Tofiq Yaqublu diktaturası

Fərəcə qarşı sistemli təzyiqlər…

Source:

Uzun müddətdir ki, susuruq. Azadlıqda olan dostlarımız, yaxınlarımız, ailələrimiz narahat olmasınlar deyə, yalandan “yaxşıyıq”, “saxlanma şəraitimiz normaldır” kimi informasiyalar ötürürük çölə. Əslində isə vəziyyət çox pisdir. Osvensim, Buhenvald, Dahau, Maydanek, Sinq-Sinq, Libertad, Evin, Metris, Quantanamo yalandır bizim burda çəkdiklərimizin yanında. 13-dəki siyasi dustaqlar Kim Çen Inın Şimali Koreya rejimindən daha ağır rejimdə cəza çəkirlər. Çünki 13-də Şimali Koreya diktaturasında qat-qat ağır diktatura mövcuddur: TOFİQ YAQUBLU DİKTATURASI!

Kürdəxanıda gördüyüm haqsızlıqlardan, yaşadığım problemlərdən sonra “zona” gələndə düşünürdüm ki, burada dostlarımız var, bizə xeyli rahat olar. Elə bura gətirilən andan da müəssisə rəhbərliyi bizi əmin etməyə çalışırdı ki, bizi incitmək, təzyiq etmək niyyətləri yoxdur. Amma bir müddət sonra gördük ki, təzyiq də var, işgəncə də. Düzdür, bunu edən “paqon”lular deyil, amma nə fərqi var…

Karantin müddətini bitirib “zon”a girəndən 10 dəqiqə sonra Tofiq bəy bizə (Pərviz Həşimli ilə bir gündə karantindən çıxmışdıq) yaxınlaşdı. Bəyin əlində səliqə ilə tikilib, kitabça halına salınmış kağız qalağı var idi. Bizə bunu imzalamalı olduğumuzu bildirdi. Düşündük ki, formal, problem yaratmayacaq bir şeydir. Tofiq bəy bizə nə imzalatdıra bilərdi axı? Sənəddə Anarın, Əbdülün imzalarını görüncə xeyli rahatladıq və imzaladıq. İmzalamaz olaydıq! Qolumuz qırılaydı o sənədə imza atdığımız yerdə! Biz nə biləydik bu nə sənəddir? Haradan və necə bilə bilərdik ki, bu sənədə qol çəkməklə öz qələmimizi sındıracaq, gələcək məhbəs həyatımızı cəhənnəmə döndərəcəyik.

Bu sənəd əsasnamə idi: “13-cü CÇM-də saxlanılan siyasi məhbuslar haqqında əsasnamə”. Əsasnamə 100-dən artıq maddədən ibarət mini-konstitusiya idi. Preambula hissəsi çox uzun olduğundan, onu burada yazmıram. Qısaca qeyd edirəm ki, Amerika Birləşmiş Ştatları, Tofiq bəyin isə ABŞ-ın Yer üzərindəki fövqəladə elçisi olması və s. barədə yazılmışdı.

İlk bir neçə maddə isə belə idi:

Maddə 1. Tofiq Yaqublu (bundan sonra “O”) həmişə haqlıdır.

Maddə 2. Əgər hesab edirsinizsə, siz haqlısınız, 1-ci maddəyə baxın.

Maddə 3. Əsasnaməni imzalayan tərəflər bütün hüquqlarından O-nun xeyrinə imtina etmiş olur. O istədiyi kəsə istədiyi hüququ verir.

Maddə 4. 1-ci və 2-ci maddəyə şübhə edənlər həbs müddətinin sonuncu saniyəsinədək həbsdə qalacaqlar.

Beləcə, sıralanan maddələrin birində də bizi müdafiə edən bircə bənd yox idi. Əlbəttə, biz bu sənədi avtoritar, qeyri-demokratik elan etdik, lakin nə fayda, artıq imzalamışdıq. Tofiq Yaqublu diktaturası öz təntənəsini davam etdirməkdə idi. Əsasnamənin 34-cü maddəsinə əsasən bütün siyasi məhbuslar CÇM-nə girəndən sonra 1 ay ərzində ABŞ İstiqlaliyyət Bəyannaməsini, Avropa Konvensiyasını, BMT insan Haqları Deklarasiyasını əzbər öyrənməli idi. Həftədə bir dəfə toplanan Siyasi Məhbuslar Şurasının daimi iclası açıq elan olunmazdan əvvəl bu sənədlər toplu halda əzbər deyilməli idi. Kim səhv etdisə, qanı batdı. Ən yaxşı halda boynuna mövsümə uyğun tort qoyulur, pis halda səsvermə hüququ dondurulur. Ən pis halda isə Şuradan qovulursan.

