”Türkiyə Rusiya üçün Avropa Birliyinə açılan qapıdır”

Toğrul İsmayıl: “Türkiyədəki mütəxəssisləri Azərbaycandakı seçkilər az maraqlandırır”

Source:



Toğrul İsmayıl: “Azərbaycandakı seçkilərin bölgəyə və ölkə daxilinə ciddi dəyişiklik gətirəcəyi gözlənilmir”


Rusiyanın Suriyaya hərbi müdaxiləsi bölgəyə yeni siyasi rəng gətirdi. Yalnız siyasi yox, istisadi maraqlar da toqquşdu. Azərbaycanda yaranmış iqtisadi-siyasi maraqların toqquşduğu bölgə olduğundan müəyyən suallar doğurur. Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Ekonomi və Texnoloji Universiteti dosenti Toğrul İsmayılla söhbətimizdə bu məsələrə toxunmağa çalışdıq.


– Türkiyədə 106 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi hələ də müzakirə mövzusudur. Terrorda daha çox Suriya kəşfiyyatı və İŞID-ın adı hallanır. Bu barədə şübhələri bölüşürsünüzmü?

– Hazırda kimin günahkar olub-olmadığını söyləmək çətindir, çünki araşdırmalar hələ davam edir. Yalnız nəticə elan olunandan sonra nəsə səsləndirmək mümkündür. Amma ortada bir təhlükəsizlik boşluğunun olması faktdır. Məsələ ondadır ki, Türkiyədə “canlı bombalar”ın olacağı ehtimalı daha öncədən  təhlükəsizlik orqanları tərəfindən söylənmişdi və bu bilinirdi. Belə olduğu halda bu cür hadisənin yaşanması ilk mənada təhlükəsizlik boşluğunun göstəricisi sayılır. Doğrudur, terror hadisəsindən dünyanın heç bir ölkəsi sığortalanmayıb. Ancaq paytaxt Ankarada belə bir terrorun olması ictimaiyyəti şoka salıb. Hadisənin arxasında kim ola bilər?

Bu olayın arxasında Türkiyənin 1 noyabr seçkisindən öncə daxildə qarışıqlıq yaratmaq və ixtişaşları artırmaqla dövlətin diqqətini xaricə deyil, daxilə yönəltmək istəyən güclər dayanır. Adlara gəldikdə, ilk növbədə, qarışıqlığa vasitə olan qruplar göz önünə gəlir. Birincisi, İŞİD və terrora maraqlı olacaq qonşu dövlətlərdir. İkincisi, Türkiyə daxilindəki terrorçu qruplarlarla bağlıdır, PKK və başqaları bura daxil ola bilər. Yaxud terror metodu İŞİD-dən gəlsə də, digər qruplar və dövlətlər də bu sistemdən yararlanıb Türkiyə daxilində olay yarada bilər. Mən sualı “terroru kim törətdi” kimi yox, “hadisənin hansı gücün və ya terror qrupunun marağına cavab verir” kimi qoyulmasının tərəfdarıyam.

Biz münəccim deyilik. Olan faktlara əsaslanmalıyıq. Hazırda Türkiyənin təhlükəsizlik qurumlarının əlində tam hansı məlumatların olmasını söyləmək çox çətindir. Amma bu hadisənin kimin işinə yaraması bucağından baxdıqda, görərik ki, terrorun əsas hədəfi Ankaranın başını ölkədaxili məsələlərə yönəltmək, Suriya və başqa məsələlərə vaxt ayırmasını imkansızlaşdırmaqdır.

Həm də terror olayının 1 noyabr seçkisi əvvəli törədilməsi AKP hakimiyyətinin təməlini sarsıdan hadisədir. Artıq müxalifət bir sıra adamların istefasını gündəmə gətirir. Ən maraqlısı odur ki, canfəşanlığı daha çox HDP başqanı Dəmirtaş edir. Bir növ qan-qan deyərək, “intiqam alacağıq” kimi şüarlar səsləndirir. Yəni Türkiyə cəmiyyətini sakitliyə çağırmaq əvəzinə bu cür fikirlər səsləndirir. Doğrudur, iqtidarları tənqid etmək zatən müxalifətin işidir, amma bu cür hay-küylər daha çox seçim öncəsi partiya reklamına hesablanmış addımdır.


