Toyuq əvvəldir, yoxsa yumurta?

Kainatin əvvəli qədər mürəkkəb olan bu sualın cavabını heç kəs bilmir

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Zərdüşt
Zərdüşt

Kainatin əvvəli qədər mürəkkəb olan bu sualın cavabını heç kəs bilmir. Amma soruşurlar, müxtəlif səpgilərdə, çox vaxt zarafat və dolamaq üçün . Bəzən isə ciddi şəkildə. Məsələn, belə: Azərbaycanın düşdüyü ağır böhranda kim daha çox müqəssirdir, hakimiyyət, yoxsa xalq?

Cavabı kimsə bilirmi? Məncə, yox, amma mübahisələr səngimir.

“Təqsir hakimiyyətdədir” deyənlər öz fikirlərini təsdiqləmək üçün sübut gətirirlər: Günahı xalqın üstünə atmaq düz deyil. Pis əsgər olmur, pis komandir olur. Məsələn:

– 1941-ci ildə Moskvanın müdafiəsini tapşırmışdılar Voroşilova, paytaxt əldən gedirdi. Tapşırdılar Jukova, bircə aya almanları 120 kilometr geri oturtdu, şəhəri xilas etdi.

– 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail Qorbaçov, Çin Xalq Respublikasında Den Syao-Pin gəlmişdilər. SSRİ qüdrətli sənaye və elm ölkəsi idi, Cin pis gündə, nəhəng əhalisi yarıac yaşayan ölkə idi. Qorbaçovun cəmi beşillik hakimiyyəti SSRİ-ni dağıtdı, Den-Syao-Pinin islahatları Cini dünyanın ən inkişaf etmiş ölkəsinə çevirdi.

– Gürcüstan rüşvətdə tək Qafqazda yox, bütün SSRİ-də birinci yerdə idi. Hakimiyyətə Mixail Saakaşvili gəldi, ətrafına təmiz vətənpərvərləri topladı, bir-iki ilə Gürcüstanı rüşvətdən təmizlədi. İndi bütün Qafqaz Gürcüstana həsədlə baxır, biznes Azərbaycandan və Ermənistandan Gürcüstana qaçır.

– Li-Kuan-Yu baş nazir vəzifəsinə gələndə Sinqapur rüşvət bataqlığında çabalayan kasıb və qapazaltı bir ölkə idi. Li-Kuan-Yu dəmir əllə rüşvət əjdəhasını boğdu, ölkəni korrupsiyadan tam təmizlədi, sahibkarlara fəaliyyət üçün ideal şərait yaratdı. İndi Sinqapur dünyada ən zəngin və qabaqcıl ölkələrdəndir.

– Heydər Əliyev hakimiyyətə 1969-cu ildə gəldi, şəxsən özü, kiçik fasilələri çıxsaq, otuz ilə yaxın ölkəyə rəhbərlik etdi. Oğlu da on üç ildir taxtda əyləşib. Azərbaycan haradadır? Ən miskin, ən rəzil gündəyik. Olan sənayemiz dağıldı, dövlət aparatı reket və zülm aparatıdır, rüşvət və yalan dövlətimizdə milli ideyaya çevrilib. Nəhəng neft pulları düşünülmədən israf olundu, yeyildi, indi qapılara düşüb pul dilənirik.

Hər şey hakimiyyətdən, yuxarıda kimin olmasından asılıdır!

“Hakimiyyətdə təqsir yoxdur, təqsir xalqdadır” deyənlər də öz fikirlərini sübut etmək üçün misal çəkirlər:

Azərbaycan xalqına düz yol göstərən azmı olub? İşğal və əsarət dövrünü demirik, onda xalqdan soruşan yox idi. Amma hərəkat başlayanda ki, tam hürriyyət var idi. Ay bəni-Adəm, bax, müqayisə et, düşün, seç. Bu xalq kimi seçdi, kimi sevdi? 1988-ci ildə Nemət Pənahovu, 1989-cu ildə Etibar Məmmədovu, 1990-cı ildə Ayaz Mütəllibovu, 1991-ci ildə Əbülfəz Əliyevi, 1993-cü ildə Heydər Əliyevi və sairə və ilaxır. İndi də İlham Əliyevi sevir. Yəni xalq öz mənafeyini anlamır, öz xeyrini bilmir. Bu xalq həmişə şeyx nəsrullahların arxasıyca getməyə amadədir. Əgər Mirzə Cəlilin Şeyx Nəsrullahı camaatı tovlamaq üçün ölüləri dirildəcəyini söz verirdisə, Əbülfəz Əliyev və dəstəsi xalqa çoxdan ölmüş “türk dünyası”nı diriltməyi söz verirdi. İndi isə İlham Əliyev 13 ildir Qarabağı qaytaracağını, hətta “İrəvanı” alacağını vəd edir.

