Yasamal Məhkəməsinin hakimi Bəhruz Bayramovdan şikayət edib
Dekabrın 10-u tanınmış vəkil Bəhruz Bayramov Vəkillər Kollegiyasına çağırılıb.
Çağrılmasına səbəb Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət etməsidir. Hakim şikayət məktubunda bildirib ki, vəkil qəsdən prosesi ləngidir və üzrsüz səbəbdən məhkəmədə iştirak etməkdən yayınır.
Moderator.az saytının məlumatına görə, vəkil Bəhruz Bayramov hakimin ittihamlarıyla razılaşmır və izahatında bildirib ki, azyaşlı övladı ciddi xəstəlikdən əziyyət çəkir və Azərbaycanda müalicələrinin nəticəsizliyi onun məhkəmə prosesinin təyin olunduğu günlərdə Türkiyəyə üz tutmasına səbəb olub. O bununla bağlı proses iştirakçılarına, konkret olaraq hüquqlarını qoruduğu Milli Şuranın hüquq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə məlumat verib. Proses zamanı Gültəkin xanım bu barədə hakimi məlumatlandırsa və prosesin davam etdirilməsini istəsə də hakim bununla razılaşmayıb və nəticədə Vəkillər Kollegiyasına iki səhifəlik şikayət ərizəsi ilə müraciət edib.
B.Bayramov sayta bildirib ki, Vəkillər Kollegiyası sədrinin müavininə yazıb verdiyi izahatında azyaşlı uşağının xəstəliyini göstərib, bununla bağlı müvafiq sənədləri və Türkiyədə müalicə kursu keçməsiylə bağlı məlumatları təqdim edib. Vəkilin bildirdiyinə görə, onu VK-da isti qarşılayıblar və övladının tezliklə sağalmasını arzulayıblar.
B.Bayramovdan başqa G. Hacıbəylinin hüquqlarını qoruyan digər vəkil Elçin Sadıqovla bağlı da adıçəkilən hakim Vəkillər Kollegiyasına anoloji şikayət məktubu göndərib. Amma E. Sadıqov hələlik gedib rəsmi izahat yazmayıb. Elçin Sadıqovun da övladı ciddi xəstəlikdən əziyyət çəkir və o da başı övladının müalicəsinə qarışması səbəbindən həmin prosesdə iştirak edə bilməyib.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsində keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılır.