Siyasi partiyaların maliyyələşməsi məsələsindən hakim Yeni Azərbaycan Partiyasından başqa hamı narazıdır
Azərbaycanda siyasi partiyalan sıradan çıxarılması prosesi yekunlaşmaq üzrədir. Artıq siyasi mübarizənin sivil qaydalarının qanunvericilik səviyyəsində yasaqlanması müşahidə edilir. Hakimiyyət siyasi müstəvini oliqarxiyanın poliqonuna çevirməkdədir. Hətta hakim Yeni Azərbaycan Partiyasının manevr imkanları da xeyli dərəcədə azaldılıb. Lakin siyasi təşkilatlar hakimiyyətə imitasiya üçün lazımdır. Odur ki, siyasi partiyaların sıradan çıxarılması ilə yanaşı kiçik partiyaların calağından ibarət yeni siyasi təşkilatın formalaşdırılması ideyası yenidən gündəmə gəlir. Seçkilərə qədər kiçik partiyaların vahid təşkilatda birləşdirilməsi hakimiyyətin əsas məqsədlərindən hesab oluna bilər.
Müxalifət partiyalarının sıradan çıxarılması və yeni bir partiyanın yaradılması ssenarisi cəmiyyətdə iqtidarın təsir imkanlarının qorunub saxlanılmasına xidmət edən amil kimi də qəbul oluna bilər.
Prinsip etibarilə, partiyaların maliyyələşməsi prosesini tam nəzarətə götürən iqtidar bunu qanunvericilik səviyyəsində həll edib. Siyasi mübarizənin effektliyini təmin edə bilməkdən ötrü bu istiqamətdə ciddi islahatlara ehtiyac yaranır. Belə ki, qanuna görə, siyasi partiyalar qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları maliyyə hesabatına daxil etməlidirlər.
Nəzərə alsaq ki, müxalifət partiyaları üzvlərinin əhəmiyyətli hissəsi hakimiyyətin təqibləri ilə üzləşdiklərindən 20 ildən çoxdur ki, ölkənin “işsizlər ordusu”nun “əsgərləri”nə çevriliblər, üzvlük haqları hesabına partiyaların maliyyə problemlərini həll etməsi mümkün görünmür.
Müxalifət partiyalarına hansısa oliqarx tərəfindən yardım edilə bilməsi ehtimalı və kənar ianələr hesabına fəaliyyət göstərə bilməsi isə ümumiyyətlə, ağlabatan deyil.
Siyasi partiyaların maliyyələşməsi məsələsindən hakim Yeni Azərbaycan Partiyasından başqa hamı narazıdır – beynəlxalq təşkilatlar, müxalifət, “konstruktiv müxalifət”, hətta iqtidaryönlü siyasi təşkilatlar.
İlk baxışdan bu məsələdə dünya təcrübəsindən bəhrələnmək yerinə düşərdi. Lakin burada da bəzi problemlər ortaya çıxır. Demokratik ənənələri olan ölkələrdə siyasi partiyaların üzvlərinin sayı, onların ölkədə keçirilən seçkilərdə iştirakı, səsvermələrdə aldıqları səslərin sayı, parlamentdə təmsilçilik səviyyəsi və cəmiyyətdəki nüfuzu əsas amillərdən sayılır.
Azərbaycanda isə hamının, heç olmasa çoxluğun nəticələrini şübhə altına almadıqları bir seçki belə keçirilməyib.
Bu gün parlamentdə təmsil olunan siyasi partiyalar, YAP istisna olmaqla, cəmiyyətdə yetərincə sosial bazaya və proseslərə təsir etmə gücünə malik olmayan siyasi qurumlardır. Azərbaycanda keçirilən son parlament seçkilərinin nəticələri cəmiyyətin mühüm bir hissəsi tərəfindən şübhəyə alınmaqla yanaşı, partiyaların Milli Məclisdə təmsilçilik prinsipinə görə maliyyələşməsinə də imkan vermir.
Ümumilikdə isə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi siyasi mübarizəni küçə və meydanlardan parlament daxilinə transfer edə bilər.
Siyasi partiyaların müxtəlif fondlar, şəxslər və təşkilatlar, xüsusilə də xaricdə olan qurumlar tərəfindən maliyyələşdirilməsinin qarşısını almaq üçün də onların dövlət büdcəsindən sürəkli maliyyə dəstəyi almaları şərtdir. Lakin bu zaman ədalət prinsipinin gözlənilməsi son dərəcə mühümdür.

Təkpartiyalı siyasi sistemin qurulması bir çox beynəlxalq təşkilatlara üzv olan Azərbaycan üçün elə də asan başa gələn məsələ deyil. Düzdür, hakimiyyətdə olan bəzi şəxslər Azərbaycanda ikipartiyalı siyasi sistemin formalaşması istiqamətində addımlar atırlar.