Bəkir Orucovun işinə Bakı Hərbi Məhkəməsində baxılacaq
“Tərtər işi” üzrə 2021-ci ilin dekabrında istintaq təzələnəndən sonra cinayət məsuliyyətinə cəlb olunanların – Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunanların işləri istintaqı tamamlanaraq, hissə-hissə məhkəməyə göndərilir. Fevralın ilk ongünlüyündə dörd nəfərin işi üzrə istintaq tamamlanıb, materiallar Bakı Hərbi Məhkəməsinə göndərilmişdi. Bunlar polkovnik Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Rüstəm Ələsgərov və Ramil Qarayevdir. Onların işinin məhkəmə araşdırması Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub. Bu işin məhkəməyə daxil olmasından on günə yaxın vaxt keçməsinə baxmayaraq, hələ ki, məhkəmə prosesi başlamayıb.
Fevralın 21-də məlum olub ki, “Tərtər işi” üzrə işgəncələrə görə məsuliyyətə cəlb olunan general-mayor Bəkir Orucovla bağlı istintaq da yekunlaşıb. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.
“Tərtər işi” üzrə icraat yenilənəndən sonra işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunan digər şəxslərlə bağlı isə istintaq davam edir.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Onlardan 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham verilib.
İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və hazırda onlar 400 nəfərdən çoxdur. İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm ləğv edilib, işlər istintaqa qaytarılıb, ardınca da 5 il sonra bəraət verilib.