Bu yaxınlarda, konqresmen Kris Smit ABŞ konqresinə “Azərbaycan demokratiya aktı” adlı qanun layihəsini təqdim etdikdən bir gün sonra elan olundu ki, əsasnaməyə dəyişiklik edilməsi üçün referendum keçiriləcək. Sevindik ki, nəhayət demokratik islahatlar başlayır, Tofiq bəy diktaturasını yumşaldır. Ay-hay! Dəyişiklik nə olsa yaxşıdır? Kiçik bir əlavə. Birinci maddəyə “b” yarımbəndi əlavə olunması təklif olunurdu:

Maddə 1.b. ABŞ həmişə haqlıdır.

Vəssalam.

Referendum günü biz nəinki dəyişikliyin lehinə səs verməkdən, hətta referendumda iştirak edib legitimlik qazandırmaqdan da imtina etdik. Boykot qərarı verdik. Əvəzində nəticələr dəhşətli oldu: 99,8% – hə. Anar Məmmədli dərhal SMDT adından bəyanat yayaraq Tofiq bəyin gürcüstanlı həmyerliləri tərəfindən “karusel” əməliyyatları, qutulara topa bülletenlərin atılması və bu tipi çoxlu qanun pozuntularının qeydə alındığını, 98% məntəqədə səslərin “pis və yaxud çox pis” sayıldığını elan edərək, nəticələri tanımaqdan imtina etdi. Bu bəyanatdan sonra biz 3-cü barakın qarşısına toplaşaraq “Azad seçki!”, “İstefa!”, “İmperializmə son!” şüarları ilə aksiya keçirməyə çalışsaq da, bizə imkan verilmədi.

Seçkiqabağı vəziyyəti “çox pis” qiymətləndirən, təbliğat imkanlarının qeyri-bərabər olduğunu bildirən ATƏT-in Qaradağ bürosu yekun nəticələri “irəliyə doğru atılmış addım” adlandırdı. Tofiq Yaqublu diktaturası qarşısında son ümid yerimiz olan “Ağsaqqallar Şurası” da nəticələri tanıyaraq Tofiq bəyi təbrik edincə, biz də reallığı qəbul etmək məcburiyyətində qaldıq.

Yeni əsasnamə də yenisi qədər belimizi qırdı. Məsələn, nəyisə müzakirə edirik, Tofiq bəy də ABŞ-ı müdafiə edir və 100% haqsızdır. İraq, Əfqanıstan, Vyetnam, Xirosima-Naqasaki, hindular, qaradərililər və s. Tofiq bəyi hər tərəfdən təkləyirik, Anar bəy insan hüquqları sahəsində güclü arqumentlər gətirir və bəy görür ki, çıxış yolu yoxdur. Dərhal əsasnaməni çıxarır, 1-ci maddənin “b” bəndini oxuyur. Mübahisə bitdi. ABŞ haqlıdır. Hamısı böyüyüb samuray olacaqdılarsa…

Tofiq bəyin 13-dəki diktaturası təkcə siyasi deyil, həm də iqtisadi sahəni əhatə edir. Bəy burada ABŞ FED-in dəstəyi ilə yeni, qeyri-adi bank açıb: “DəyirmanBank”. Bu bank Yer kürəsində fəaliyyət göstərən bütün banklardan fərqlənir. Sistemi də çox əcaibdir. Bankın xidmətlərindən istifadə etmək istəyən müştəri boş kağıza qol çəkir. Şərtlər, maddələr sonradan yazılır. İstənilən vaxt şərtlərdə, maddələrdə müştərinin qəlbindəki ABŞ sevgisinin artıb-azalmasından asılı olaraq müsbətə və ya mənfiyə doğru müvafiq dəyişikliklər ola bilər. Bankın depozit şərtləri çox da yaxşı deyil. Bərəkətsizlik dərhal özünü göstərir. Kredit götürmək isə çox risklidir.

