Telman İsmayılov adam oğurluğunda ittiham olunur

Şikayəti məşhur müğənni Avraam Russo verib

Source:
Telman İsmayılov
Telman İsmayılov


Şikayəti məşhur müğənni Avraam Russo verib

Bir vaxtlar adı Rusiyanın tanınmış iş adamları siyahısında olan və Türkiyədəki otel biznesi ilə gündəmə gələn iş adamı Telman İsmayılovun adı “Adam oğurlatdırıb döydürməyə görə” qaldırılan cinayət işinin sifariçisi və əsas fiqurlarından biri kimi keçir.

Bu barədə məlumatı verən Rusiyanın “Kommersant” qəzeti sentyabrın 17-də başladılan cinayət işi çərçivəsində Telman İsmayılovun bacısı oğlu, keçmişdə İsmayılova məxsus olmuş Moskvada “Praqa” restoranının baş direktoru Zaur Mərdanovun polis nəzarətinə götürüldüyünü yazıb.

Haqqında 48 saatlıq həbs qəti imkan tədbiri qərarı qəbul edilən Mərdanovun həbs edilməsi üçün Rusiya İstintaq Komitəsinin sentyabrın 18-də məhkəməyə müraciət etməsi gözlənilir. Zaur Mərdanovun bir vaxtlar Rusiyanın tanınmış müğənnisi olmuş Avraam Russonun şikayət ərizəsi əsasında polis nəzarətinə alındığı məlum olub.

“Kommersant” qəzetinin istintaq mənbələrindən əldə etdiyi məlumata görə, Avraam Russo öz ərizəsində göstərib ki, bir vaxtlar onun konsertlərini maliyyələşdirən Telman İsmayılov 2004-cü il yanvarın axırında onu özünü sahibi olduğu “Praqa” restoranına dəvət edərək, başqa şirkətlərlə əməkdaşlığı dayandırmağı tələb edib.

İsmayılovun restorandakı kabinetində 31 yanvar 2004-cü ildə bir neçə nəfər tərəfindən döyüldüyünü və təzyiqə məruz qaldığını şikayət ərizəsində qeyd edən Avraam Russo, daha sonra qaçırıldığını, fevralın 1-də Telman İsmayılovun tələblərinin hamısını qəbul etdikdən sonra onun göstərişi ilə azad edildiyini bildirib.

Telman İsmayılovu müdafiə edən vəkil Marina Rusakova “Kommersant” qəzetinə verdiyi açıqlamada “Bu qədər ağır bir cinayət barədə 14 ildən sonra şikayət ərizəsi verilməsinin məntiqsiz olduğunu” – deyib.

“Kommersant” qəzeti 2016-cı ilin mayında Moskva yaxınlığında iki iş adamının öldürülməsinə görə şübhəli bilinən Telman İsmayılovun beynəlxalq axtarışda olduğunu da yazıb.

Azərbaycan doğumlu Telman İsmayılov bir vaxtlar Moskvada 70 hektar ərazidə yerləşən Çerkizov bazarının sahibi olub. İş adamı 2009-cu ildə Türkiyənin turizm sektoruna böyük investisiya qoyub. Sonrakı illərdə İsmayılovun iflas etməsinə dair xəbərlər Rusiya və Türkiyə mətbuatında yer tutub.

Ana səhifəXəbərlərTelman İsmayılov adam oğurluğunda ittiham olunur