Taleh Bağırzadə inanclı insanların həbsinə etiraz edir

Taleh Bağırzadə. Foto: Meydan TV

“Hakimiyyətdən inanclı insanlara qarşı haqsız ittihamları dayandırmağı tələb edirik”

Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) hazırda həbsdə olan lideri Taleh Bağırzadə son bir həftədə inanclı insanların saxlanılması ilə bağlı açıqlama yayıb.

Taleh Bağırzadə Azərbaycanda anti-islam, xüsusi olaraq anti-şiə meyillərin uzun illərdir ki, mövcud hakimiyyətin gündəmində olduğunu deyir: “Bunun üçün ölkənin inanclılarına qarşı repressiv davranışlar zamanla bu və ya başqa formada təzahür etməkdədir”.

MBH sədri hesab edir ki, inanclıların cəmiyyətdə mənfi imicdə təqdimatı keçmişin təcrübəsidir:

“İllərdir ki, ruhanilərin narkotik maddələrlə şərlənərək həbsə atılması, inanclılara eyni töhmətin vurulması şəxsən öz təcrübəmdən yaşanan olaydır. Bu gün hadisənin belə geniş vüsət alması, “inanclı vahiməsi” – şiə əqidəsinin bir zamanlar cəmiyyətdə terrorçu-təkfirçi siyasi cərəyanına bənzər qorxunc imicə salınması planlı təxribatın şiəliyə, İslamın həqiqətlərinə vurulan ləkə olduğu tam çılpaqlığı ortadadır”.

Taleh Bağırzadənin sözlərinə görə, son kütləvi həbslər artıq bu işin sifarişli olmasını sərgiləyən sadə həqiqət idi:

“Narkotik ittihamı ilə şərləyib mediada “casus” kimi təqdimat isə bu işin arxasında dayanan qüvvələrin məkirli addımlarını gün kimi aydınladır. Bir də buna heç bir məhkəmə qərarı, araşdırma olmadan “casus” damğası vurmaq, İranla münasibətlərdə böhranı bəhanə edib əqidənin aşağılanmasına yönəli hiddət və nifrətdən başqa bir mənaya gəlmir”.

“Hakimiyyətdən inanc və inanclılara qarşı haqsız ittihamlar, qurama oyunlar və kütləvi həbsləri tezliklə dayandırmağı, şərləmə oyununa alət etdiyi dini inancın pak varlığına ləkə salmağa çalışdığı mənfur əlini çəkməyi tələb edirik. Unutmayın ki, əqidənin yaratdığı paklıq ruhunda pərvaz edən bu günahsız insanların həbsi öz oturduğu budağı kəsib yüksəklikdən aşağı yuvarlanan insanın aqibətini qaçılmaz edəcək”, – deyə Bağırzadə fikrini tamamlayıb.

Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilib.

2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu.

Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər.

Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.

O, müxtəlif ağır cinayətləri törətməkdə şübhəli bilinib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Sonra həmin həbsin müddəti daha 4 ay da uzadılıb. Daha sonra Taleh Bağırzadə həbsinin qanunsuz olmasından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ana səhifəSiyasətTaleh Bağırzadə inanclı insanların həbsinə etiraz edir