Şəmşad Ağa: “Hakimiyyətin gündəliyində mətbuat deyə bir anlayış yoxdur”

Şəmşad Ağa. İllüstrasiya: Meydan TV

Meydan TV işi” çərçivəsində həbs olunan “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Milli Mətbuat Günü ilə əlaqədar AbzasMedia-nın suallarını cavablandırıb. O, ölkədəki mövcud media mühitindən, “Media haqqında” Qanunun müstəqil mətbuata təsirindən, jurnalistlərin və sosial şəbəkələrdə problemlərini ictimailəşdirən vətəndaşların təzyiqlə üzləşməsindən danışıb.

– Hakimiyyət mətbuatın 151 illiyini rəsmi tədbirlərlə qeyd edir, siz isə növbəti Milli Mətbuat Gününü həbsdə keçirirsiniz. Həbsdə olan jurnalist kimi bu təzadı necə qiymətləndirirsiniz və bu vəziyyət sizdə hansı duyğu və düşüncələr yaradır?

– Hakimiyyət Milli Mətbuat Gününü qeyd etmir, çünki onun gündəliyində mətbuat deyə bir anlayış yoxdur. Hakimiyyətin qeyd etdiyi “Milli Mirzələr Günü”dür. Həqiqəti anlayan, onun yanında olan hər bir şəxs – istər həbsxanada olsun, istərsə də azadlıqda – bu gerçəyi görür. Azərbaycan hakimiyyəti Sovet rejiminin qalığıdır. Ona görə də eyni yanaşmanı sərgiləyir. Bir sözlə, “Milli Mirzələr Günü” Milli Mətbuat Günü adı altında manipulyasiya edilir. Yeri gəlmişkən, bu, bütün avtoritar rejimlər üçün xarakterik xüsusiyyətdir. Müstəqil mətbuatın sıradan çıxarılması da bu yanaşmanın nəticəsidir.

– Həbsdə olduğunuz müddətdə Azərbaycan mediasında hansı dəyişiklikləri müşahidə etmisiniz? Bugünkü media mühitini həbsinizdən əvvəlki dövrlə müqayisə etdikdə ən mühüm fərqlər nələrdir?

– Həbsimdən əvvəl mürtəce “Media haqqında” Qanuna etiraz edəndə bu qanunu ona qədərki repressiv siyasətin və avtoritar yanaşmanın davamı saymışdım. Digər həmkarlarım kimi mən də bilirdim ki, bu qanunla mediaya qarşı repressiv metodları legitimləşdirmək, müstəqil mətbuatı sıradan çıxarmağa çalışırlar. Ona görə də bu irticaya xidmət edən qanunu müstəqil mətbuatın “edam hökmü” adlandırmışdım. Məhz bu qanundan sonra müstəqil mediaya – “AbzasMedia”, “Toplum TV” və “Meydan TV”yə qarşı həyata keçirilən amansız repressiyalar hakimiyyətin niyyətini tam ortaya qoydu. Bayaq qeyd etdim ki, Azərbaycandakı hakimiyyət Sovet rejiminin qalığıdır. Bunu təsadüfən demədim, çünki tarixə baxsanız, yalnız Stalinin dövründə bir səhv sözə görə bir media orqanının bütün əməkdaşları həbs edilib, güllələnib. Azərbaycanda da üç media orqanının Bakıda olan bütün əməkdaşları həbs olunub. Müqayisəyə gəlincə, həbsimdən əvvəl də müstəqil media “Partizan hərəkatı” dövrünü yaşayırdı, indi də. Sadəcə, onda ölkə daxilində, indi isə ölkə xaricində fəaliyyət göstərir. Əhəmiyyətli cəhəti isə odur ki, proses dayanmayıb, davam edir. Artıq iki cəbhə var: həm tərəqqi-inkişaf uğrunda cəhdlər edilir, həm də “Tərəqqi” medalı uğrunda basabas düşüb. Zərdabi ənənələrinin daşıyıcıları birinci tərəfdə duranlardır. Onların hər birini zalımın zindanından salamlayır, əzm, dəyanət və uğurlar arzulayıram.

