Tovlama

Xüsusi xidmət qurumlarının peşəkar işçilərinin fəaliyyət növlərindən biri də “verbovka”dır

Source:

Xüsusi xidmət qurumlarının peşəkar işçilərinin fəaliyyət növlərindən biri də “verbovka”dır. Mən bu sözü dilimizə həqiqi mənasına ən yaxın “tovlama” sözü ilə tərcümə edirəm.

Hər hansı bir insanı DTK-nın məqsədləri naminə əməkdaşlığa sövq etmək üçün onu ya ümumi mənafeyə xeyir gətirə biləcək amallar uğrunda işbirliyi vədəsi ilə aldadıb, ya hansısa bəd əməlinin ifşası hədəsi ilə qorxudub, ya tamahından sui-istifadə edib, pulla alıb başını tovlayırlar və tora salırlar. Tovlanıb tora düşmüş adam xəfiyyələrin çarəsiz qurbanına və oyuncağına çevrilir, necə istəsələr, elə də istifadə edirlər.

Azərbaycanın bilinən tarixində ən bacarıqlı tovlama ustası Ulu öndər olub. Bilinməyən tarixində bu sahədə bəlkə də daha mahir ustalar olub, lakin bu bilinmir.

Rəsmi dövlət ziyarəti ilə ilk dəfə Azərbaycana gəlmiş yeni rus prezidenti podpolkovnik Vladimir Putin qocaman siyasətçi, general-mayor Heydər Əliyevə əziz bir yadigar gətirmişdi: onun ikiillik Leninqrad DTK məktəbində aldığı qiymətlərin cədvəlini… Kursant Heydər Əliyev əlaçı imiş, bütün fənlərdən əla qiymət alırmış, o cümlədən “Verbovka” – “Tovlamaq” fənnindən.

Ulu öndər “əziz Leonid İliç Brejnev”i necə tovlayıb vəzifə pilləkanında sürətlə yüksəlmişdi? Onun sarı simini tapandan sonra, tərif və hədiyyələri xoşladığını biləndən sonra, bu sarı simi o ki var çalmışdı və istədiyinə çatmışdı.

Heç də hamı maddi nemətlərə tamarzı deyil. Elə adamlar var ki, onlar üçün vətəndən şirin heç nə olmur. Ulu öndər belələrini… vətənə sevgi hissi ilə tovlayırdı. Məsələn, qan xəstəlikləri üzrə məşhur həkim, elmlər doktoru, Moskvada qan xəstəlikləri üzrə aparıcı elmi-tədqiqat İnstitutunun direktoru Hənifə Abdullayev belələrindən idi. Ulu öndər onunla Azərbaycanın səhiyyəsinin düşdüyü ağır böhranı uzun-uzadı müzakirə edib onu tovlamışdı və Moskvadakı vəzifəsini tərk edib respublikanın səhiyyə naziri vəzifəsinə keçməsinə razılığını almışdı.

Təbii ki, Hənifə Abdullayev nazir təyin olunan andan ona qarşı kompromat hazırlanmağa və toplanmağa başlanmışdı və nəticədə görkəmli alim və həkim həbs olunmuşdu.

Azərbaycanda hamıdan çox Heydər Əliyevə nifrət edən adam Nadir Ağayev idi. Məhz Heydər Əliyevin tapşırığı ilə memar Nadir Ağayev həbs edilib dəlixana və həbsxanalarda 18 il çürümüşdü. Reyqanın məktubu ilə 1987-ci ildə azadlığa çıxmış dissident Nadir Ağayev təqaüdçü Heydər Əliyevə qarşı məhkəmə iddiası qaldırmaq üçün prokurorluğa saysız ərizələr yazırdı.

1992-ci ildə onu Naxçıvana aparırlar ki, “hər şeyi onun üzünə de!” Bir neçə saatlıq söhbətdən sonra mətin dissident onun otağından …YAP-ın təsisçilərindən biri kimi çıxmışdı.