Rus xalqı guya ki, böyük və mədəni xalqdır. Bu xalqı Yeltsin-Çubays cütlüyü necə də “bir azdan vauçerlə hərəniz bir “Volqa” maşını alacaq” deyərək aldatdı və soydu, ölkənin var-dövləti bir ovuc dələduzun əlinə keçdi. Onsuz da pis yaşayan rusların əksəriyyəti dilənçi kökünə düşdü.

Amerikan xalqı dünyada ən qabaqcıl ölkədə yaşayır. Yüksək elmi, qüdrətli sənayesi, mükəmməl dövlət cihazı var. Necə oldu 2000-ci ildə zəka göstəricisi ən aşağı olan Corc Buşu prezident seçdi, o da dünyanı, illa da ki, Yaxın Şərqi, xarabazara çevirdi?

Müsəlman dünyasına xilas naminə elmi, mərifəti, sənaye və mədəniyyəti inkişaf etdirmək lazımdır. Nə üçün bütün bunların əvəzinə müsəlmanlar gedib qoşulurlar onları orta əsrlərə səsləyən cahil radikallara və başlayırlar bir-birlərini ölüb-öldürməyə?

“Hər şey xalqdan asılıdır” fikrinə özünüzün də şərik çıxmağınız üçün daha bir misal çəkim. Təsəvvür edin ki, Allah-Taala millətə ibrət olsun deyə təcrübə qoyur, bir gecə 8,6 milyon isveçlini götürüb qoyur Azərbaycana, 9,6 milyon azərbaycanlını da götürüb qoyur İsveçə və buyurur ki, yaşayın!

Bir ildən sonra nə olacaq? İndi hamının “əl-həzər” dediyi Azərbaycan bu isveçlilərin ağıllı və qanacaqlı zindəganlığının nəticəsində bir ildən sonra dönüb olacaq Avropanın ən qibtəediləsi abad ölkəsi! Qanunların aliliyi? Təmin olunub! Parlament? Ən vicdanlı və ağıllı adamlarla dolub! Sənaye? Cağ vəziyyətdə, mallarını Avropaya və Yaxın Şərqə satır! Kənd təsərrüfatı? Hər hektardan 60 sentner buğda! Hər inəkdən ildə 6 ton süd! Adambaşına illik orta gəlir? İldə 35 min avro!

Bəs azərbaycanlıların köçdüyü İsveçdə nə baş verir? Əvvəlcə ələ keçmiş abad ölkəni talan etmək naminə xudmani bir vətəndaş müharibəsi! Sonra, canım sənə desin, qanunlar atılır qalib gəlmiş quldurun ayağının altına, hamı bağırır ki, “böyüyün üzünə ağ olmayın”! Parlament? “Ləbbeyk” deyənlər yığnağı! Sənaye? Sökülüb qonşu ölkələrə satıldı! Kənd təsərrüfatı? Hər hektardan 12 sentner taxıl, hər inəkdən ildə 2 ton süd! İllik orta gəlir? İldə adambaşına 10 min avro!

Və sabiq azərbaycanlılar başlayırlar min bir fırıldaqla çiçəklənən Azərbaycana mühacirət etməyə! Səbəb də göz ünündədir! İnsan haqları addımbaşı pozulur, polis vətəndaşlara işgəncə verir, ədalətli məhkəmə yoxdur…

Bu yandan da Norveçin yadına düşəcək ki, Göteborq itin quduran vaxtında əsl və qədim Norveç torpağı olub. Hücum edib əyaləti İsveçdən alacaq! Cahili hərifləməmək günahdır!

Belə-belə işlər…

Mən bu mübahisədə, nə qədər ağrılı olsa da, ikinci fikrin tərəfdarıyam. Yəni, yumurta əvvəldir. Amma bu düzgün fikirlə yanaşı başqa bir fikir də məni gəmirir: bu şoğərib yumurtanı hansı andıra qalmış toyuq yumurtlayıb?

Ana səhifəMənim FikrimcəToyuq əvvəldir, yoxsa yumurta?