“Təyyarə ilə bombalayır, sonra gəmilərdən atəşə tuturlar”

Dmitri Kazatski, “Azov” alayının döyüşçüsü Foto: Facebook / Dmitro Kozatskiy

Hromadske-nin məqaləsi

“Azovstal” döyüşçüsünün hekayəsi

Dmitri Kazaski 2015-ci ildən Mariupolda xidmət edir. O, 2017-ci ildə “Azov” polkuna daxil olub. Dmitri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini elə ordaca qarşılayıb və martın 1-dən digər ukraynalı hərbçilərlə birgə “Azovstal” zavodunda müdafiədə durur.

Kazaski mayın 10-da özünün “Facebook” səhifəsində fotoşəkillər paylaşaraq altına bu sözləri yazıb:

“Azovstal”dan ən ağrılı fotoreportajım”. Şəkillərin fonunda yaralı ukraynalı hərbçilərdir. Mariupol müdafiəçilərinin bu şəkilləri anındaca Ukrayna və dünya KİV-də yayıldı.

Dmitrinin anası İrina Yurçenko “Ukrzalizniçı”nın bələdçisidir. Qadın hər səhər oğluna xəbər yollayır: “Azovstal”dakı vəziyyəti izləyir və ona görə narahat olurlar. Dmitri həmişə vətənpərvər ruhda olub – o, 2014-cü ildə Polşa Universitetindəki təhsilini yarımçıq qoyub və Maydana gedib. Tezliklə Milli Qvardiyanın sıralarına qoşulub, bir müddət sonra isə “Azov” polkuna daxil olub.

“Hromadske” Dmitri və anası ilə ünsiyyət qurub. Bundan sonra birbaşa nitqdir.

“Azovstal”ın yaralanmış ukraynalı əsgəri
Foto: Facebook/Dmitro Kozatskiy

Dmtri danışır:

“Bunker tab gətirəcək, ya yox – bu, böyük sual altındadır”

  • Mən hərbçi idim və biz şəhərin müdafiəsinə hazırlaşırdıq, lakin Mariupolda bu cür vəziyyətin yaranacağını ağlımın ucundan belə keçirməmişdim. Biz onların şərq tərəfdən, yəni qondarma “DXR” və ya dənizdən gələcəklərini gözləyirdik. Lakin şəhəri bu cür dağıdacaqlarını düşünmürdük.

Mart ayından etibarən “Azovstal”dayıq və əgər Mariupol 90-95 faiz dağıdılıbsa, zavodu özülünədək məhv ediblər. Burda mərmilərdən elə dərin çalalar yaranıb ki, hər hansı bir tikilinin salamat qalma şansı yoxdur. 

Rusiyalı hərbçilər hər gün müəyyən silsilə ilə işləyirlər: əvvəlcə təyyarə ilə bombalayırlar, sonra gəmi artilleriyası ilə atəşə tuturlar, daha sonra qurudan artilleriya atəşi başlayır. Bu, sonu görünməyən dəhşətdir. Fasilələr yalnız mülki əhalinin təxliyəsi zamanı baş verib, lakin axşam atəş yenidən bərpa olunub. 

Bunkerin tab gətirib-gətirməyəcəyi böyük sual altındadır. Mən aviabombanın dəlib keçdiyi sığınacaqlarda olmuşam. Biz mülki şəxsləri təxliyə edəndə, əvvəlcə onları atəşə görə çıxara bilmirdik. Yanlarında qalıb gözləməyi qərara aldıq. Elə o vaxt da aviabomba düşdü. O, sığınacağın konstruksiyasının bir hissəsini dəlib keçdi, pilləkəni dağıtdı və biz adamları bombanın açdığı dəlikdən çıxarmaq məcburiyyətində qaldıq. Bu səbəbdən düşünürəm ki, həmin sığınacaqlar bir zərbəyə tab gətirmək üçün tikilib, dəfələrlə zərbələrdən qorunmaq üçün nəzərdə tutulmayıb. 