– Terror olayının seçkiyə təsir edəcəyini siz də istisna etmədiniz. Bildirilir ki, AKP seçkilərdə səs itirəcək, CHP və HDP isə qazanacaq, sizin yanaşmanız necədir?

– Terror hadisəsinin iqtidarı sarsıdacağı şübhəsizdir, özəlliklə nəzərə alsaq ki, burada hakimiyyətin vətəndaşlarının təhlükəsizliyini təmin etməməsi xüsusi olaraq  vurğulanır.

Bu hadisənin təsiri çox böyük olduğundan PKK-nin  etdikləri gözardı edilir. Görünən odur ki, terrorçular paralel hərəkət edirlər.

Buna görə də, belə bir məqamda iqtidarın səs itirməsi həqiqətə bənzəyir. Ancaq hakimiyyət qısa zamanda terrorun arxasında dayanan adamların kimliyini və nə olduğunu açıqlasa, o zaman dəqiq fikirlər deyə bilərik. Bu baxımdan 1 noyabr seçkilərinə ciddi təsir edəcəyini düşünmürəm. Çünki onsuz da hakimiyyətin səsinin azalmasına səbəb olanlardan biri terrorun təkrarlanmasıdır. Bilirsiniz ki, AKP iqtidarı kürd məsələsiylə bağlı “barış sürəci” addımı atdı. Amma “barış sürəci” çat verdi və gözlənilənin tam əksinə PKK daha güclü şəkildə fəaliyyətə başladı. Məncə, hakim partiyanın səs itirməsinə əsas təsiredici amil bununla bağlıdır. Buna görə də, bir daha deyirəm, terror olayının arxasından kimin çıxacağı məsələsi önəmlidir. Baş nazir Davudoğlu da bəzi şeylər deyib və hədəfdə İŞİD-in və PKK-nın olduğunu söyləyib. Amma mən bir az da daha səbrli yanaşmağın tərəfdarıyam. Çünki söylənilənlər bir az seçicini sakitləşdirmək üçün də ola bilər. İşin arxasında hansı gücün olduğunu yaxın zamanda öyrənə biləcəyik.


– Ümumiyyətlə, 1 noyabrdan sonra AKP hökuməti təkbaşına qura biləcəkmi?

– Bugünkü şərtlərdə gözlənilməz bir şey yoxdur. Yenə də Türkiyədə koalisiya hökumətin olacağı ehtimalı yüksəkdir. Amma bu koalisiyanın hansı şəkildə olacağını demək bir az çətindir. Bir məqamı deyim ki, Dövlət Baxçalının apardığı siyasətə görə MHP koalisiyada olmayacaq. Çünki MHP hər kəsə “xeyr” deyə-deyə özünə qapanmış şəkildədir və bütün məsuliyyəti hakimiyyətin üstünə yıxmağa çalışır.


– Bəs Ankaradan Azərbaycandakı 1 noyabr seçkiləri necə görünür?

– Azərbaycandakı seçkilərin nəticələrinin əvvəlcədən bilinməsi səbəbindən çox ciddi dəyişiklik və yeniliyin olacağını zənn etmirəm. Türkiyə mütəxəssisləri öz ölkələrinin daxili məsələləri ilə məşğul olduğundan onları Azərbaycandakı parlament seçkiləri çox da maraqlandırmır. Onlar üçün ümumi vəziyyət əsasdır, bu isə hər hansı bir ciddi dəyişikliyin olacağını göstərmir. Azərbaycandakı seçkilərin bölgəyə və ölkə daxilinə ciddi dəyişiklik gətirəcəyi gözlənilmir.


– Regiona qayıdaq, Suriya prezidenti Bəşar Əsədin dəvətilə Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi barədə fikirlər müxtəlifdir. Birincilər Rusiyanın Əfqanıstanda olduğu kimi “bataqlığa” girdiyini,  ikincilər isə şimal ölkənin qlobal gücünün göstərdiyini söyləyirlər. Siz bu barədə nə düşünürsünüz?

