“Tofiq Yaqublunun döyülməsində təxribat ehtimalları cəfəngiyyatdır”

Tofiq Yaqublu, Foto: Ramin Deko

Siyasi və ictimai fəallar Tofiq Yaqublunun döyülməsinə iki münasibət sərgiləyir

“Prezident Brüssel səfərindən öncə belə təxribat edənləri tapıb cəzalandırmayacaqsa, hüquq-mühafizə orqanlarının siyasətina son qoymayacaqsa, deməli, ölkədə sivil dəyişiklik yolu tam qapanmış olacaq”.

Bunu ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Facebook” səhifəsində siyasi fəal Tofiq Yaqublunun döyülməsini şərh edərkən yazıb.

Dekabrın 1-də Bakının “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azadlığı tələbiylə aksiyaya cəhd olunub. Hadisə zamanı 40 nəfərə yaxın saxlanılan olsa da, onların əksəriyyəti sərbəst buraxılıb.

Saxlanılanlardan müxalif fəallar Tofiq Yaqublu və Paşa Dadaşzadə xəsarətlər alıb. Gənc fəal Rüstəm İsmayılbəyli və AXCP üzvü İlham Hüseyn buraxılmayıb. AXCP üzvü Səyyad Quliyevdən isə xəbər yoxdur.

Sosial şəbəkələrdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsinə iki yanaşma sərgilənib. Birinci, dövlət başçısı İlham Əliyevin Brüssel səfəri öncəsi təxribat; ikincisi, hakimiyyətin ənənəvi siyasətindən doğan münasibət.
Ancaq bütün bunlara rəğmən Tofiq Yaqublu döyülməsinin sifarişini İlham Əliyevin verdiyi qənaətindədir.

Natiq Cəfərli isə hadisənin İlham Əliyevin Brüssel səfəriylə bağlı olduğu qənaətindədir:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Brüsseldə nə müzakirə ediləcək?! Bəli, Avropa Birliyi ilə yeni saziş və Azərbaycan-Ermənistan arasında sülh quruculuğu, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiyası. Yaxşı, öz indiki vətəndaşını vəşhicəsinə döyən ölkə, inteqrasiya etdiklərini nə günə qoyar, sualı çıxa bilərmi?! Bilər”.

Moskva izi?

Natiq Cəfərli indiki vəziyyətin yaranmasının Rusiyaya da sərf etdiyini bildirir:

“Kreml Azərbaycanın Avropa Birliyi ilə sıx əlaqələrinə həmişə mane olacaq. Moskvanın keçmiş SSRİ respublikalarında ən çox təsir göstərə bildiyi orqan həmişə hüquq-mühafizə orqanları olub. Nəhayət, son sual – xaosda ən çox kim dəbə, hörmətə minir, kim daha çox qazanır?! Bəli, əlində zopa, çiynində “poqon” olanlar”.

“İnsanların beyninə yeritmək istəyirlər ki, İlham Əliyevin bunlardan xəbəri yoxdur”

Politoloq Azər Qasımlı keçmiş partiyadaşının fikirlərini bölüşmür. O, Azərbaycan polisinin ilk dəfə belə davranmadığını yada salıb:

“AXCP sədri Əli Kərimliyə və başqa fəallara da eyni münasibət sərgilənmişdi. Amma Tofiq Yaqubluya qarşı fərqli və açıq şəkildə bir yanaşma göstərildi. Bu, birbaşa yuxarıdan sifariş olunub. Mesaj bütün siyasi liderlərədir ki, mənim icazəsəm olmadan hansısa aksiya, toplantı keçirə bilməzsiniz. Bu oyun qaydasını qəbul etmirsinizsə, eyni münasibətlə qarşılanacaqsınız”.

Azər Qasımlının sözlərinə görə, hakimiyyətin “cib müxalifəti”, “cib mediası” və “cib QHT”ləri insanların beyninə yeritmək istəyirlər ki, İlham Əliyevin bunlardan xəbəri yoxdur:

“Guya bunları hüquq-mühafizə orqanlarındakı hansısa təxribatçılar edir və Əliyevə qarşı təxribatdır. Əlbəttə, bu fikrin daşıyıcılarının bir qismi sifarişlə danışırlar, qalanları isə öz qorxularını malalamağa çalışırlar. Əgər kiminsə şübhəsi varsa, Azərbaycan konstitusiyasını oxusun. Sənədə görə, obrazlı desək, Azərbaycanda quş da icazəsiz uça bilməz. Yəni bütün siyasi və qeyri-siyasi səlahiyyətlər bir şəxsin əlində cəmləşib. Elə bir sistem formalaşıb ki, həmin adamın qərarı olmadan parlament də, hüquq-mühafizə orqanları da hansısa hərəkət edə bilməz. Ona görə Tofiq Yaqublunun döyülməsində təxribat ehtimalları cəfəngiyyatdır”.

Azər Qasımlı
Foto: Meydan Tv

Azər Qasımlı hesab edir ki, indiki dönəmdə hakimiyyətə Qərbin reaksiyası və ya Qərbin yanında yaxşı görünmək ehtiyacı gərək deyil:

“Sadəlövh olmayaq, hakimiyyət neçə vaxtdır Rusiyayönümlü kurs götürüb. 44 günlük müharibə də bu planın içindədir. Ona görə də dünənki aksiyayla bağlı qərar verəndə Brüssel tədbirini göz önünə almayıb. Sadəcə, hakimiyyət illərdir qurduğu sistemi qorumaq üçün hər şeyə gedir”.

