Təhdid edən şəxs jurnalistdən üzr istədi

“Özümdən asılı olmayan səbəbələrə görə yaranmış bu vəziyyətdən peşmanlıq hissi keçirir və üzrxahlıq edirəm”

Source:
Aynur Elgünəş, foto: sosial şəbəkə
Aynur Elgünəş, foto: sosial şəbəkə


“Özümdən asılı olmayan səbəbələrə görə yaranmış bu vəziyyətdən peşmanlıq hissi keçirir və üzrxahlıq edirəm”

Jurnalist Aynur Elgünəşi təhqir və təhdid edən Cənnət Cənnətov adlı şəxs ondan ictimai şəkildə üzr istəyib. Bu barədə o, təsisçisi olduğu Azərbaycan İnformasiya Agentliyində (aia.az) “Səmimi etiraf” adlı yazı paylaşıb. Cənnət Cənnətov yazıb:

“04.10.2016-cı il tarixində təqribən axşam radələrində şəxsi problemlərimlə bağlı əsəbi olduğum bir vaxtda tanımadığım bir nömrədən mənə zəng olundu. Düzü, əvvəl zəngin kim tərəfindən olduğunu bilmədim. Mən özüm ona zəng etdim, özümdən asılı olmayaraq qeyri-etik ifadələr işlətdim. Sonradan bildim ki, həqiqətən zəng etdiyim şəxs jurnalist həmkarım Aynur Elgünəşdir. Telefonda nə özümə, nə də xanıma yaraşmayan ifadələr işlətdiyimə görə mənəvi əzab keçirdim. Aynur xanım həmkarım olsa da, onunla aramızda bugünə kimi heç bir ziddiyyətli, mübahisəli problemimiz olmayıb. Özümdən asılı olmayan səbəbələrə görə yaranmış bu vəziyyətdən peşmanlıq hissi keçirir və üzrxahlıq edirəm”.

Oktyabrın 4-də Aynur Elgünəş təhdid olunması və bununla bağlı DİN-in 102 xidmətinə zəng etməsi ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, bir şikayət əsasında Cənnət Cənnətova zəng edib və sual verib. Bundan qəzəblənən şəxs ona bir neçə dəfə zəng vuraraq, təhdid və təhqir edib. Jurnalist DİN-in 102 xidmətinə zəng etdikdən sonra problem Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırılıb.

Ana səhifəXəbərlərTəhdid edən şəxs jurnalistdən üzr istədi