“Azovstal”ın yaralanmış ukraynalı əsgəri
Foto: Facebook/Dmitro Kozatskiy

“Sonuncu ağrıkəsici”

  • Zaman keçdikcə, hətta buna da alışırsan. Biz müdafiədə durmalıyıq, burda müdafiə etməli olduğumuz yaralılar var. Əsir düşə bilmərik, onları tərk edə bilmərik, axı bu adamlar müharibəyə canlarını veriblər, sağlamlıqlarını itiriblər.

Müalicə olunmalı adamlar var, lakin onlar bu müalicədən məhrumdurlar. Dərmanlar çoxdan qurtarıb. Bir dəfə səhra hospitalında oldum, orda hərbçilərdən biri danışırdı ki, sonuncu ağrıkəsiciləri aralarında bölüşüblər. Hərbçi öz payını ağrısı dözülməz həddə çatanadək saxlayır. İnsanlar bəzən şad günləri üçün ehtiyatda azuqə, ya da alkoqol saxlayırlar, burda isə ağrıkəsici saxlamaq məcburiyyətindədirlər.

“Azovstal”ın yaralanmış ukraynalı əsgəri
Foto: Facebook/Dmitro Kozatskiy

“Ümid edirəm ki, digər hərbçilər də bizə baxır və müdafiədə durmağa davam edirlər”

  • Şəxsən məni daha yaxşı gələcək və qələbə haqqında düşüncələr ruhdan düşməyə qoymur. Üstəlik Mariupol və “Azovstal”ın bütün müdafiəçilərinin hazırda təkcə Ukrayna üçün deyil, bütün dünya ictimaiyyəti üçün sarsılmazlıq rəmzinə çevrilməsi adama xoş gəlir. Ümid edirəm ki, digər hərbçilərimiz də bizə baxaraq ruhdan düşmür və müdafiə durmağa davam edir.  

Mənə elə gəlir ki, təkcə hərbçilərin deyil, onların yaxınlarının və valideynlərinin də fədakarlığından söz açmaq lazımdır. İki-üç həftə dalbadal oğlanları və qızları ilə əlaqə saxlamağa müvəffəq olmayan valideynlərin halını təsəvvür etmək çətindir. Bu, həmçinin comərdlik nümunəsidir. 

Anamla nadir halda zəngləşirik, amma ən xırda əlaqə şansı yaranan kimi bir-birimizlə xəbərləşirik. O başa düşür ki, məni hər dəfə narahat etməməli, ya da dəstəyin o başında ağlamamalıdır. Anam həqiqi hərbçi valideynidir, həmişə məni dəstəkləməyə çalışır.

“Azovstal”ın yaralanmış ukraynalı əsgəri
Foto: Facebook/Dmitro Kozatskiy

Dmitrinin anası İrina Yurçenko danışır:

“Azovstal”a canlı dəhlizlə getməyi düşünürdük

  • Mariupoldakı mənzilin balkonundan “Azovstal” və ordan çıxan tüstü görünür. Odur ki, həmişə zavodu söyürdüm. İndi isə döyüşçülərimizin həyatını qoruyan bu qəsrə görə hər gün dua edirəm. 

Hər səhər oğluma “sms-mesaj” göndərirəm və onu bir neçə dəfə silirəm. Onu məyus etməmək üçün yazdığım hər kəlməni yüz ölçür, bir biçirəm. Mətni dəfələrlə yenidən oxuyur və hətta əlavə hərf yazmağa belə ürək etmirəm. İstəyirəm, o bilsin ki, orda olan bütün adamlara görə narahatıq.   

“Azovstal” ən qaynar nöqtədir, çünki silah, müdafiə, dərman preparatları, azuqə olmadan döyüşmək və bununla belə, düşməni məhv etmək əsl qəhrəmanlıqdır. Orda olan hərbçilərin doğmları ilə birgə canlı dəhlizlə “Azovstal”a getməyi düşünürdük. Amma bunun vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyindən ehtiyatlandıq, çünki o, Rusiya təcavüzü üçün canlı qalxana çevrilə bilərdi. 

Mən hakimiyyətin hərbçilərimizi ordan çıxarmaq üçün bütün vasitələrə və cəhdlərə əl atmasını istəyərdim. Onlar heç kimə düşmən deyillər, nasist deyillər, sadəcə Ukraynanı sevirlər, öz dövlətlərinin vətənpərvərləri və ailələrinin müdafiəçiləridir. Mariupol hücuma tab gətirir.  