Məsələn, maliyyəyə ehtiyac yaranır, manatla “DəyirmanBank”dan kredit götürürsünüz. Ödəniş vaxtı çatanda gəlib görürsən ki, bəy dəftər-qələmi götürüb hesablayıb və sənə nə az, nə çox, düz 28600482 dram borc yazıb. Soruşanda ki, bəy, bəs niyə belə, özü də dramla? Cavab verir ki, siz məlum mənfur dairələrdən elə o dairələrin özləri qədər mənfur niyyətlərini gözəl ölkəmizdə həyata keçirmək üçün filan qədər pul almısınız. Həmin dairələr də sizin aldığınız pullarla məlum mənfur dairələrin dəyirmanlarına su tökmək üçün təchizat sistemi qurmadığınızı, boruların pulunu mənimsədiyinizi görüb “Dəyirmanbank”a müraciət edib. Bank da bu məbləği sizə borc olaraq yazıb. Özü də məlum mənfur dairələrin milli valyutası ilə.

Bundan sonra istəyirsən lap BMT İnsan Haqları Deklarasiyasına, Avropa Konvensiyasına, ABŞ İstiqlaliyyət Bəyannaməsinə əl basıb and iç ki, bir qəpik də almamışıq. Bəy, əsasnamənin -“DəyirmanBank” yalnız halal əsaslarla fəaliyyət göstərir – yazılan 46-cı maddəsini bizə göstərib deyir ki, belə yazılıb, yazıya pozu yoxdur.

Bir neçə ay bundan əvvəl Qarabağda “yuva quran” (sitat “Səs” qəzetinə məxsusdur) rusiyalı milyarder German Stedlikov

Qarabağı tərk etməyəcəyini, burada dəyirmanı olduğunu bildirəndə, Tofiq bəy dərhal Ali Şuranın iclasını çağırdı. Bizi məhşər ayağına çəkərək hər birimizdən bu dəyirmanın hansımıza aid olduğunu, ora hansımızın su tökdüyünü soruşdu. Heç birimiz boynumuza almayınca, bəy qovluqdan həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyan sübutları çıxartdı. Bu, fotoşəkil albomu idi. Və müxtəlif rakurslardan çəkilmiş şəkillərdə Fərəc 10 santimetrlik su kəməri ilə dəyirmanı “sulayırdı”. Fərəc dərhal sərt şəkildə “bu fotoşopdur” deyə etiraz etdi. Tofiq bəy sakitcə cavab verdi ki, “fotoşop olduğu üçün türmədəsən, əsl olsaydı indi cəhənnəmdə yanırdın”.

Bir müddət əvvəl səhər idmanından sonra bəylə söhbət zamanı dedim ki, səhhətimə vurduğu ziyanı hiss edirəm, siqareti atmaq istəyirəm. Ondan bir neçə gün əvvəl də siqareti tərgitməsi üçün Fərəcə qarşı sistemli təzyiqlərə, hətta sanksiya tədbirlərinə (bankda aktivlərin dondurulması, kreditlərin dayandırılması) başlanmışdı. Günorta bir də gördük ki, bəy telefondan gəlir. Bizə yaxşı xəbəri olduğunu dedi. Nə olsa yaxşı imiş? Çölə informasiya gedib ki, Fərəc atası Rafiq bəyin ad gününə hədiyyə olaraq siqareti atır, İlkin də bu təbriklərə qoşulur. Bəyə dedim ki, Rafiq bəyi mən də təbrik edirəm, amma mənim siqareti atmağımın bu təbrikə nə aidiyyatı? Daha yaxşı olmazmı ki, xəbər göndərək, 10-cu “zon”da cəza – siqaret çəkən Sirac bu təbriklərə qoşulsun? Bəy dedi ki, elə şey yoxdur, söz vermisən. Ha and-aman etsəm də ki, mən söz verməmişəm, sadəcə, ziyanını hiss etdiyimi, tərgitmək istədiyimi bildirmişəm, xeyri olmadı. Dedi, bilirsən nə var? Get birinci maddəni oxu! ( Axx, lənətə gəlmiş əsasnamə!)

Bir az da Tofiq bəyin tətbiq etdiyi rejim barədə. Təsəvvür edin, bəy burada bizə elə rejim tətbiq edir ki, heç Vasif xan Naxçıvanda öz təbəələrinə belə rejim tətbiq etməyib. 13-cü rejimin qorxusundan ailə üzvlərimizlə görüşəndə “narahat olmayın, yaxşıyıq” tipli yalanlar danışırıq ki, bəziləri kimi mətbuata “körpəmiz sarsılıb, türmədə darıxır”, “yanına görüşə getmişdik, əmzik, pampers apardıq” açıqlamaları verməsinlər. Yoxsa Tofiq bəy Yaqublu rejimi bizi məhv edər. Tofiq Yaqublu rejiminin qorxusundan sevgilimizə şeir də yaza bilmirik.

