Teleradio şurası şou proqramların çoxluğundan narahatdır

Nuşirəvan Məhərrəmli: ”Büdcədən maliyyələşən telekanallar yükü öz üzərilərinə götürməlidirlər”

Source:


Nuşirəvan Məhərrəmli: ”Büdcədən maliyyələşən telekanallar yükü öz üzərilərinə götürməlidirlər”

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli yerli telekanallarda şou verilişlərin sayından narahat olduğunu bildirib.

APA-ya açıqlamasında N.Məhərrəmli

deyib

ki, hüquqşünaslar, iqtisadçılar, din xadimləri öz işlərini şoulaşdırırlar.

“Ümumiyyətlə, cəmiyyətdə elə sahə yoxdur ki, şou ilə bağlı olmasın. Bu, çox təəssüfedici haldır və televiziyada özünü daha çox göstərir. Azərbaycanda özəl telekanallarının əsas gəlir yeri reklamla, sponsorla bağlıdır. Ona görə də telekanallar gəlir əldə etmək, cəmiyyəti verilişlərinə cəlb etmək üçün müxtəlif yollar, orijinallıq axtarırlar. Çox təəssüf ki, bu yollar bəzən çox da uğurlu alınmır”.

Onun fikrincə maarifləndiricilik yükünü büdcədən maliyyələşən Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Televiziyası, İdman Televiziyası, İctimai Televiziya öz üzərlərinə götürməlidirlər.

“Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq”.

Nüşirəvan Məhərrəmli

N.Məhərrəmli MTRŞ-nın sosial problemli insanlar üzərində şou yaradılmasını qəbul etmədiyini vurğulayıb:

“Kriminal xəbərlərdə insanlarla bağlı cəmiyyəti qıcıqlandıran mövzuların tez-tez təkrar edilməsini qəbul etmirik. Bəzən elə olur ki, ailədə dəhşətli, cəmiyyətimizə xas olmayan hadisə lazım olduğundan artıq işıqlandırılır. Telekanallarda belə məsələlər olan zaman Şura bunu tənzimləyə bilir. Amma bütövlükdə mediada bu hal özünü çox göstərir. Xüsusən əxlaqi dəyərlərlə bağlı kriminal hadisələr, ata-övlad, ər-arvad məsələləri daha çox qabardılır”.

Telejurnalist Qulu Məhərrəmli xatırladıb ki, Milli Televiziya və Radio Şurasının hüquqi status və vəzifəsi teleradio yayımı sahəsində dövlət siyasətini tənzimləməkdir:

“Ona görə də hər hansı yayımda, dövlət, yaxud özəl olsun, onun normadan yayınmasına şura reaksiya verməlidir. Məsələn, şouların həddən artıq çox olması və proqramda bunun çəkisinin artması normadan yayınmadır.

Qulu Məhərrəmli

“Televiziya və Radio yayımı” haqda qanunda xüsusi maddədə göstərilir ki, bir tipli yayımların genişlənməsinə yol vermək olmaz. Bu, o deməkdir ki, telekanal bütün günü ictimai müzakirə verə bilməz, ya da şou üzərində qura bilməzsən. Belə olanda Milli Televiziya və Radio Şurasının reaksiya vermək ixtiyarı var.

Düzdür, bir ara MTRŞ-nin yayımı dayandırmaq təklifləri var idi, amma bu istəklər öz əksini tapmadı. İndiki halda proqramlarda yekcinslik yaranırsa, şuranın reaksiya verməsini normal saymaq olar”.

Ana səhifəXəbərlərTeleradio şurası şou proqramların çoxluğundan narahatdır