Onlar COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi ilə ölkəyə buraxılacaqlar
Bu gündən, iyunun 10-dan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə Azərbaycana gələ biləcəklər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yaşı 18-dən yuxarı olan insanlar yalnız COVID-19 pasportu və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında gələ bilərlər.
1-18 yaş arasında olanlar isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi ilə Azərbaycana səyahət edə bilərlər. Eyni zamanda, bu gündən Azərbaycanda çimərliklərdən istifadəyə izin verilir. Həmçinin "mall"arın, böyük ticarət mərkəzlərinin, idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti bərpa edilir.
Operativ Qərargahdan həmçinin dini ibadət yerlərinin fəaliyyəti də bəzi məhdudiyyətlə bağlı da icazə çıxıb. Sadəcə ibadət yerlərinə 50 nəfərdən çox şəxs daxil olmamalıdır. İbadət yerlərinə də peyvənd vurulmasına dair və ya immunitet sertifikatına malik şəxslərin buraxılmasına icazə veriləcək.
Aprelin 23-dən bu yana Azərbaycanda koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını müşahidə olunur. Sonuncu ən yüksək göstərici aprelin 20-də qeydə alınıb: 2197 nəfər.
Bu da hökumətin karantin rejimi qaydalarında bəzi yumşalmalara getməsinə gətirib çıxarıb.
Yumşalmalardan biri də açıq havada maska taxmaq qadağasını ləğvidir. Eyni zamanda, metropolitenin və rayonlararası nəqliyyatın da işləməsinə icazə verilib.
Ən son açıqlanan statistikaya görə, Azərbaycanda bir gündə koronavirus (COVID-19) infeksiyasına 68 nəfər yoluxub. 239 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə həyatını itirib.
COVID-19 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılmağa başlayıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyədək 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə bugünədək 334 917 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 327 626-ı sağalıb, 4 948-i vəfat edib, bugünkü aktiv xəstə sayı isə 2 343-dür.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə ümumilikdə 3 589 231 test icra olunub.
Açıqlanan statistikaya görə, iyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 466 doza vaksin vurulub.
Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 072 nəfər olub.
Bugünədək Azərbaycanda vurulan vaksin dozalarının sayı isə 2 624 876-dır. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 428 nəfərdir.
Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantindir. Vaksinasiyaya isə bu il yanvarın 18-dən başlanıb və dövlət hesabına aparılır.