– Rusiya ən yaxşı bacardığı işi etdi. Bununla da bölgədə anti-Amerikan güclərinin başında məhz Rusiyanın olduğu mesajını verməyə çalışdı. Söhbət heç də Əsədin hakimiyyətdə qalıb-qalmaması deyil, əsas məsələ ABŞ-ın onlarla siyasi bazarlığa oturmasıdır. Sanki “soyuq müharibə” dövrünə qayıtmaq mesajıdır. Bəli, bununla bağlı fikirlər haçalanır və mən dediyiniz hər iki fikri qəbul edirəm. Çünki Rusiya, doğrudan da, çox riskli bir oyuna girib. Görünən odur ki, Rusiya məzhəb mübarizəsində şiə qanadını dəstəkləyir. Rusiyanın daxil olduğu bölgədə müsəlmanların çoxu sünnidir. Məsələ ondadır ki, Rusiya daxilindəki 30 milyona yaxın müsəlmanın davranışının necə olacağı sualı var. İkinci, Rusiya bölgəyə müdaxilə etməklə İŞİD-la qarşı-qarşıya qaldı. İŞİD isə şəbəkə təşkilatıdır, fəaliyyəti həm dövlətə bənzəyir, terroru da klassik standartlardan fərqlidir. Bir yandan dövlət kimi hərəkət edir, o biri yandan şəbəkədir, yəni üzvlərinin harda və necə üzə çıxacağı olduqca çətindir. Bu baxımdan Rusiyadan gənc qızların belə İŞİD-ə qatılmasını da göz önünə alsaq, bu təşkilatın şimal ölkədə də çox təsirli gücə sahib olduğunu unutmamalıyıq. Bundan əlavə, İŞİD daxilində rus dili istifadə olunan üçüncü dildir, bu təşkilatın rus dilində çox ciddi təbliğat sistemi və savaşan çox sayda Rusiya vətəndaşı var. “Onlar Rusiyaya döndükdən sonra necə olacaq” sualına cavab vermək olduqca çətindir. Ona görə Əfqanıstan amili doğru olaraq xatırlanır. Eyni zamanda, Amerikanın Rusiyanı təxribata çəkərək, bu bataqlığa çəkməsi fikirlərinə də yer verilir. Əgər bu proses uzun sürərsə, Rusiyaya iqtisadi-siyasi təsirləri necə olacağını demək də çətindir. Yəqin ki, Amerika və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından xəbərdarsınız. İndiki zamanda Rusiya iqtisadi böhranla qarşı-qarşıyadır. Neftin qiyməti artmır və çətin ki, artsın.


– Suriyaya müdaxilə neftin qiymətini artıra bilərmi?

– Xeyr, çünki neftin qiymətini Suriya yox, başqa Səudiyyə  Ərəbistanı olan OPEC ölkələri müəyyənləşdirir. Həm də İrana qarşı yumşalmalar sonrası neftin qiyməti çətin ki, artsın.


– Kremlin Suriyaya hərbi müdaxiləsi Ukrayna məsələsini unutdurmadımı?

–  Yox, zənn etmirəm, çünki mütəxəssislər heç bir zaman heç bir şeyi unutmurlar. Təbii ki, Rusiya şahmat oyunu kimi Suriyaya hərbi müdaxiləsi ilə Ukrayna olaylarında da nələrsə əldə etməyə çalışır.


– Məsələn, nə etməyə çalışır?

– Suriyaya müdaxilə Qərbin siyasi bazarlığa oturmasına şərait yaradır, bir növ özü üçün bazarlıq payı açır. Rusiyanın Suriyada apardığı siyasətin uğurlu olmasından asılı olaraq ABŞ və Avropa Birliyi nə vaxtsa Kremllə bazarlıq edəcəklər. Ümumi götürdükdə, hadisələrə, xarici siyasətə bütöv baxmaq lazımdır, digər ölkələr də bu cür yanaşırlar.


– Dediklərinizdən o fikir yaranmır ki, Rusiya Suriyaya həmlə etməklə regional gücdən qlobal gücə çevrilir?