Bax, buna deyərlər tovlamaqda ali pilotaj!

Təbii ki, Ulu öndər hakimiyyətə gələndən sonra Nadir Ağayevi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edir, bir neçə aydan sonra başçının rüşvətxorluğundan ərizələr yazdığına görə işdən azad edir və beləliklə də, sözünü kəsərdən salır.

Ulu öndərin Surət Hüseynovu tovlaması barədə müfəssəl məlumatı istənilən şəxs İnternetdən tapıb tanış ola bilər.

Tovlamağın fəndləri müxtəlif olduğu kimi, onun hədəfləri də müxtəlif olur. Var bir fərdin tovlanması, var bir qrupun tovlanması, bir də var bütöv bir cəmiyyətin tovlanması.

Fərdlərin tovlanmasına dair bir neçə misalı yuxarıda qeyd etmişəm. İnsan qruplarının tovlanmasına misalı biz hakim komandanın formalaşması nümunəsində görə bilərik. Bu zaman bir fənd işləyir: kompromat. Vəzifəyə təyin edilən və vəzifədə işləyən adam barəsində daim kompromat toplanır və yeri gələndə işə salınır. Əleyhinə kompromat olmayan insanı, çətin ki, məsul vəzifəyə təyin edərlər.

Yadınıza salın: səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov, sosial fondun rəhbəri Müslüm Səlimov, metronun başçısı Tağı Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, MTN naziri Eldar Mahmudov… İndi də Rüfət Aslanlı. Hakimiyyət hamısı barəsində bolluca kompromat toplamışdı. Milyonlar, milyardlar!

Qara camaatda belə bir inam var ki, bizdə milyon oğurlamayan nazir yoxdur və ola da bilməz. Bəlkə də qara camaat yanılır, bəlkə də heç kəsin tanımadığı sadədil və əlitəmiz nazirlər gecə-gündüz külüng çalıb, Tofiq Qasımov demişkən, xalqın meyidini yerdən qaldırır? Lakin birincilər göz önündədirlər, ikincilərdən xəbər yoxdur.

Sözümün canı odur ki, bir qrup insanı maddi sərvət iştahı ilə tovlayıb yönəltmək olar. Bizdə bu fənd işləyir və nəticəsini külli-əhli-Azərbaycan görür.

Bütöv bir toplumun tovlanması fəndi də var. Yəni bütün əhaliyə nəyi isə vəd edirsən və bu əhali oturub vədin icrasını gözləyir. Necə ki, sovet xalqı 70 il kommunizmin gəlməsini gözlədi və sonda zinhara gəlib yalançı kommunistləri dəbərtdi.

İndi də bizdə son 30 ildir əhaliyə Lazımın gəlməsi və Qarabağın labüd azad edilməsi nağılını danışıb başını tovlayırlar. Əhali bu nağılı dinləyir, dinləyir və dəxi inanmır. Nağılın tovlamaq gücü tükənib.

ABŞ-ın prezidenti Abraham Linkolnun məşhur bir kəlamı var: “Xalqın bir hissəsini həmişə aldatmaq olar, bütün xalqı bir müddət aldatmaq olar, lakin heç bir zaman bütöv xalqı həmişə aldatmaq olmaz”.

Məncə, bizim əhali də bu böyük siyasətçinin sözlərinin həqiqiliyini təsdiqləmək anına yetişir.

Qaldı bi tovlamaq söhbətinə, ondan yaxa qurtarmağın ən sadə yolunu vaxtilə diktator Pinoçetin məhbəsə atdığı Çili Kommunist Partiyasının lideri Luis Korvalana dəyişdirilmiş məşhur sovet dissidenti Vladimir Bukovskiy göstərmişdi: “Elə ki, gördün, səni DTK işçisi söhbətə dəvət edir, bil ki, iki şeydən biridir – ya sənə iş tikir, ya tovlamağa çalışır. Odur ki, cavab bir olmalıdır: əl-həzər ondan, həzər”.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTovlama