Akif Qurbanov və digərləri 4 aylıq həbs edildi
“Toplum TV” ilə bağlı cinayət işi üzrə iki gün əvvəl saxlanılan şəxslər martın 8-də həbs qərarı verilməsi üçün məhkəmə qarşısına çıxarılıb. Onların arasında III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun fəalları Ramil Babayev, İlkin Əmrahov da var.
Adları çəkilən şəxslərin istintaq dövründə həbsdə saxlanması üçün verilən təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb. Lakin hər biri ilə bağlı məhkəmə prosesi ayrı-ayrılıqda keçirilib.
Hər üç məhkəmə prosesində təqdimatlar təmin edilib – Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahovun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Akif Qurbanov və digərlərinə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
“Toplum TV” işi üzrə saxlanılan şəxslərin evlərində, təşkilatın ofisində axtarışlar aparıldığı və hər birindən müəyyən məbləğdə pul tapıldığı iddia edilir. Lakin təqsirləndirilən şəxslər bu ittihamın yalan olduğunu, tapıldığı iddia edilən pulları evlərə və ofisə elə polislərin özlərinin yerləşdirdiyini bildirirlər.
Akif Qurbanov martın 8-də həbs qərarı çıxarılan məhkəmədə deyib ki, siyasi sifarişlə həbs olunub. Onun sözlərinə görə, martın 7-də təşkilatın ofisinə polislər qəfildən hücum edib, onu və III Respublika Platformasının Qurucu heyət üzvlərindən olan Ruslan İzzətlini tutub, bir otağa salıblar. Akif Qurbanov bildirib ki, digər otaqlar polislərin nəzarətində olub və həmin vaxt özləri pulu yerləşdirib, sonra da 30 min avro tapmış kimi qələmə veriblər.
Akif Qurbanov həmçinin polislərin ona qarşı zorakılıq etdiyini də məhkəmədə deyib.
Onun vəkili Şəhla Hümbətova Meydan TV-yə bildirib ki, məhkəmə zalında olarkən müvəkkilinin ona qarşı zorakılıqla əlaqədar qışqırığını eşidib:
“Qışqırırdı ki, “sındırdınız”. Məlum oldu ki, Akif Qurbanovu başını az qala, yerə dəyəcək həddə aşağı endirib, zorakılıqla gətiriblər. Hətta gətirəndə arxadan ona zərbə də vurublar. Başa düşə bilmirik ki, belə zorakılığa nə ehtiyac var? Əlbəttə, zorakılıq qanunsuzdur, yolverilməzdir. Anlamaq olmur ki, niyə belə davranırlar?”.
Şəhla Hümbətova əlavə edib ki, Akif Qurbanov haqqında həbs qərarını qanunsuz və əsassız hesabsız sayır, apelyasiya şikayəti verəcək:
“Akif Qurbanova qarşı zorakı davranışdan da şikayət verəcəyik”.
Martın 6-da polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.
Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan “Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib. Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov azadlıqdadır.
Bu barədə vəkil Zibeydə Sadıqova Meydan TV-yə deyib.
O bildirib ki, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilərək sərbəst buraxılıblar.
Hüquqşünas, “Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb. Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.
Ələsgər Məmmədlinin evində 60 min avro pul “tapılıb”. Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu deyirlər.
Məmmədli hazırda Bakı şəhər Baş Polis İdarəsində saxlanılır.
Axtarış zamanı Ruslan İzzətlinin evindən də pul “tapılıb”. Onun həyat yoldaşı ayrı otaqda təcrid olunub və axtarış prosesini görməyib.