Turizmin təbliği üçün eyni şirkət son 4 ildə 16 tender qazanıb

Mənbə: Chatgpt

“Vega Travel Management” MMC son illərdə Dövlət Turizm Agentliyinin ən çox tender qazanan şirkətlərindən birinə çevrilib.

Dövlət Turizm Agentliyi xaricdə Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində keçirdiyi növbəti iri həcmli satınalmanın qalibini müəyyənləşdirib.

Agentliyin keçirdiyi tenderin qalibi “Vega Travel Management” MMC olub. Şirkətlə Cənubi Asiya və MDB ölkələrində 2026-cı il üçün təbliğat xidmətlərinin göstərilməsi üzrə 1 milyon 180 min 230 manat dəyərində satınalma müqaviləsi bağlanıb.

Məlumat üçün bildirək ki, 5 min manat nizamnamə kapitalına malik olan “Vega Travel Management” MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur.

Bu, Dövlət Turizm Agentliyinin son aylarda sözügedən şirkətlə bağladığı ilk müqavilə deyil.

Belə ki, bu ilin may ayında Agentlik İspaniya, İtaliya və Fransadan jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili üçün də “Vega Travel Management” MMC-ni seçmişdi. Həmin satınalmaya görə şirkətə 203 min 521 manat 50 qəpik ödənilib.

Satınalma reyestrinin məlumatlarına görə, 2022-ci ildən bu günədək bu şirkətlə müxtəlif dövlət qurumları ilə ümumilikdə 45 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin ümumi dəyəri 8 milyon 512 min 506 manat 99 qəpik təşkil edir.

Həmin müqavilələrin 16-sı Dövlət Turizm Agentliyinin payına düşür. Agentliyin bu gün elan etdiyi 1 milyon 180 min 230 manatlıq yeni satınalma da nəzərə alındıqda, Dövlət Turizm Agentliyinin təkcə bu şirkətlə bağladığı müqavilələrin ümumi dəyəri 5 milyon manatdan çoxa çatır.

Diqqət çəkən məqamlardan biri də odur ki, Agentlik son illərdə xarici bazarlarda Azərbaycanın tanıdılması, müxtəlif ölkələrdən jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin ölkəyə tanışlıq səfərlərinin təşkili ilə bağlı satınalmalarda mütəmadi olaraq eyni şirkətə üstünlük verir.

Dövlət Turizm Agentliyinə Fuad Nağıyev rəhbərlik edir. Prezident İlham Əliyev ötən il imzaladığı sərəncamla Agentlik sədrinə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan etmişdi.

Buna baxmayaraq, Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm sənayesi nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili, eləcə də ölkənin xaricdə təbliği məqsədilə hər il milyonlarla manat dəyərində satınalmalar həyata keçirir. Son tender də bu istiqamətdə ayrılan iri məbləğli vəsaitlərin davam etdiyini göstərir.

Ana səhifəXəbərlərTurizmin təbliği üçün eyni şirkət son 4 ildə 16 tender qazanıb