– Yox, qlobal və regional güc məsələsində ölkənin gücü önəmlidir. Bir hərbi müdaxilə Rusiyanın qlobal güc anlamına gəldiyini deməyə əsas verməz. Rusiya əlində çox güclü silahlar olan böyük dövlətdir. Amma dünya siyasətinə qlobal şəkildə müdaxilə gücünü SSRİ-nin çökməsiylə itirib. Hazırda Moskva həmin gücü geri almağa çalışır. Bunun nə qədər mümkün olduğunu söyləmək çətindir. Çünki qlobal güc məsələsində əsas məsələ iqtisadiyyat, elm və texnoloji imkanlara bağlılıqdır. İndiki şərtlərdə Rusiyanın bu məsələdə imkansız olduğu üzə çıxır. Rusiya hərbi və digər texnoloji baxımdan  ABŞ-dan, Çindən və Avropa Birliyi ölkələrindən geri qalır. Ona görə Rusiya son illər diplomatik siyasətdə təhdidvari şəkildə nüvə silahından danışmağa üstünlük verir. Bu, çox vacib məsələ olduğundan diqqətdə saxlanılmalıdır.


– Rusiyanın Suriyaya hərbi müdaxiləsi Ankaranı razı salmadı, hətta prezident Ərdoğan sərt açıqlamalar verdi. Rusiyanın qazından imtina edilməsi gündəmə gəldi, bu mənada Türkiyənin Azərbaycan qazına üstünlük verəcəyi barədə fikirləri necə şərh edərdiniz?

– Məsələ ondadır ki, prezident Ərdoğanın açıqlamaları siyasi səciyyə daşıyır. Yəni müsajlardır. Prezident imtina etmədi, amma edə bilər. Bununla Ərdoğan deyir ki, Rusiya bu davranışları ilə Suriyadakı planlarımızı alt-üst edir, dolayısı ilə bizim kimi dost və müttəfiqi itirə bilər. İtirdiyi zaman da təbii qaz və və başqa layihələrə yenidən baxa bilərik. Azərbaycan qazına gəldikdə, onsuz da Ankara Bakıyla ortaq layihə yürüdür. Bundan əlavə, Türkiyə “TransXəzər” boru xətti layihəsinin həyata keçməsində maraqlı ölkədir. Başqa tərəfdən Rusiyanın qazından tam şəkildə imtina etmək indiki şərtlərlə mümkünsüzdür. Türkiyə buna getməz, enerji naziri də bu barədə qeyd etdi ki, Ankaranın Moskva ilə iqtisadi sahədə hər hansı bir problemi yoxdur. Nəzərə alın ki, Türkiyə xaricdən aldığı qazın 80 faizini Rusiya və İrandan alır. Türkiyə neftin 90 faizini isə Rusiya, İran və İraqdan alır. Görürsünüzmü, Türkiyənin enerji qaynağı qonşuluğunda olan  problemli ölkələrdir. Bunlardan keçmək asan deyil. Təbii ki, Türkiyə son illər siyasətində alternativliliyə, çoxşaxəliliyə önəm verir. AKP dönəmində Rusiyadan aldığı qaz 60 faiz civarına çıxarılıb. Bilirsiniz ki, Avropa Birliyi bir ölkədən 30 faizdən çox enerji məhsulunu almağı riskli asılılıq hesab edir. Bu mənada Türkiyənin Rusiyadan riskli asılılığı var. Amma inanmıram ki, bunun ikili münasibətlərə təsiri olsun. Eyni zamanda, Türkiyə Rusiya üçün çox ciddi bazardır, birinci ikincinin təbii qazda ən böyük tədarükçüsüdür, Moskva bundan ildə 9,2 milyard dollar qazanır. Yəni Türkiyə Rusiya üçün həm əlverişli, həm də doğru müştəridir. Türkiyə Rusiya üçün Avropa Birliyinə açılan qapıdır, belə olduqda Moskva Ankaradan vaz keçsə, çox ciddi problemlər yaşanar və Avropaya son çıxış qapısını qapadar.

Ana səhifəXəbərlər”Türkiyə Rusiya üçün Avropa Birliyinə açılan qapıdır”