“Hökumətin daxilində dövlətə zərbə vuran hansısa insanlar var”

“Vətəndaş Tədqiqatı və İnkişaf” İctimai Birliyinin sədri Günel Səfərova isə Natiq Cəfərlinin fikirlərini müəyyən qədər bölüşür. Onun fikrincə, 1 dekabrdakı olay ümumiyyətlə Tofiq Yaqubluyla bağlı deyildi:

“Mən daha çox helikopter qəzasını təxribat sayıram. Onsuz da dünənki hadisə Azərbaycan polisinin birinci “əl işi” deyil və sonunsu olmayacağına da əminəm”.

Amma Günel Səfərova “şəhidlərin dəfn günündə aksiya olmamalıdır” deyənlərə təəssüflə yanaşır:

“Absurd mənzərə yaşanır. Həbsdə aclıq aksiyası keçirən Birinci Qarabağ müharibəsi iştirakçısının azadlığı üçün təşkil olunan mitinqdə də Qarabağ savaşçısını çox pis vəziyyətə salırlar. Yaxşı, Tofiq Yaqublunun günahı nədir?”

“Biz QHT haqqında qanunvericiliyi dəyişmək istəyirik, amma heç nə baş vermir. Eyni zamanda, siyasi dustaq məsələsi, deyilirdi ki, əfv olacaq, amma konkret heç nə görmədik. Vəziyyət daha da pisləşdi. Söhbət heç də hakimiyyətin qarşısında qaldırılan məsələlər deyil”, – QHT rəhbəri deyib.

Günel Səfərova, Foto: APA

Günel Səfərova da İlham Əliyevin Brüssel səfərinə toxunub. O hesab edir ki, Azərbaycana qarşı səslənən faktlar, sanksiyalar hakimiyyətin yox, dövlətin adına yazılır:

“Deməli, hökumətin daxilində dövlətə zərbə vuran hansısa insanlar var. Beləliklə, bunların düşünülmüş addım olduğu sezilir. Hər bir beynəlxalq görüş, yaxud tədbir öncəsi belə hadisələr baş verirsə, düşünmək lazımdır ki, belə hadisələrin olması nəyə gərək idi? Müxalifətin inzibati resursu yoxdur ki, ziyan vursun. Sual edirəm, nəyə görə polisə insanlarla vəhşicəsinə davranmaq səlahiyyəti verilir? Yaxşı olardı, hökumət bu sual üzərində düşünsün ki, nə baş verir?!”- deyə Səfərova fikrini tamamlayıb.

“İnsanlar güzgünün qarşısına keçib danışdıqlarını analiz etsinlər”

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov soruşur ki, İlham Əliyev 18 illik hakimiyyəti zamanı islahat aparmaq, qanunsuzluqlara qarşı addımlar atmaq istəsəydi, nə mane olardı:

“Yəni 18 ildə İlham Əliyevin iradəsi olmadı ki, “qara əllər”in təmsilçilərinə qalib gələ bilsin? 18 il yetərli deyildimi ki, bunlara qalib gələ bilmirsə, istefa versin? Bilirsiniz, dünyada bir prezidentin prosesi qurması üçün maksimum 7 il zaman nəzərdə tutulur. 7 il istənilən ölkə başçısına görmək istədiyi işlər üçün yetərli zamandır. Bəli, əsas vədlərini yerinə yetirir, yarımçıq qalanları da növbəti 7 ilə saxlayır. Bu mənada Azərbaycan cəmiyyətində 18 ildə eyni söhbət edilir?”

Akif Qurbanov hesab edir ki, dövlət başçısının 18 ildə addım atmaq üçün zamanı vardı, amma heç biini etməyib:

Akif Qurbanov
Akif Qurbanov, Foto: Akif Qurbanovun şəxsi arxivindən

“Fərq etmir, edə bilməyib, yoxsa bilərəkdən etməyib. Qanunsuz hərəkətsizlik və qeyri-qanuni hərəkət eyni şeydir. Hüquqda vəzifəli şəxsin hərəkətsizliyinə görə də məsuliyyəti var. Ona görə 18 il Əliyevin qanunsuz hərəkətsizliyilə nəticələnib”.

Akif Quliyev vurğulayıb ki, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə beynəlxaq hesabatlarda daha çox Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin adı çəkilirdi:

“Bu orqanın rəisi də Vilayət Eyvazov idi. İlham Əliyev onu daxili işlər naziri təyin etdi. Əgər əvvəllər xəsarətlərin görünməməsi üçün adamı döyüb gizlədirdilərsə, indi açıq edirlər, nümayişkaranə”.

Təşkilat rəhbəri deyir ki, bütün bunlar mərkəzləşmiş qaydada və “mən nə edirəm, yaxşı edirəm” deyən şəxsin iradəsi, nəzarəti əsasında baş verir. Bunun üçün Brüssel səfərini qeyd etmək doğru deyil:

“İnsanlar güzgünün qarşısına keçib danışdıqlarını analiz etsinlər, neçə ildir eyni havanı nə qədər “çalmaq” olar?! Siyasətlə məşğul olmaq istəyənlər özlərinə hörmət etməlidirlər. Məgər İlham Əliyev dekabrda Brüssel səfərinin olacağını və hər şeyi diqqətdə saxlamağı bilmirdi? Yaxud Saleh Rüstəmovun vəziyyətinin ağırlaşdığını bilmir? İndi onu da gözləməlidirlər ki, Allah etməsin ölsün, sonra bunun fonunda da təxribatdan danışsınlar?”

“Yaxşı, aksiyada adamları döydülər, dedilər, təxribatdır. Saleh bəy 27 gündür aclıq aksiyası edir, bütün beynəlxaq təşkilatılar bəyanatlar yayır, Əliyev niyə tədbir görmür?”, – Akif Qurbanov sual edir.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 27 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, 15 kq çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.

Ana səhifəSiyasət“Tofiq Yaqublunun döyülməsində təxribat ehtimalları cəfəngiyyatdır”