“Əgər sənətkarda, müəllimdə insanlıq yoxdursa, o da yarımçıqdır”
75 yaşlı Həyat Qurban qızı Ələkbərova Göyçay rayonunda yaşayır.
O, 41 ilin pedaqoqudur. Həm Bakıda 6 saylı, həm də Göyçay Şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi kimi çalışıb.
Özü əczaçı olmaq istəsə də, atasının və Nazir adlı müəlliminin təkidi ilə tar sənətini seçib.
1967-ci ildə orta məktəbi bitirdikdən sonra 1981-ci ildə Ağdam orta ixtisas musiqi məktəbinin tar şöbəsinə daxil olur.
Dediyinə görə, istedadlı müəllimlərinin sayəsində davamlı ifaçı olmasa da, vicdanlı və peşəkar pedaqoq olmağı bacarır.
“Tarı götürüb ifa etməyə utanırdım. Atamın təkidi ilə tar sənətini seçib uğur qazandım. O, Ceyran Haşımova sənətindən ilhamlanmışdı. Atam onun sənətinə dəyər verirdi. Ağdamda müəllimlərim peşəkar və istedadlı idi. Aydın Mehralıyev tardan, onun atası rəhmətlik Məşhədi Nəriman bəy muğam müəllimim olub. Hər ikisi tanınmış musiqiçilər idi. Ailəvi dostluq əlaqələrimiz davam edir. Birinci Qarabağ savaşı vaxtı Aydın müəllim çıxılmaz durumda idi. Göyçayda kirayə ev axtarırdı. Hətta dərsə gedəndə onu məktəbimizdə gördüm. Bilən kimi dedim kirayə lazım deyil. Bizdə qalacaqsınız. 6 ay bizdə qalıb sonra Bakıya köçdülər. Bu yaxşılığa görə bütün göyçaylılara onun hörməti vardı. Halbuki kişi tələbələri bunu görməzdən gəlmişdi. Beləcə tar sənəti bütün uğurlarımda və gözəl dostluq əlaqələrimdə dayaq oldu”, – deyə o xatirələrini bölüşüb.
“Yetişdirdiyim çoxlu sayda tələbələr əməyimin nəticəsidir”
27 il Göyçay Şəhər Uşaq Musiqi Məktəbində çalışan Həyat müəllim tar şöbəsinin quruculuğunda və məktəbin inkişafında yenilikçi müəllim kimi çalışıb.
Müəllimliklə yanaşı, bir müddət “Şur” ansamblında ifaçı kimi də tanınıb.
O deyir ki, məktəbdə şagirdlərinə qarşı prinsipal və tələbkar olub.
“Kişi sənətidir” deyib ifaçılığa yönəlməsə də, pedaqoq kimi məktəbin qurucu müəllimi adını alanlardan olub.
Onun kişi tar ifaçı və pedaqoq tələbəsi olsa da, yalnız bir qadın tələbəsi olub.
Pedaqoqluqla yanaşı, 25 il Həmkarlar təşkilatının sədri olub və şəhər sovetinə deputat seçilib.
Pedaqoqluqda isə tələbkarlıqla yanaşı, rüşvət və müəllim özbaşınalığına qarşı olub:
“İşə yeni başlamışdım ki, ictimai fəaliyyətə cəlb etdilər. Ciddi və düzgün çalışırdım. Məhkəmədə iclasçı kimi də təmənnasız çalışırdım. Pedaqoqluğu isə dayandırmadım. Öyrədə bilmədiyim tələbə nadir halda olurdu, ancaq marağı, həvəsi, istedadı olmayan uşağın valideyninə bunu deyirdim. Uzaqlaşıb başqa sənət öyrənməyi təklif edirdim. Yetişdirdiyim çoxlu sayda tələbələr əməyimin nəticəsidir. Tar sənətini seçən, seçməyən də ifa edə bilir. Bu mənim qürurumdur. Hətta Ramiz Quliyev belə Məzahir adlı tələbəmdən imtahan götürəndə təəccüblənib ki, kim olub müəllimin? Bəyənib. Evdə heç vaxt uşaq hazırlamadım, çünki maddiyyata görə sənətimə xələl gətirə bilmərəm”.

Foto: Meydan TV
“Təhsilin yeri təhsil ocağıdır. Şagirdi də pul gözündə görmək doğru deyil, vicdansızlıqdır. Belə əqidəsiz müəllimlər, direktorlar çoxdur. Hətta bir müəllim tələbəni pula görə götürmədiyinə görə qəlbim qırıldı, əlaqəni kəsdim onunla. Sonradan götürdü, uşaq hətta laureat oldu, ancaq barışmadım. Çünki o hərəkət müəllim hərəkəti deyildi. Xarakterin də sağlam olsun gərək”, – deyə o bildirib.