– Təmsil etdiyiniz medianın ictimai əhəmiyyətli mövzuları gündəmə gətirməsi və həqiqətləri üzə çıxarması həm cəmiyyət, həm də hakimiyyət üçün hansı məna daşıyırdı?

– Azərbaycan hakimiyyəti həqiqəti özünün ən böyük düşməni elan edib, çünki bütün idarəetmə yalan və yaltaqlıq üzərində qurulub. O, vətəndaşı dinləmək, onun problemini görmək istəmir. Media vətəndaşın problemini göstərən aynadır. Öz eybəcərliklərini bu aynada görən hakimiyyət eyblərini düzəltmək, özünü səliqə-səhmana salmaq əvəzinə güzgünü sındırır. Həbsdə olduğum müddətdə Azərbaycan televiziyalarını müntəzəm izləyirəm. Bütün sosial xəbərlərin sonunda gəlinən nəticə odur ki, vətəndaş günahkardır. Bu tezis məqsədli şəkildə televiziyalara, hökumətyönlü medialara ötürülür və tirajlanır. Əsas məğzi də budur ki, vətəndaş hüququnu bilmir deyə biz də əzirik. Sanki hüququnu bilən vətəndaşın problemlərini həll etməyə normal idarəetmə, ədalətli məhkəmə sistemi var.

Medianı 4-cü hakimiyyət kimi xarakterizə edirlər. Yəni, hakimiyyətin 3 qoluna ictimai nəzarətdir media. Azərbaycanda isə hakimiyyətin iki qolu – qanunverici və məhkəmə – icraedici hakimiyyətin notariat kontorudur. Belə olan halda 4-cü hakimiyyətə də gərək qalmır. Həbslərə gəlincə, avtoritar rejimlərin ən qorxduğu silah ictimai rəydir. İctimai rəyi sıradan çıxarmaq üçün onu formalaşdıran medianı susdurmaq, jurnalistləri həbs etdirmək lazım gəlir. Çünki daxildə istənilən etiraz avtoritarların qorxulu yuxusudur. Avropa Məhkəməsinin qərarlarında jurnalistlər cəmiyyətin “gözətçi köpəkləri” kimi xarakterizə olunur. Ölkəni bir evə bənzətsək, gözətçi köpək yoxdursa, oğrunun işi asanlaşır, rahat çapıb-talaya, oğurlaya bilir. Bu hakimiyyət də rüşvət və korrupsiya üzərində bərqərar olunub. Çox doğru sual verdiniz, jurnalistlərin həbsi qısa müddətdə hakimiyyətə daha çox oğurlamaq imkanı verir, cəmiyyət, ölkə, xalq isə uzun müddət böyük itkilər yaşayır. Çünki oğurlanan hər şey xalqındır. Mən həmişə hakimiyyətin vətənpərvərlik nağıllarını dinləyəndə Saltkov-Şedrinin bir fikrini xatırlayıram: “Haçan ki vətənpərvərlikdən danışırlar, deməli, nəyisə oğurlamağa çalışırlar”.

– Hakimiyyət bu gün müstəqil media ilə yanaşı, sosial şəbəkələrdə problemlərini ictimailəşdirən vətəndaşlara da təzyiq göstərir. Sizcə, bu siyasət informasiya axını üzərində tam nəzarət yaratmağa imkan verəcəkmi?

– Sosial şəbəkələrə qarşı aparılan kampaniyanı televiziyalardan izləyirik. Əslində, bu, gözlənilən idi. Çünki sosial medialara nəzarət imkanları məhduddur. İllər öncə hakimiyyətin rəsmi informasiya agentliklərinin birinin rəhbəri çıxışında demişdi ki, “Facebook”da bədii şura yaradılmalıdır. Nərimanov Rayon Məhkəməsi qərar çıxarmışdı ki, “Facebook” təzkib versin. Əslində, bu gülməli hallar böyük isterikadan xəbər verirdi. İndi də bu isterika davam edir. Ona görə də çıxış yolunu sosial şəbəkədə problemlərini işıqlandıran vətəndaşlara təzyiq etməkdə görürlər. Çünki başqa cür nəzarət imkanı yoxdur.

