Toğrul İsmayıl: Lavrov səhv edib belə danışır, o, beynəlxalq hüquqdan böyük deyil

“Rus ordusu Dağlıq Qarabağda ola bilər, əgər özünü işğalçı görmək istəmirsə, beynəlxalq hüquqa hörmət etməlidir”.

Foto: Meydan TV


Sülhəddin Əkbər: "Lavrovun dediyi Rusiya hərbi-sənaye kompleksinin mövqeyidir"

Son iki günün müzakirə mövzusu Qarabağda Rusiya sülhməramlılarıyla birgə Türkiyə sülhməramlılarının da gələcəyi və bölgənin statusu ətrafındadır.

Noyabrın 10-da üç dövlət başçısının bəyanatında Türkiyə sülhməramlıları və status haqda heç bir bənd yoxdur. Bəyanatın 3-cü bəndində qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

Dördüncü maddədə Rusiya sülhməramlılarının qalma müddəti 5 il göstərilir: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti, tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam vermə niyyəti müddətinin bitməsindən 6 ay əvvəl bəyan etmədiyi təqdirdə, növbəti 5 illik dövrlər üçün avtomatik uzadılması ilə 5 ildir”.

Növbəti bənddə göstərilir ki, münaqişə Tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq və atəşkəsə nəzarət etmək üçün bir barışıq mərkəzi yerləşdirilir.

Bütün bunlara rəğmən Türkiyənin Müdafiə naziri Hülusi Akar bildirib ki, Qarabağ ilə bağlı anlaşmalara riayətin monitorinqində və müşahidəsində Türkiyə iştirak edəcək: “Türk hərbçilər birgə sülhməramlı missiyanın tərkibində olacaqlar".

Eyni zamanda, Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, Ankara və Moskvanın Qarabağda atəşkəs rejiminə riayətə nəzarət mərkəzlərinin və şöbələrinin harada yerləşdirilməsi məsələsi Azərbaycanla müzakirə ediləndən sonra həllini tapacaq: “Söhbət Qarabağdan gedirsə, ora Azərbaycan ərazisindir. Mərkəzlər və şöbələr Azərbaycanın gərəkli saydığı yerlərdə olacaq".

Ancaq onun rusiyalı həmkarı Sergey Lavrov: “Qarabağda atəşkəs rejiminə nəzarət mərkəzləri və şöbələri Qarabağdan kənarda, Azərbaycan ərazisində olacaq", – deyərək bölgədə Türkiyə sülhməramlılarının olmayacağını əlavə edib.

Sergey Lavrov eyni zamanda, bildirib ki, regionun statusu etnik və məzhəb məsələsinin həllindən asılı olaraq müəyyənləşəcək: “Qarabağın statusunun müəyyənləşməsi üçün heç bir süni tarix olmamalıdır”.

Rusiya prezidentinin sözçüsü Peskov isə Qarabağda türkiyəli sülhməramlılarla bağlı məsələ danışıqlarda ümumiyyətlə, müzakirə edilmədiyini bildirib: “Monitorinq mərkəzi Dağlıq Qarabağda yox, Azərbaycan ərazisində olacaq".

Bütün bunlardan sonra Türkiyənin "A-Haber" telekanalı məlumat yayıb ki, 1960 türkiyəli hərbçi sülhməramlı qismində Qarabağda olacaq.

Qeyd olunanları Meydan TV-yə şərh edən siyasi icmalçı Sülhəddin Əkbər Azərbaycan mətbuatında və cəmiyyətində iki məsələnin qarışdırıldığını bildirib:

“Sülhməramlı qüvvələrlə atəşkəsə birgə nəzarət mərkəzi ayrı-ayrı məsələlərdir. Sənəddə nəzərdə tutulduğu kimi Azərbaycana Rusiya sülhməramlılar qüvvələri yeridilib. Amma noyabrın 11-də Rusiya və Türkiyə Müdafiə nazirləri atəşkəsə birgə nəzarət haqqında memorondum imzalanıb. Yəni atəşkəsə birgə nəzarətin həyata keçirilməsi artıq razılıq var. "A-Haber" telekanalı məlumatına gəldikdə, bu, gündəmdə olsa da, hələlik rəsmiyyət qazanmayıb, amma böyük ehtimalla rəsmiyyət qazanması ehtimalı var. Belə olsa, Türkiyə-Azərbaycan arasında anlaşmaya əsasən türk sülhməramlıları ölkəmizə gələcək. İkinci mərhələdə böyük ehtimalla dekabrın 12-dən sonra Rusiyayla Türkiyə arasında bu sahədə hər hansı bir anlaşma əldə olunacaq”.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbərin sözlərinə görə, status məsələsində başda Fransa olmaqla hər üç həmsədr ölkə Azərbaycana təzyiq göstərəcəklər: “Ona görə də Azərbaycan Türkiyə ilə münasibətləri yeni strateji səviyyəyə qaldırmalı və bir dövlət kimi hərəkət etməlidirlər. Ancaq o halda Bakı təzyiqin qarşısında dayana bilər”.

