Gələn il investisiya xərcləri və dövlət müəssisələrinə subsidiyalar azaldılacaq

Foto: prassarp\shutterstock

2027-ci ilin dövlət büdcəsində investisiya xərclərinin və dövlət müəssisələrinə ayrılan subsidiyaların həcminin azalması gözlənilir.

Belə ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində əsaslı vəsait qoyuluşu xərcləri 5,3 milyard manat təşkil edəcək. Bu, cari ilin büdcə proqnozu ilə müqayisədə 643,6 milyon manat və ya 10,8 faiz azdır.

Ümumilikdə, Hesablama Palatasının rəyindən aydın olur ki, hökumət investisiya xərclərini üç istiqamət üzrə maliyyələşdirməyi planlaşdırır.

Birinci istiqamət dövlət investisiya proqramları çərçivəsində ayrılan vəsaitləri əhatə edir. Bu məqsədlə yuxarıda da qeyd etdiyimiz kimi, 5,3 milyard manatın yönəldilməsi proqnozlaşdırılır.

İkinci istiqamət xaricdən cəlb edilən kreditlər hesabına birgə maliyyələşdirilən layihələrə ayrılan vəsaitlərdir. Həmin layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə dövlət büdcəsindən 700 milyon manat ayrılması nəzərdə tutulur.

Təəssüf ki, nə büdcə zərfində, nə də Hesablama Palatasının rəyində bu vəsaitlərin konkret hansı investisiya layihələrinə yönəldiləcəyi barədə məlumat verilib.

Büdcədən investisiya xərcləri üzrə vəsait ayrılacaq üçüncü istiqamət isə ayrı-ayrı layihələrin maliyyələşdirilməsi olacaq.

Bu layihələr aşağıdakılardır:

  • Xüsusi təyinatlı layihələrin maliyyələşdirilməsinə 709 milyon manat;
  • Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulmasına 434 milyon manat. Qeyd edək ki, dövlət büdcəsindən bu istiqamətə 2017-ci ildən davamlı olaraq vəsait ayrılır. Layihənin ümumi dəyəri artıq 2 milyard manatı ötüb;
  • Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin iştirak payı ilə bağlı xərclərə 150 milyon manat. Xatırladaq ki, son illərdə Azərbaycan hökuməti bir sıra türk və ərəb dövlətləri ilə birgə investisiya fondları təsis edib;
  • Turizmin inkişafına 41 milyon manat;
  • Büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların tikinti, bərpa, yenidənqurma və əsaslı təmir işlərinə, müxtəlif növ əsaslı alışların həyata keçirilməsinə, eləcə də digər layihələrə 2 milyard 466 milyon manat.

İşğaldan azad edilmiş torpaqların bərpasına ayrılan xərclər 10 faizədək azaldılıb

Hesablama Palatasının rəyinə əsasən, 2027-ci ildə infrastruktur yönümlü layihələrə 3,2 milyard manat, sosial yönümlü layihələrə 1,7 milyard manat, müdafiə və hüquq-mühafizə orqanları ilə bağlı layihələrə 281,4 milyon manat, digər layihələrə isə 96,4 milyon manat ayrılması nəzərdə tutulub.

Palatanın rəyinə görə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına 3,4 milyard manat ayrılacaq. Torpaqların işğaldan azad edilməsindən sonra ilk dəfə olaraq həmin ərazilərin bərpasına yönəldilən xərclər ümumi əsaslı vəsait qoyuluşlarının tərkibinə daxil edilib.

Növbəti ildə bu istiqamətdə ayrılan vəsait 2026-cı illə müqayisədə 100 milyon manat və ya 2,9 faiz, 2025-ci illə müqayisədə isə 382 milyon manat və ya 10,1 faiz az olacaq.

Hesablama Palatası bu azalmanı dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi məqsədilə tikinti layihələrinin əksəriyyətinin dəqiqləşdirilməsi, eləcə də bəzi layihələrin sifarişçilər tərəfindən öz vəsaitləri hesabına davam etdirilməsi ilə izah edir.

Bəzi dövlət müəssisələrinə subsidiyalar dayandırılıb, kənd təsərrüfatına isə artırılır

Gələn ilin dövlət büdcəsində ümumilikdə 1 milyard 328 milyon manat subsidiya ayrılması gözlənilir.

Büdcə rəyinə görə, 2026-cı ilin göstəricisi ilə müqayisədə subsidiyaların ümumi həcmi 24 faiz artsa da, dövlət müəssisələrinə ayrılan vəsaitlərdə azalma nəzərdə tutulur.

Növbəti il üçün proqnozlaşdırılan subsidiyaların 1 milyard 324 milyon manatı hüquqi şəxslərə, 4,8 milyon manatı isə yerli büdcələrə yönəldiləcək.

Dövlət müəssisələrinə ayrılan subsidiyaların payının azalması fonunda hüquqi şəxslərə verilən digər subsidiyaların payı artır. Bu artım əsasən kənd təsərrüfatında aparılan islahatlar çərçivəsində ayrılacaq subsidiyaların artırılması ilə əlaqədardır.

Dövlət müəssisələrinə ayrılan subsidiyaların azalmasını isə Palata məqsədli büdcə fondlarının ləğvi ilə əlaqələndirir.

Belə ki, 2027-ci ildə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu üzrə subsidiya nəzərdə tutulmayıb. Halbuki cari ildə bu fond üçün 155 milyon manat subsidiya proqnozlaşdırılsa da, həmin vəsaitin xərclənmədiyi məlum olub. Bunun əvəzində növbəti ildə “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” istiqaməti üzrə 163 milyon manat subsidiya ayrılması planlaşdırılır. Bu, cari ilin göstəricisindən 138 milyon manat çoxdur.

Bundan başqa, gələn il “Bakı Metropoliteni” QSC-yə də subsidiya ayrılması nəzərdə tutulmayıb. Halbuki 2026-cı ilin dövlət büdcəsində qurum üçün 40 milyon manat vəsait ayrılması gözlənilir. Qeyd edək ki, bu il Prezident fərmanı ilə “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC ləğv edilərək “Bakı Metropoliteni” QSC-yə qoşulub. Bununla da ictimai nəqliyyat sektorunun yenidən təşkil edilməsi barədə qərar qəbul olunub.

Nəticədə bu ləğvlər dövlət müəssisələrinə ayrılan subsidiyaların ümumi həcminin azalmasına təsir göstərib.

Eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə həvalə edilməsi ilə əlaqədar İpoteka və Kredit Zəmanət Fonduna ayrılan subsidiya dayandırılıb.

Cari ildə olduğu kimi, 2027-ci ildə də subsidiyaların ən böyük hissəsi kənd təsərrüfatına yönəldiləcək.

Belə ki, növbəti ildə kənd təsərrüfatına 775,2 milyon manat subsidiya ayrılması proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 239,5 milyon manat və ya 44,7 faiz çoxdur.

Cədvəl Chatgpt ilə hazırlanıb

Ana səhifə ▸ Xəbərlər ▸ Gələn il investisiya xərcləri və dövlət müəssisələrinə subsidiyalar azaldılacaq