“Övladım olmasa da, tələbələrim mənim övladlarımdır”
Ailə həyatı qurub Bakıya köçən Həyat müəllim 5 il Bakıda 6 saylı Musiqi Məktəbində çalışır.
Səhhətində yaranan ciddi xəstəliklərdən dolayı öz ərizəsi ilə işdən çıxıb doğma Göyçay rayonuna qayıdır.
Yenidən onu məktəbə pedaqoq kimi dəvət edirlər:
“Mərhum sənətkar, tarzən Rövşən Zamanov məni təmənnasız dəvət etdi ki, peşəkar pedaqoq kimi sən məktəbə lazımsan. İşə can yandırırdım deyə yadında belə qalmışdım. Hər gün nahar və iş sonu məktəbi ən son mən tərk edərdim. Deyirdilər ki, qapını bağlamayın,kim tez getsə də, Həyat müəllimin tarı susmaz. Uşaqlar arasında seçim etməyi sevməzdim, can yandırardım ki, nə öyrənsələr, qazancdır. Mənim övladım olmasa da, tələbələrim mənim övladlarımdır. 2015-ci ildə təqaüdə çıxdım. İncik qaldım ki, məni təmtəraqla yola salmadılar. Çünki o kollektiv və tələbələr mənə doğma idi. Heç nəyə ehtiyacım yox idi. Sadəcə onların diqqətinə ehtiyacım vardı. Həm də xidmətlərim bunu istəməyə haqq verirdi. İndi məktəbdə kadr və şöbə çoxdur. Çünki bizlər bunun təməlini qurduq. Ancaq heyətdə peşəkarlar azdır. Madiyyata önəm artıb və keyfiyyət arxa fona keçib. Bu, ürəkağrıdıcıdır”.
“Müəllimlər var ki, pula önəm verir, pul üçün dərs keçir”
Həyat müəllim təqaüdə çıxandan sonra fərdi hazırlıq məşğələsini qəbul etmir. Hətta 1905-ci ilə aid bahalı tarını məktəb ifaçıları ondan məcbur alsalar da, sənətinin dəyərini madiyyata satmır. Son tarını tələbəsinə hədiyyə edib.
Deyir ki, onun üçün tələbələrdə başlıca seçim istedaddır:
“İlk növbədə musiqi istedadı, ritmi, duyumu, yaddaşı, eşitmə qavraması olmalıdır. Bunlar olanda müəllim üçün yaxşı olur. Bəzən sinfində yer olmasa da, xahiş edirdilər ki, götürüm. İstedadlı tələbəm vardı, son tarımı ona hədiyyə etdim. Ancaq ilk qədim tarımda hamının gözü vardı. Məmmədbağır Bağırzadəni Bakıda səhnədə dəfələrlə o tarla müşayiət ediblər. Sədəfsiz tar idi. Onu zamanında sanki heç nəyə, cəmi 250 manata satıb başqa tar aldım. Düzü, məcbur aldılar, satmaq istəmirdim. O pulu da almaq istəyirdilər deyə məcbur verdilər, hallalıq olsun deyə. Aldığım tarı da təqaüdə çıxanda tələbəmə hədiyyə etdim. Sənətlə yanaşı, insanlıq da önəmlidir. Əgər sənətkarda, müəllimdə insanlıq yoxdursa, o da yarımçıqdır. Şagirdlərə madiyyat gözündə baxmadım, nə bacardımsa, onu öyrətməkdən yorulmadım. Müəllimlər var ki, pula önəm verir, pul üçün dərs keçir. Onlardan pul, hədiyyə gözləyir. Madiyyata görə sənətinə xələl gətirənə müəllim deyə bilmərəm. 41 ildə bir dəfə də olsun bu baş vermədi. Bu, 75 yaşımda da vicdanımı rahat edir”.

Foto: Meydan TV
Hazırda ömrünün 75-ci payızını yaşayan Həyat müəllimi yaşadan da 41 illik pedaqoji fəaliyyəti ilə bağlı xatirələridir.
Sənətkar həmkarlarından vəfat edənləri daim xatirələrində yad edir.
Sənətini davam etdirən tələbə və həmkarları ilə isə təsəlli tapır. Onlarla dostluq əlaqələrini davam etdirir.
Tez-tez də alboma toplanmış xatirə şəkilləri ilə o dövrlərə qayıdır, kövrəlir, yad edir…
Ən kövrəldiyi an isə bir daha tara toxuna bilməyəcəyidir.
“Tarı evdə saxlamaq doğru deyil. Kökdən düşməsin gərək tar. Ən yaxşısı elə hədiyyə etdim ki, qoy ifa olunsun. Çünki artıq əllərim sözümə baxmır, əsir, tarı saxlaya bilmir”, – deyə kövrəlir.