O, Rusiya Xarici işlər naziri Lavrovun “regionun statusu etnik və məzhəb məsələsinin həllindən asılı olaraq müəyyənləşəcək” açıqlamasını belə şərh edib: “Lavrovun dediyi Rusiya hərbi-sənaye kompleksinin mövqeyidir. Hələlik Putin bu barədə açıqlama vermədiyindən Kremllə Xarici İşlər Nazirliyi arasında hələlik fərq var. Bilirsiniz, böyük dövlətlərdə bir neçə güc mərkəzi olur, Rusiyada onlardan biri hərbi-sənaye kompleksidir”.


"Belə məntiq yaranır ki, Rusiya Xankəndində faktiki hərbi baza yaradır”

Professor Toğrul İsmayıl mövcud sualların yaranamasının səbəbini 10 noyabr bəyanatında axtarmağın vacib olduğunu düşünür:

“Əvvəla, bəyanat yox, kapitulyasiya aktı imzalanmalıydı. İkinci, bəyanat anlaşma deyil, üç dövlətin birgə bəyanatıdır və mücərrəd məqamları çoxdur. Ona görə də Rusiya rəsmiləri çoxlu terminoloji manipulyasiyalar edir. Məsələn, ilk mətndə Qazaxın 7 kəndi vardı, sonra çıxarıldı. İlham Əliyev deyirdi ki, Xankəndindəki nəzarət məntəqəsində türk hərbçiləri olacaq, amma Rusiya tərəf bunu inkar edir. Sadəcə, bəyanatda dəqiq bənd Rusiya sülhməramlıları haqdadır. Amma bəyanatda Azərbaycanın ərazi bütövlüyü haqqında heç nə yoxdur. Əgər bu barədə bənd olsaydı, qarşı tərəfin də ərazi bütövlüyümüzü tanıdığı anlamına gəlirdi. Başqa bir narahatlıq Laçın dəhlizi haqdadır. Dəhlizin Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirməsi nə anlama gəlir?! Həmin dəhliz Azərbaycan ərazisidir, yoxsa Ermənistana verildi, – sualı da açıq qalır. Əgər həmin dəhliz Ermənistana verilirsə, o zaman Mehridən də onlar bizə dəhliz verməlidir, amma oradan yalnız yol çəkiləcək deyilir. Yəni qarşılıqlıq müqabilində heç nə yoxdur. Daha bir narahatlıq "rus sülhməramlıları Xankəndində, Xocalı, Xocavənddə, yoxsa Kəlbəcərdə də olacaqmı?" sualıdır. Belə məntiq yaranır ki, Rusiya Xankəndində faktiki hərbi baza yaradır”.

Toğrul İsmayıl
Toğrul İsmayıl

Toğrul İsmayılın sözlərinə görə, müharibə diplomatiq münaqişə mərhələsinə keçir: “Bölgənin statusu BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Əgər Azərbaycan rəsmən başqa bir sənədə imza atmayıbsa, Rusiya XİN başçısının dediyi statusdan danışmaq olmaz. Lavrov səhv edib bu barədə danışır, çünki o, beynəlxalq hüquqdan böyük deyil. Rus ordusu Dağlıq Qarabağda ola bilər, əgər özünü işğalçı görmək istəmirsə, beynəlxalq hüquqa hörmət etməlidir. Əks təqdirdə, açıq şəkildə işğalçı kimi gəldiyini desin. Əgər Rusiya ordusu Qarabağ ərazisinə girir və Lavrov kimi rəsmiləri də bəyanatlarıyla Azərbaycanın əsəblərini yoxlayırsa, deməli, Azərbaycana ərazi iddiaları var. Belə olduğu halda, Azərbaycan Türkiyə ilə hərbi müqavilə imzalamalı və türk ordusu rus sülhməramlıları sayında bura gətirilməlidir. Belə çıxır ki, Rusiya ərazidəki erməni silahlı qüvvələri təmizləməyəcək, onları növbəti savaşa hazırlayacaq. Ona görə Azərbaycan öz ərazi bütövlüyünü təminat altına almalıdır, bunun üçün də Türkiyə ilə saziş imzalanmalıdır. Narahatlıq doğuran məsələ Xocalı hava limanıdır, əgər orda Azərbaycan rəsmi heyəti olmasa, deməli, hava limanı işğal edilib. Əslində, Lavrovun açıqlamaları çox mücərrəd və demoqoq səciyyə daşıyır, sanki barış üçün deyul, yiyələniblər. Ona görə mən Putinin açıqlamasını gözləyirəm, onun razılaşmanı pozmayacağına ümid edirəm, çünki həssas məsələdir”.

Toğrul İsmayıl hesab edir ki, Rusiyanın tələskənliyinin səbəbləri məlumdur:

“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, amma sülhməramlılar üçün mandatı da bu qurum verməlidir. Rusiya tez-tələsik bu addımı atmaqla gələcəkdə veto hüququndan istifadə edə bilər”.

Ana səhifəSiyasətToğrul İsmayıl: Lavrov səhv edib belə danışır, o, beynəlxalq hüquqdan böyük deyil