Türkiyənin “Turkish Airlines” aviaşirkətinin yükdaşıma bölməsi “Turkish Cargo” İstanbul-Yerevan-İstanbul marşrutu üzrə ilk karqo uçuşunu edib.
Bu barədə Türkiyənin “Aeroportist” aviasiya nəşri məlumat yayıb. Məlumata görə, ilk uçuş noyabrın 15-də olub.
“Turkish Cargo” bildirib ki, yeni marşrut iki ölkə arasında yükdaşımaları genişləndirməyə və beynəlxalq logistika şəbəkəsinin inkişafına xidmət edəcək. Lakin daşınan yükün həcmi və növü, eləcə də növbəti uçuşların qrafiki barədə məlumat açıqlanmayıb.
Yük reysi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində təmasların intensivləşdiyi dövrə təsadüf edir.
2026-cı ilin martında “Turkish Airlines” İstanbul-Yerevan-İstanbul marşrutu üzrə müntəzəm sərnişin uçuşlarına başlayıb.
Bundan əvvəl həmin marşrut üzrə Türkiyənin “Pegasus” aviaşirkəti də sərnişin daşımaları həyata keçirirdi. Ermənistanın “FlyOne Armenia” aviaşirkəti isə 2023-cü ildə Türkiyənin hava məkanından istifadəyə qoyduğu məhdudiyyətlər səbəbindən uçuşlarını dayandırmalı olmuşdu.
Yeni yük reysi Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən bir neçə gün sonra olub.
Paşinyanla Ərdoğan noyabrın 11-də Antalyada keçirilən COP31 iqlim sammiti çərçivəsində görüşüblər.
Ermənistan hökumətinin məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, regional nəqliyyat yollarının açılması müzakirə olunub. TRIPP layihəsi ilə bağlı məsələlər də gündəmdə olub.
Paşinyan görüşdən sonra Türkiyə ilə münasibətlərin yaxın vaxtlarda tam normallaşacağına ümid etdiyini bildirib.
Türkiyə və Ermənistan 2022-ci ildə üçüncü ölkə vətəndaşlarının iki ölkə arasındakı quru sərhədindən keçməsinə icazə verilməsi barədə razılığa gəlsələr də, bu qərar hələ həyata keçirilməyib.
Ankara sərhədin tam açılmasını Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişlə əlaqələndirir. Ermənistan rəsmiləri isə apreldə Azərbaycanı Türkiyə ilə münasibətlərin normallaşmasına mane olmaqda ittiham ediblər.
Bununla belə, 2026-cı ildə iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb.
May ayında Paşinyan Gürcüstanla Türkiyəni birləşdirən Axalkalaki-Qars dəmir yolunun Ermənistanın ixrac və idxal yüklərinin daşınması üçün açıldığını bildirib.
Həmin ay Türkiyə Ermənistanla birbaşa ticarətə qoyduğu məhdudiyyətləri aradan qaldırıb. Beləliklə, malların üçüncü ölkədə yenidən qeydiyyata alınmasına ehtiyac olmadan iki ölkə arasında ticarət aparmaq imkanı yaranıb.
Oktyabrda isə Türkiyə və Ermənistan Gümrü-Qars elektrik xəttinin bərpasını və yenidən istifadəyə verilməsini müzakirə ediblər.
Bundan başqa, yanvarın 1-dən diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza prosedurları sadələşdirilib. İki ölkənin iş adamları arasında da bir neçə görüş keçirilib.
Türkiyə 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistanla quru sərhədini bağlayıb. Həmin vaxtdan sərhəd bağlıdır. Türkiyə ilə Ermənistan arasında indiyədək diplomatik münasibətlər də qurulmayıb.