Sosial şəbəkənin nə vaxt açılacağı bilinmir
Türkiyədə “Instagram”ın bloklandığı bildirilir.
Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin açıqlamasında deyilir ki, çoxsaylı cinayət paylaşımları sosial medianın bloklanmasına səbəb olub.
Həmin paylaşımlar Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu ilə tənzimlənir və həbs üçün əsas hesab edilir.
Bloklanmanın iyulun 31-i İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin raket zərbəsi nəticəsində öldürülməsi fonunda edilən paylaşımlarla bağlı olduğu iddia edilir.
Bildirilir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsmayıl Haniyənin qətlindən sonra “İnstaqram”da başsağlığı yazıb, lakin “Meta” (“Facebook”, “WhatsApp”, “Instagram” kimi sosial media platformalarına sahib olan qlobal şirkət) həmin postu silib.
Fəxrəddin Altun buna görə “İnstargam”ı senzura tətbiq etməkdə günahlandırıb.
“Meta” tərəfindən Türkiyədə blokun nə vaxt götürüləcəyi və ya başqa sanksiyaların olub-olmayacağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
2024-cü il iyulun 31-də HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Onun Tehrandakı iqamətgahında raket atəşinə tutularaq öldürüldüyü bildirilir.