Mirvari Qəhrəmanlı: “Yerli işçilərə iki aydı məvacib verilmir”
“Topstaff LTD” xarici neft şirkətində azərbaycanlı işçilərin əməkhaqqı ödənilmir. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.
Onun sözlərinə görə, şirkətin ofisi İSR Plazada yerləşir: “Təşkilata daxil olan məlumatlarda deyilir ki, işə götürülərkən işçilərlə əmək müqaviləsi bağlanılmır, həmçinin işçilərin tibbi sığortası yoxdur. Yerli işçilərə iki aydı məvacib verilmir. Yalnız müraciətlərdən sonra martın 14-dən işçilərlə əmək müqaviləsi bağlayırlar”.
Təşkilatın müdaxiləsindən sonra 14 nəfərə maaş verilib. Həftənin sonunadək məvacib almayan 180 işçiyə pul ödəniləcəyi vəd edilib.
M.Qəhrəmanlı deyir ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılmaması Əmək Məcəlləsinin tələblərinin pozulmasına səbəb olur. Bu, həm də vergidən yayınmaqdır: “Qanunvericilik isə şirkət rəhbərliyinin ciddi cəzalanmasını tələb edir. İndi söz bu qanuna nəzarət edənlərindir”.
Təşkilat Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.
“Şirkətin rəhbəri Gürcüstan vətəndaşı Həsənova Mətanət Zahir qızıdır. Şirkətin saytı yoxdur, əlaqə nömrələrini tapmaq mümkün deyil. Mən Mətanət xanımla cəmi 10 dəqiqə söhbət edə bildim. İşçilərlə əmək müqaviləsinin bağlanılmadığı təsdiqləndi”-M.Qəhrəmanlı belə deyir.
Maaş ala bilməyən işçilər Qaradağ ərazisində çalışırlar. Şirkətin Azərbaycanda hansı işləri yerinə yetirdiyi açıqlanmır.
Şirkətə məxsus olduğu bildirilən telefon nömrəsinə də cavab verilməyib. Şirkətin Facebook səhifəsində bildirilir ki, “TOPSTAFF LTD” şirkəti 7 ildir ki, Azərbaycanın (Socar, Bos Shelf, Pasha Construction, Tekfen, North-West, Lider-Monolit, Synergy group) və digər böyük şirkətləri ilə təchizat sahəsində əməkdaşlıq edir.