Qorxu mühiti yaradırlar ki, vətəndaş öz problemini dilə gətirməyə çəkinsin. Bir müddət öncə “Türkmənistanlaşan Azərbaycan” yazımda sosial şəbəkələrlə bağlı hakimiyyətin yanaşmasına toxunmuşdum. Amma bir gerçəklik də var ki, dünyada yeni bir mərhələ başlayır: informasiya axını idarəolunan mərhələdən idarəolunmaz mərhələyə keçir. Hakimiyyətlər özünü bu prosesə uyğunlaşdırmağa çalışır, Azərbaycan hakimiyyəti isə prosesi özünə uyğunlaşdırmağa cəhd edir. Bu da mümkün deyil. Vətəndaşı əzib bezdirmək yaxşı bir yerə aparmır. Unutmaq olmaz ki, bəzən kiçik bir kibrit çöpü böyük yanğınlara səbəb olur.

– Həbs şəraiti sizin peşəkar və şəxsi baxışlarınıza necə təsir edib? Media ilə bağlı qənaətlərinizdə hansısa dəyişiklik olubmu?

– Mandela deyir ki, həbsxana dəyişən dünyanın tərpənmək nöqtəsidir. Dünya dəyişir, burda isə günlər bir-birinin təkrarıdır. Həmkarımız Aysel Ümüdova bunu belə ifadə edir: “Bu gün dünənin kopyasıdır”. Ona görə də çalışırıq daha çox oxuyaq, kənardan informasiya əldə edək, dəyişən dünya ilə ayaqlaşa bilək. Hansı ölkədə yaşadığımızın da fərqindəyik. Burada müxtəlif ittihamlarla həbs olunmuş, şərlənmiş insanların hekayələrini dinləyəndə, məhkəmələrdəki ədalətsizlikləri görəndə ölkənin necə idarə olunduğunu aydın görmək olur. Əslində, həbsxana ölkəni bizə daha yaxşı tanıtdı. Bir şeirimdə də qeyd etmişəm ki, “həbsxana bir ölkənin ağrıyan yeridir”. Yenə Mandelanın məşhur bir fikrinə istinad edim: “Bir ölkənin necə idarə olunduğunu bilmək üçün onun həbsxanasına düşmək lazımdır”.

– Azadlıqda olan jurnalistlərə, xüsusilə də bu peşəyə yeni addım atan gənclərə nə demək istərdiniz?

– Azadlıqda olan jurnalist həmkarlarıma ruhdan düşməməyi, daha əzmlə çalışmağı tövsiyə edirəm. İfadə azadlığı hər bir insanın təbii haqqı, fundamental hüququ olduğu qədər də müqəddəs bir anlayışdır. Heç bir istibdad sözə qalib gələ bilməyib. Sözlə savaşan bütün xanədanlıqlar fənaya uğrayıb. Ona görə də həm həbsdəki, həm də azadlıqdakı həmkarlarımızın fəaliyyəti, dəyərlərinə sadiqliyi qürurvericidir. Bu sahəyə gələn gənclərə isə çağırışım budur ki, yalançı təbliğata aldanmasınlar. Qarşıda iki yol var: ya mirzə olmaq, ya da jurnalist. Biri yalanın yanında dayanmaqdır, biri həqiqətin. Nə qədər çətin olsa da, həqiqətin yanında dayansınlar. Nitşe deyirdi ki, nəyə görə yaşadığını bilən insan istənilən “necə”yə dözə biləcək.

– Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan cəmiyyətinə hansı mesajı verərdiniz?

– Azərbaycan cəmiyyətinə, xalqına mesajım budur ki, media və sosial şəbəkələrin susdurulması jurnalistlərdən də öncə onların problemidir. Hər bir evdə bir güzgüyə nə qədər ehtiyac varsa, hər bir ölkədə də müstəqil mediaya bir o qədər, hətta ondan da çox ehtiyac var. Oğruya heyranlıq duymaqdansa, güzgünün qırılmasına etiraz etsinlər. Əks halda, mühit daha da eybəcər görünəcək.

Ana səhifəMeydan TV işiŞəmşad Ağa: “Hakimiyyətin gündəliyində mətbuat deyə bir anlayış yoxdur”