Dmitri Kazatski anası İrina Yurçenko ilə birlikdə
Foto: Facebook//Dmitro Kozatskiy

“Hər birimiz öz cəbhəmizdəyik”

  • Bizim yetərincə vətənpərvər ailəmiz var, odur ki, onun Mariupolu tərk etməsi barədə söhbət olmayıb. O, lap əvvəldən orda yaşamaq istəyirdi, köçmək niyyətində deyildi. Genişmiqyaslı hücumdan iki gün əvvəl onunla telefonla danışdıq, sənədləri yığmağı və zəruri şeyləri hazırlamağı xahiş etdi, lakin mən söylədiklərinə məhəl qoymadım. Fevralın 24-ü istirahət günüm idi, saat 5:45-də oğlumdan gələn qorxunc zəngi yaxşı xatırlayıram: “Ana, indi bu çamadan lazımdır, təlaşlanma, onu yığ və yaxınlarımıza xəbər ver ki, sığınacağa düşsünlər, Ukraynanın bütün şəhərlərini bombalayırlar”. İlk bir neçə saniyə isterikaya düşdüm, sonra özümü ələ aldım, telefonu götürüb dost-tanışa zəng vurdum. 

Qızım Kiyevdə idi. O, məndən xahiş etdi ki, işə çıxmayım, amma dedi ki, hər birimiz öz cəbhəmizdəyik. Dima Mariupoldadır, mənsə burda olmalıyam və insanlara çıxıb getməyə kömək etməliyəm.   

Fevralın 25-də növbəyə çıxdım. Kiyevdən Ujqoroda ilk təxliyə qatarımız oldu. Bu hadisəni həm fiziki, həm də emosional səviyyədə yaşamaq çox çətin idi. Adamların qatara sarı necə qaçdıqlarını, kişilərin uşaqları itələyərək içəri soxulduqlarını, əşyaları necə yerə atdıqlarını görürdük. Lüks-vaqona, iki yerlik kupeyə xidmət edirəm, lakin həmin gün mənim vaqonumda 140 adam gedirdi.

Çoxu mənzil başınadək susub oturmuşdu, bir də Karpata yaxınlaşanda danışmağa başladılar, yaxınlaşıb məni qucaqlayır, başlarına gələni bölüşürdülər. Hamısını dinləməyə çalışır, sonra tualetə gedib ağlayırdım.

Bu hekayələrdən biri məni tar-mar etdi. Bir dəfə qatara fiziki məhdudiyyətli kişi, arvadı və on doqquz yaşlı qızı oturdu. Onlar yolboyu susdular, bircə onları İrpendən çıxaran könüllü Viktoriya mənə yaxınlaşırdı. O dedi ki, bu ailəni meşədə gözləyiblər. Ailə beş sutka on beş metrlik zirzəmidə oturub, orda onlardan başqa iyirmi nəfər də olub. Bu vəhşilər (rus hərbçiləri – red.) yuxarıda gəzir, avtomatdan döşəməyə atəş açır və qışqırırdılar: “Hə, nədir, xoxollar, çobanyastığı oyunu oynayaq?” Sonra lyuku qaldırır və hara gəldi atəş açırdılar. Zirzəmidəki insanlar hər dəqiqə ölümlə burun-buruna gəlirdilər.    

İşğalçılar siqaret çəkməyə, ya da nahara gedəndə adamlar zirzəmidən qaçmağa qərar verdilər. Sonra onlara sarı atəş açıldı, lakin yenə də canlarını qurtara bildilər. Bu ailə Ujqoroda qədər susdu. Sonra kişi yaxınlaşıb məni qucaqladı və ağlmağa başladı. Soruşdu: “Biletə görə nə qədər pul verməliyik?” Mənsə dedim: “Siz heç nə verməməlisiniz, bu, həyat biletidir. Ən əsas odur ki, canınızı qurtara bilmisiniz. Sizdən bircə şey xahiş edəcəm – oğluma və cəbhədə olan bütün əsgərlərimizə görə dua edin”.

Ana səhifəDünya“Təyyarə ilə bombalayır, sonra gəmilərdən atəşə tuturlar”