Bu, elə bir diktatura rejimidir ki, müəssisənin rejim şöbəsinin əməkdaşları belə heç yerdə, hətta Şuşa, Bayıl və Qobustanda da belə rejim görmədiklərini, bizə yazıqları gəldiyini bildiriblər. Tutaq ki, üzünü bir gün gec qırxdın. Dəhşət! Bəy elə sistemli təzyiqlərə başlayır ki, adam istəyir özünü karsa “bağlatdırsın”. Və ya çay içəndə konfetin kağızını yerə atdın. Vəssalam. Bəy, “Elə bil Brüsseldən sonuncu təyyarə ilə gəlmisən. Elə indicə düşmüsən təyyarədən…” deyə başlayıb Qərb dəyərlərindən, ictimai məsuliyyətdən elə danışacaq ki, gözlərin yaşaracaq, özünü insanlıq qatili sayacaqsan, lənətləyəcəksən. İstəyirsən Corc Vaşinqtonun “Vaşinqton DC, Franklin Square 8” ünvanındakı memorialına and iç ki, zibil qabı olmadığından kağızı yerə atmısan, xeyri yoxdur. Finalda mütləq “yox, sən elə Ərəbistandan gələn karvanın sonuncu ölüvay dəvəsinin belindən indicə düşmüsən” kimi öldürücü tənəni “qazanacaqsan”.

Nəhayət, biz bu rejimdən qurtulmaq üçün gizli müşavirə keçirdik və qərara gəldik ki, ayrı-ayrılıqda penitensiar xidmətə ərizə yazıb, Tofiq bəylə düşmən münasibətində olduğumuzu bildirək. Təhlükəsizlik qaydalarına görə, aralarında konflikt olan məhkumların eyni CÇM-də saxlanılması mümkünsüz olduğundan, düşünürük ki, hamı eyni zamanda ərizə yazsa, hamını köçürməkdənsə, təkcə bəyi köçürərlər. Başqa CÇM-ə. Bir müddət keçdi və bu plandan heç cür xəbər çıxmadı.

Müşavirə zamanı ortaq fikir bu oldu ki, yəqin penitensiar xidmət bizim bu plandan xəbər tutub, çünki bəylə münasibətlərimiz heç də düşmənçiliyə oxşamır. Amma belə deyilmiş. Dildə hamı bu rejimdən bezdiyini, qurtulmaq istədiyini desə də, heç kim ərizə yazmayıbmış. Çünki Tofiq bəyin bizimlə bir yerdə olması hamının ürəyincədir. Dəmir məntiqi, sağlam optimizmi, siyasi biliyi və təhlil qabiliyyəti (bir az ABŞ meylli olsa belə) bizim üçün əsl məktəbdir. Buna görə ən ağır rejimə belə dözmək olar.

Belə olan halda qərara gəldik ki, Şəki Apellyasiya Məhkəməsinə ərizə yazıb Tofiq bəyin həbs müddətini 3-4 il artırılmasını xahiş edək. Bu zaman da problem ortaya çıxdı ki, bəyə 3-4 ili kimin srokundan verək. Anarın, Əbdülün cəzası azdı. Fərəc də təzə gəlib. Yerdə qalır 8 illə Pərviz və mən. Mən də ki, bekar adam, 3 alacağım yox, 5 verəcəyim. Nəticədə belə qərara gəldik ki, Tofiq bəyə 3-4 ili Pərvizin 8 ilindən verək. Həm Pərviz tez çıxar, həm də… MTN generalları yazıqdılar, axı…

Müvafiq məzmunlu ərizəni yazmaq mənə tapşırıldı. Ərizəni yazıb hamıya qol çəkdirdikdən sonra postskriptum əlavə edib, Şəki Apellyası Məhkəməsinin cinayət kollegiyası barədə Tofiq bəyi 2 həftədən çox Şəkidə saxlayana, eləcə də açılış iclasında həbs-qətimkan tədbirini dəyişənə söyüş qoymuşam. İndi söz əlaqədar məhkəmənindir (Zamin Hacıya sevgilər, sayğılar!)…

P.S. Tofiq bəyi ad günü münasibətilə 13-dəki siyasi məhbuslar olaraq təbrik edir, ona demokratiya uğrunda apardığı mübarizədə uğurlar arzulayırıq.

P.P.S. Şəki hakimləri, gözüm üstünüzdədir. Tələblərim yerinə yetməsə…

05.02.2016

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Mənbə: Azadlıq Qəzeti

Ana səhifəXəbərlərTofiq Yaqublu diktaturası