Siyasi məhbus kimi tanınan şəxslər cəmiyyəti və beynəlxalq təşkilatları Azərbaycanda siyasi həbslərə qarşı birgə mübarizəyə çağırıblar.
Azərbaycanın müxtəlif həbsxana və istintaq təcridxanalarında saxlanılan 22 nəfər birgə bəyanat yayaraq siyasi məhbusların müdafiəsi üçün birlik çağırışı edib.
Noyabrın 9-da “Toplum TV”nin dərc etdiyi bəyanat “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilmiş, Respublikaçı Alternativ Platformasının (ResPlatforma) spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq hazırlanıb.
Bəyanat müəllifləri Azərbaycanda siyasi təqiblərin genişləndiyini, hakimiyyətin təkcə ölkə daxilində deyil, xaricdə yaşayan fəallara, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə də təzyiqlər göstərdiyini bildirirlər.
Onların fikrincə, ölkədə repressiyalar elə həddə çatıb ki, siyasi məhbusların sayı və onların üzləşdiyi problemlər cəmiyyətin əsas müzakirə mövzusuna çevrilməlidir.
“Əliyev rejimi ölkəni ‘həbs qəbiristanlığına’ çevirib”, – bəyanatda deyilir.
Müəlliflər hesab edirlər ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətlərinə görə həbs edilənlər arasında fərq qoyulmur. Siyasətçilər, jurnalistlər, ictimai fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri eyni təzyiq siyasəti ilə üzləşirlər.
Bəyanatda ölkədə 300-dən çox siyasi məhbusun olduğu xatırladılır. İmzalı müraciətdə bu problemin beynəlxalq səviyyədə daha fəal gündəmə gətirilməsi, siyasi məhbusların müdafiəsi üçün birgə fəaliyyət göstərilməsi istənilir.
Məhbuslar Azərbaycanın demokratikləşməsini istəyən ictimai-siyasi təşkilatları, ziyalıları, jurnalistləri, ölkə daxilində və mühacirətdə fəaliyyət göstərən fəalları səylərini birləşdirməyə çağırıblar.
Onlar bu istiqamətdə Belarus müxalifətinin liderlərindən Svetlana Tixanovskayanın və Venesuela müxalifətçisi Mariya Korina Maçadonun beynəlxalq fəaliyyət təcrübələrindən yararlanmağı təklif edirlər.
Bəyanat müəllifləri siyasi məhbusların problemlərinin beynəlxalq təşkilatların və xarici dövlətlərin diqqətinə çatdırılmasını, ölkədəki insan hüquqları pozuntularına qarşı daha ardıcıl fəaliyyət göstərilməsini istəyirlər.
Bəyanatı kimlər imzalayıb?
Müraciətə Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş, jurnalistlər Natiq Cavadlı, Ramin Deko, Şəmşad Ağa, Ülviyyə Əli, Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı və Əhməd Muxtar da imza atıblar.
İmzaçılar arasında hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Bəhruz Səmədov, ictimai fəallar Afiəddin Məmmədov, Ruslan İzzətli, Məmməd Məmmədzadə, Yaşar Ağazadə, İmran Əliyev, Əli Zeynal, Ramil Babayev, jurnalistlər Fərid İsmayılov və İqbal Əbilov da var.
Müraciəti imzalayanlar müxtəlif cinayət işləri üzrə həbs olunublar. Onların bir çoxu ittihamları qəbul etmir, həbs edilmələrini ictimai-siyasi və jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması barədə iddiaları qəbul etmir.