“Tərtər işi”:  7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb

Foto: Meydan TV

10 il azadlıqdan məhrum olunmuş Fuad Ağayevə yeni ittihamlar irəli sürülüb

“Tərtər işi” üzrə 2021-ci ilin dekabrında yenidən istintaq araşdırmaları başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb. Əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs edilən, sonradan bu ittiham öz təsdiqini tapmadığına görə hərbi xidmət əleyhinə başqa əməllərdə təqsirləndirilərək məhkum edilən 16 nəfər haqqında da hökmlər ləğv olunub. Onların işlərini məhkəmələr əlavə istintaq aparılması prokurorluğa qaytarıb.

“Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcək”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Prokurorluğun məlumatında hərbi qulluqçuya işgəncə verməyə görə son dörd ayda cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı məsələyə də toxunulub. Məlum olub ki, 7 nəfər – Rəşid Niftəliyev, Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov, Polad Əzizov, Elçin Əliyev İntiqam Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Onlardan altısı həbs edilib, biri – Polad Əzizov isə axtarışa verilib. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Bundan başqa, “Tərtər hadisələri” zamanı işgəncə verməkdə ittiham edilərək, 10 il azadlıqdan məhrum olunmuş Fuad Ağayevlə bağlı yeni hallar üzə çıxıb. Bu səbəbdən ona qarşı da eyni maddələrlə yeni ittihamlar irəli sürülüb.

Prokurorluqdan bildirilib ki, “Tərtər işi” üzrə istintaqın gedişi haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

Ana səhifəXəbərlər“Tərtər işi”:  7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb