Təkliflər çantasında gətirilənlər

Avropa rəsmiləri və rusların Bakıya səfərləri nəyin xəbərçisidir?

Source:


Avropa rəsmiləri və rusların Bakıya səfərləri nəyin xəbərçisidir?

Rusiya və Avropa siyasi dairələrinin təmsilçiləri “məxfi qovluqlar”ın saxlanıldığı çantalarla Bakıya tez-tez səfər etməyə başlayıblar.

Azərbaycan geosiyasi baxımdan önəmli fiqura çevrilir. Bakıdan konkret təkliflərə münasibət bildirmək tələb edilir. Azərbaycan hakimiyyəti isə hələ də “açıq qapı” siyasətinə üstünlük verir. Lakin artıq limit bitib və Bakı seçimini etmək zorundadır. Məsələ ondadır ki, ABŞ-ın Azərbaycanda hərbi bazalara sahib olmasını zəruri edən planlar mövcuddur. Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi ABŞ qoşunlarının Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır.

Yaxın Şərqdəki son proseslər, Suriya, Əfqanıstan, İraq problemləri, İran – Qərb yaxınlaşması, Rusiyanın Azərbaycan və Gürcüstana hərbi müdaxilə təhdidləri də ABŞ qoşunlarının ölkəmizə gəlişini xeyli dərəcədə aktual edir. Lakin bu məsələdə rəsmi Bakının razılığının alınması problematik görünür. Azərbaycan hakimiyyətinin belə bir qərara razılıq verməsi, Moskvanın qəzəbinə səbəb ola bilər, odur ki, Bakıya Vaşinqton tərəfindən kompensasiya ödənməlidir. Azərbaycan hakimiyyəti üçün kompensasiya ölkənin təhlükəsizlik məsələləri deyil, iqtidarı möhkəmləndirmək və demokratiya tələblərini azaltmaqdan ibarətdir. Azərbaycana yeridiləcək ABŞ qoşunları isə, ilk növbədə, Xəzər dənizində (Rusiya, İran və Türkmənistanla sərhəddə), Dağıstanla sərhəddə, Cənub bölgəsində və xüsusən də Rusiyanın hərbi nəzarətində olan işğal edilmiş Qarabağ ərazilərində yerləşdirilə bilər. Əslində, Bakının küncə sıxılmasında da bu amil əsas elementə çevrilib. Əgər, Bakı buna razılıq verərsə, seçkidən dərhal sonra Rusiyanın təzyiqləri ilə üzləşə bilər. Qərbin təzyiqləri üçün daha çox imkan mövcuddur. Bakı insan haqlarını kobudcasına pozan ölkədir və odur ki, Azərbaycan hakimiyyətini beynəlxalq aləmdən təcrid etmək elə də çətin deyil. Hesablamalara görə, növbəti prezident seçkiləri iqtidar üçün olduqca çətin ola bilər. Həmin seçkilər zamanı iqtidara alternativ olanlar daha cəlbedici görünə bilərlər. Bütün bu oyunlarda Azərbaycan kiçik oyunçudur. Odur ki, Azərbaycan hakimiyyətinin rolunu həddən ziyadə şişirtməyə də ehtiyac yoxdur. Hakimiyyəti iflic vəziyyətinə salmaq Qərb üçün elə də çətin deyil.

ABŞ üçün əsas maraq enerji daşıyıcılarına sahib çıxmaq, Suriya və Yaxın Şərqə nəzarəti ələ keçirməkdir və bu müstəvidə rəsmi Bakı yanlışlıqlara yol verərsə, müxalifət daha gözəl tərəfdaş ola bilər.  İqtidar isə artıq ciddi səhvlərə yol verməkdədir. Proqnozlara görə, rəsmi Bakı Qərbin təzyiqləri artacağı halda Rusiya ilə anlaşmağa gedəcəyini nümayiş etdirir. Əgər Azərbaycan hakimiyyəti Kremlin şərtlərini qəbul edərsə, ABŞ-ın Yaxın Şərqlə bağlı planları alt-üst ola bilər. Bu isə Vaşinqtonun ciddi təzyiqlərinin başlanması deməkdir.

Hesablamalar onu deməyə əsas verir ki, 2016-cı ildə hakimiyyət təzyiqlərdən xeyli zəifləyəcək. Lakin qarşıdan gələn iki il – 2017 və 2018-ci illər Azərbaycan hakimiyyəti üçün xüsusilə çətin olacaq. Mövcud iqtidarın “açıq qapı” siyasətinin davamlılığına verilən vaxtın artıq başa çatdığını nəzərə alsaq, 2018-ci ildə seçki saxtakarlığına əl atmaq rəsmi Bakı üçün son nəticədə ağır fəsadlar törədə bilər.

Azərbaycan hakimiyyəti seçim qarşısındadır. Ya Rusiyanın SSRİ-ni yenidən bərpa planına tərəfdar olmalı, ya da NATO – ya “hə” deməlidir. Milli demokratik qüvvələrin Avroatlantik məkanla inteqrasiya tərəfdarı olmasını nəzərə alsaq, Qərb üçün müxalifət yaxın aylar ərzində daha cəlbedici ola bilər.

 Diplomatiyada məğlubiyyətə uğrayan rəsmi Bakı göstərir ki, Azərbaycan Kreml tərəfindən Qarabağ cəbhəsində müharibəyə sövq edilir. Müharibə isə Qərbin maraqlarına cavab vermir. Ən azı enerji daşıyıcılarının təhlükəsizliyi baxımından Qərb buna razı olmaz. İlk baxışdan Rusiya belə bir lokal müharibədə maraqlıdır. Lakin tərəflərə təzyiqini saxlaya bilməkdən ötrü Moskvaya status-kvonun saxlanılması daha önəmlidir. Odur ki, irimiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz. Düzdür, rəsmi Bakı bütün cəbhə boyunca müharibəyə başlamağa şirnikləndirilə bilər. Lakin Rusiyanın forpostu olan Ermənistana yardım etməyəcəyinə heç kəs zəmanət verə bilməz. Hərbi müttəfiqi olan Ermənistanı müdafiə etməkdən ötrü Rusiya Azərbaycanı sülhə vadar edə, bundan sonra isə rəsmi Bakı separatçı “DQR”-in şərtlərini qəbul etməyə məcbur edilə bilər. Belə acı məğlubiyyətdən sonra isə eyni şəxsin 2018-ci ildə artıq dördüncü dəfə prezident seçkilərinə qatılması ağlasığmaz olardı. Deməli, Bakının müharibəyə hazırlaşması barədə deyilənlər taktiki gedişlərdən başqa bir şey deyil.

Bu baxımdan hakimiyyətin davranışı çoxsaylı suallar doğurur. Belə ehtimallar da var ki, Rusiyanı təzyiqlərə təhrik etmək rəsmi Bakının manevrləridir. Belə ki, iqtidar daim coğrafi şəraitindən yaraqlanaraq, “düşmən qonşular” əhatəsində yerləşdiyini Qərbə nümayiş etdirib və bunun dividentini qazanıb. Hazırda isə Qərbin Azərbaycana təzyiqlərinin arıtdığı bir zamanda yenidən Rusiya tərəfindən sıxıldığını, bunun isə ABŞ-ın enerji layihələrinə ciddi zərbələr endirdiyini göstərmək Bakının aldadıcı manevrləri ola bilər. Yəni Rusiya Qərbin enerji layihələrinin təminatçısı kimi çıxış edən Azərbaycan hakimiyyətini “bitirmək” istəsə, ikincinin rəsmi Bakıya dəstək verməkdən başqa yolu qalmır. Lakin görünən budur ki, Azərbaycan hakimiyyətini bitirmək məsələsində Rusiya və Qərb eyni düşünür…

Ana səhifəAnalitikaTəkliflər çantasında gətirilənlər