Həkim həyati təhlükənin artdığını deyir
Milli Şuranın və Müsavat Partiyasının fəalı, 13 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu xəstəxanada sistem qəbulundan da imtina edib. T.Yaqublu bunu sentyabrın 14-də günorta saatlarında xəstəxanada qızı Nigar Həzi ilə görüşündə ona deyib.
N.Həzinin Meydan TV-yə verdiyi məlumata görə, T.Yaqublu hələ də xəstəxananın reanimasiya şöbəsindədir: “Aclığı davam etdirdiyinə görə bir qədər də zəifləyib. Gözləri çuxura düşüb. Reanimasiyada da mühafizə altındadır. Elə biz də nəzarətçilərin iştirakıyla görüşdük. Bildirdi ki, bu gündən sistemdən də imtina edir. Onsuz da qidalandırıcı sistem deyildi. Bədənindəki su itkisinin bərpası üçün köçürülürdü. Bundan da imtina edib və bildirib ki, həkimi Adil Qeybulla məcbur eləsə belə, qəbul etməyəcək. Dedi ki, qərarı qətidir: ya bəraət alıb azadlığa çıxacaq, ya da ölüm olacaq. İlham Əliyev iki yoldan birini seçməlidir. Vəkillərin də hər gün onunla görüşünə şərait yaradılmasını tələb etdi”.
T.Yaqublu qızı ilə söhbətində onun aclığı sentyabrın 2-dən yox, 7-dən keçirməsi barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Avropa Məhkəməsinə yazdıqlarına da toxunub: “Dedi ki, ona əvvəldən deməyiblər ki, aclıq barədə ərizə yazmaq lazımdır. Sentyabrın 7-də istintaq təcridxanasının rəis müavini ona deyib. Amma ərizəsində də yazıb ki, sentyabrın 2-dən aclığa başlayıb”.
T.Yaqublunu müalicə edən vəkil Adil Qeybulla bildirib ki, T.Yaqublu aclığı dayandırmadığına görə onun həyatına təhlükə davam edir: “Artıq aclığın 14-cü gününə keçir. Kifayət qədər qəti aclıqdır, heç bir qida qəbulundan söhbət gedə bilməz. Belə olan halda, bədənin resursları tədricən tükənir. Qlükoza tərkibli materialların resursu tükənir, ardınca əzələlər prosesə qoşulur. Sürətlə arıqlama gedir”.
Həkimin sözlərinə görə, ən böyük problem odur ki, bu yaşda insanda resurslar aşağı olur. Üstəlik, T.Yaqublunun yanaşı xəstəlikləri də var: “Tofiq bəy bu aclığı davam etdirməkdə israrlıdır. Onun həyatı üçün təhlükə qalır. Ona görə də bu prosesdə tibbi nəzarəti həyata keçirmək üçün Penitensiar Xidmətə, istintaq təcridxanasından çıxandan sonra dövlət başçısına müraciət elədim. Xahiş elədim ki, hər hansı mülki tibbi xəstəxanaya, mənim nəzarətim altına köçürsünlər. Bu da həyata keçdi, sağ olsunlar. Tibbi nəzarət altındadır”.
T.Yaqublunun sistemlərdən də imtina etməsi barədə sualı cavablandıran həkim bildirib ki, bu şəkildə davam edərsə, getdikcə onun həyatına daha çox təhlükə yaranmış olacaq.
Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.