Əslində, Ərdoğan statusuna görə proseslərdən kənarda qalmalıdır. Sabiq prezidentlərdən fərqli olaraq o çox fəaldır və müxalifəti də sərt tənqid edir. Belə olanda, hər hansı baş nazir onun kölgəsində qalacaq. Bu baxımdan Davudoğlu həm öz gücünü hesabladı, həm də vəziyyətlə barışmadığından istefa verdi”.

Ana səhifəXəbərlərTürkiyənin baş naziri Əhməd Davudoğlu istefa verdi